ABŞ-in “Time” jurnalı Ukraynadakı qarşıdurmaların mərkəzi sayılan Maydandakı radikal qüvvə olan “Sağ sektor” barəsində məqalə dərc edib.
Hərbiləşmiş qruplaşma olan “Sağ sektor” etirazlar zamanı daha çox marginal və aqressiv olmağı ilə seçilib. ABŞ Dövlət Departamenti bu qruplaşma haqqında “küçələrdəki vəziyyəti qızışdıranlar” ifadəsini işlədib. Onun lideri 42 yaşlı Dmitriy Yaroş “Time” jurnalının müxbirinə bildirib:
”Sağ sektor”un əlində “ölümcül” silah ehtiyatı var. Bizim bu silahımız Ukraynanı xarici işğalçılardan müdafiə etməyə tam yetər. ”Sağ sektor”un məqsədi hökumətlə danışıqlardan nəticə çıxmayacağı halda inqilab etməkdir.”
“Time” yazır ki, hələlik danışıqlar normal gedir və ölkə parlamenti konstitusiya islahatlarını müzakirə etməyə başlayıb, prezident isə növbədənkənar seçkilərə hazır olduğunu bəyan edib. Ancaq Dmitriy Yaroş bu danışıqlardan bir şey gözləmir. O deyir ki, bu mahnı və rəqslərin heç biri real dəyişikliyə yol açmayıb və küçə döyüşləri zamanı həbs olunanlar da azadlığa buraxılmayıb.
“Time” əlavə edir ki, əsas müxalifət liderləri də həbs olunanların azadlığa buraxılmasına cəhd etsələr də, hələlik bundan bir nəticə alınmayıb. Dmitriy Yaroşun prezidentlə şəxsi görüş tələbinə isə Yanukoviç imtina ilə cavab verib. Kliçko və onun tərəfdarları “Sağ sektor” ilə əlaqələri heç cür kəsə bilməzlər. Ona görə ki, bu radikal qruplaşmanın əsas funksiyası barikkadanın idarə edilməsi, ”Berkut”la döyüşmək, Ukrayna şəhərlərində hökumət binalarının zəbt edilməsi kimi özünəməxsus işlərdir. Yaroş deyir:
”Sağ sektor” özünün azadlıq ideallarına sadiqliyini sübut etdi. İndi bizə lazımdır ki, bu hərəkətlərimizi hakimiyyət mənbəyinə çevirək.”
”Time” nəşrinin fikrinə görə, istənilən ədalətli seçkilərdə “Sağ sektor”un bunu həyata keçirmək imkanı çox az ehtimal edilən məsələdir. Bu təşkilatın ideologiyası faşizmə yaxındır və onların baxışlarını çox az adam bölüşür. Ona görə də, belə bir kiçik qrupun parlamentdə yer götürməsi inandırıcı görünmür.
Onu qeyd etmək lazımdır ki, D.Yaroşun təşkilatı demokratik proseslərdə iştirak etmək barəsində heç düşünmür. Bu məsələ ilə əlaqədar Yaroş deyir:
“Biz siyasətçı deyilik. Biz inqilabın əsgərləriyik və ölkəni yeni istiqamətə aparacaq və heç kimdən asılı olmayan müstəqil, həqiqi gücə çevirə biləcək inqilab gözləyirik”.
Maydanda “Sağ sektor” kimi radikal qruplardan biri də ”Trizub” təşkilatıdır. Hal-hazırda Maydanda “Trizub” ”Sağ sektor”un nüvəsi rolunu oynayır. Onlar Rusiyanı özlərinin başlıca düşməni hesab edirlər. Ukraynadakı hadisələrdə Rusiyanın rolu barəsində Yaroş deyir:
“Rusiya sistematik və məqsədli şəkildə işğalçılıq siyasət aparır. Əlbətdə, biz ruslarla münaqişəyə hazır olacağıq. Əgər onlar buraya da Gürcüstandakı kimi burunlarını soxsalar, ağızlarından vuracağıq”.
V.Nəsibov


Şərhlər