"Hər hansı bir siyahıdan kənar qalmamışam"
Qarşıdan gələn parlament seçkilərində iştirak üçün yenidən namizədliyini irəli sürməyən deputat Ceyhun Osmanlı bundan sonrakı planları bağlı fikirlərini Modern.az saytına açıqlayıb.
O, qeyd edib ki, bundan sonra da hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq, məqsədi həmişə Heydər Əliyev siyasətinə, Azərbaycan dövlətinə və ümumilikdə ölkənin inkişafına dəstək vermək olacaq.
“Yəni dünyanın harasında fəaliyyət göstərəcəyimdən asılı olmayaraq, ömrümün sonuna kimi bu siyasətə sadiq qalacam və harada olmağımdan asılı olmayaraq mütləq şəkildə, birbaşa və dolayısı ilə Azərbaycanla bağlı olacam.
Demək istəyirəm ki, Milli Məclisə keçirilən ötən seçkilərə öz təşəbbüsümlə qatılmışdım. Bu dəfə də öz təşəbbüsümlə namizədliyimi irəli sürmədim.
Yəni hər hansı bir siyahıdan kənar qalmamışam. Heç vaxt siyahı ilə namizədliyim təqdim olunmayıb, çünki heç bir partiyanın üzvü olmamışam və indi də deyiləm. Bu dəfə seçkilərə qatılmamağımın çox sadə səbəbi var, növbəti 5 il üçün millət vəkili olmaq istəmədim”.
Ceyhun Osmanlı onu da deyib ki, bu gün bəzi insanların vəzifədən uzaqlaşdırıldıqdan sonra və ya bir dəfə deputat olub sonra seçilmədiklərinə görə dövlətdən incimələrinə təəssüflənir.
“Bəzən insanlar bir yerə vəzifəyə təyin olunurlar, çıxarılanda dövlətdən inciyir, bir dəfə millət vəkili olurlar, ikinci dəfə seçilməyəndə hakimiyyətdən inciyirlər. Mən şəxsən buna qarşıyam . Çünki dövlət mənim üçün valideyndir. Bu valideyn bizi yetişdirir. Təbii olaraq hər birimiz istəyərik ki, valideyn hər zaman yanımızda olsun. Amma valideyn yaşlaşa da bilir, bəzən imkanı olmur kömək etsin və ya səni sərbəst buraxır. Bir dəfə millət vəkili seçiləndə dövlət yaxşı olur, seçilməyəndə pis? Bu, qəbuledilməzdir. Mənim üçün Azərbaycan dövləti həmişə yaxşıdır və hesab edirəm ki, ona hər zaman borcluyam ki, məni yetişdirib”.


Şərhlər