Azərbaycan qurtulmalıdır!

Nurəddin İSMAYIL

25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd

Azərbaycan qurtulmalıdır:

Avtoritar hökmranlıqdan, siyasi hegemonluqdan, başında sümürücü nazirlər ordusunun durduğu, xalqı çapıb talayan qudururğan məmurlardan, əl öyrəşən rüşvətdən, dil öyrəşən yalandan, göz aldadan, mahiyyəti gizlədən görüntülərdən, səfalət içindəki üzüntülərdən, dövlətin varlığını sarsıdan korrupsiyadan, pozulmuş mənəviyyatdan, seçki saxtakarlığından, vəzifə hərisliyindən, feodal təfəkküründən, demokratik dəyərlərə arxa çevirməkdən, insan azadlıqlarına məhəl qoymamaqdan,

Azərbaycan qurtulmalıdır:

Qanunun gücünü dəyərdən salmaqdan, vətəndaşların vətən sevgisini içində çürütməkdən, milli sərvəti mədə dəyirmanında üyütməkdən, xalqın yazıq obrazını yaratmaqdan, şəxsi iradəni qanunlardan üstün tutmaqdan, sərbəst toplaşmanın qarşısını zor gücü ilə almaqdan, azad düşüncəni boğmaqdan, siyasi məhbus biabırçılığından, dılğır erməniyə yem olmaq rüsvayçılığından, öz qövmünə zülm etməkdən.

Azərbaycan qurtulmalıdır:

Xalqı qorxu altında saxlamaqdan, təslimçi sülhlə barışmaqdan, demokratiya görüntüsü verən yalançı sərəncamlarla demokratik dünyanı barmağına sarımaqdan, alternativ siyasi fikrə dözümsüz yanaşmaqdan, illərlə pərçimlənib vəzifədə qalmaq ehtirasından, totalitarizmin dünyanı bezdirən mirasından, özünə laqeydlikdən, millətinin taleyinə biganə qalmaqdan, vəzifədə səlahiyyət həddini aşmaqdan.

Azərbaycan qurtulmalıdır:

Bir qarın yeməyin qulu olmaqdan, mədəniyyətdən geri qalmaqdan, istismarçı kor zehniyyətdən, təkbaşına hakimiyyətdən, məhkəməsinin ədalətsiz hökmündən, polisinin şiddətli təzyiqindən, siyasi düşüncənin repressiya və işgəncələrə məruz qalmasından, akademik yaltaqlıqdan, idbar qorxaqlıqdan, istiqlalına xor baxmaqdan, tarixinə unutqan münasibətdən, mərdi qova-qova namərd edən kəmfürsətdən, torpaq şğalından, torpaq itkisi üzərində hakimiyyət quran siyasi dəllallardan, qaçqın-didərgin olmağın zəlalətindən, zəngin ölkədə miskin yaşamağın xəcalətindən.

Azərbaycan qurtulmalıdır:

Toylardakı israfçılıqdan, yaslardakı təmtəraqdan, qəbir bahalığından, insan ucuzluğundan, iqtisadi talançılıqdan, dövlət büdcəsinə əl qoyan kredit maxinatorlarından, yolsuzluğun baş alıb getdiyi məmləkətdə milyonların əridildiyi israfçı körpü və yol tikintisindən, tikilmişin məqsədsiz söküntüsündən, şəhərimizin görkəmini, canımızın rahatlığını pozan basmaqəlib göydələnlərdən,

Azərbaycan qurtulmalıdır:

Sayı bilinməyən vergi növündən, dövlət büdcəsini dağıtmaq ehtirasından, bahalaşan bazardan, ucuzlaşan insan həyatından, vəhşi kapitalizmin caynağından, fikrin, düşüncənin əsarətindən, generalları ruspərəst hərbçilərdən, hərbidəki qeyri-peşəkarlıqdan, material dünyanın əsiri olmaqdan, israfçılıqdan, rəqabətsizlik mühitindən, milli düşüncəni önləyən fərdi eqoizmdən, arsızlıqdan, ət tökən ucuz əyləncələrdən, gurultulu alqışlardan, bütpərəstlikdən, şəxsiyyətə pərəstiş mərəzindən, məzmunsuz həyat tərzindən.

Azərbaycan qurtulmalıdır:

Dərəbəylikdən, hərki-hərkilikdən, saxta müxalifətçilikdən, əzici hakimiyyətdən, ədalətsizlikdən, süstlük və ətalətdən, dünəninə yaddaşsızlıqdan, bu gününə sayqısızlıqdan, bayrağına, himninə vecsiz yanaşmadan, təbəçilikdən, kor itaətdən, zalıma boyun əyməkdən, haqsızlıqla barışmaqdan, yaltaqlıq uğrunda yarışmaqdan, türkün sevgili dilinə xor baxmaqdan, dilimizə yad dillər qatmaqdan, cansıxıcı televerilişlərdən, saxta ədəbiyyatdan, elmi bazarladıb satmaqdan, saxta müəlliflikdən,

Azərbaycan qurtulmalıdır:

Donuq ehkamlardan, yalançı demokratiyadan, milləti qapılar arxasında qoyan bürokratiyadan, gənc nəsli korlaşdıran təhsil sistemindən, təhsildəki yaramazlıqlardan, hər cür imkanlar içində həkimini ən aşağı maaşa oturdan və rüşvətə sürükləyən səhiyyədən, səhiyyədəki qəssablıqdan, ahəngi pozulmuş cəmiyyətdən, mədəniyyət pərdəsinə bürünmüş mədəniyətsizlikdən, yol-hərəkət qaydasızlığından, qulaq dağıdan maşın siqnallarından, bazar pintiliyindən, kəskin qütbləşmədən, monopoliyadan.

Azərbaycan qurtulmalıdır:

Səriştəsiz xarici siyasətdən, millətini əzməyə yönələn daxili siyasətdən, səlahiyyətsiz bələdiyyədən, məhdudiyyətsiz icra hakimiyyətindən, sifarişli nəhkəmədən, respublikaçılığa zidd hərəkətlərdən, ictimai nəzarətsizlikdən, hakimiyyyətin mərhəmətinə sığınan mətbuatdan, əksəriyyət tərkibi hakimiyyət yönümlü vəkillər kollegiyasından, hüquqi nihilizmdən, regionçuluqdan, anti-regionçuluqdan, mənəvi aşınmadan, ekoloji fəlakətdən, yaşıllıqların soyqrımı siyasətindən, kəndin şəhərə axınından, şəhərin arxitekturasını korlayan yöndəmsiz tikililərdən, balansı tükənən balanslaşdırma siyasətindən.

Azərbaycan qurtulmalıdır:

İmperiya xislətli Rusiyaya qucaq açmaqdan, Avropaya avtoritar kəllə atmaqdan, İrana tumar çəkməkdən, Türkiyə ilə yeri gəldi-gəlmədi hesab çəkməkdən, illərlə uzadılan Qarbağ problemindən, diplomatik uğursuzluqdan, rüşvət şkalasında birincilikdən, demokratik göstəricilərdə axırıncı olmaqdan, etiqadsızlıqdan, ateist baxışdan, dini dəyərləri kəsərdən salmaqdan, siyasəti dinin gözünə qatmaqdan.

Azərbaycan qurtulmalıdır:

Sərt inzibatçılıqdan, təfəkkürü qocalmış nazirlər kabinetindən, yanlış kadr siyasətindən, özünə yad olmaqdan, özgəsinə qul olmaqdan, sadəlövhlükdən, siyasi korafəhmlikdən, faili muxtarlıqdan dönüb, hər işi qəzavü-qədərin ixtiyarına buraxmaqdan, iradəni, azad düşüncəni qısırlaşdırmaqdan, yatmağa meylli süst bədən içində döyüşkən ruhunu boğmaqdan və bütün bu neqativləri pərdələyən saxtakar bəyanatlardan.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar