Rüfət Əhmədzadə
(“Seçilənlər” silsiləsindən 6-cı yazı)
Parlament seçkilərinə hələ 2 həftəyə yaxın vaxt qalıb, amma qərara aldım ki, “Seçilənlər” silsiləsini elə bu yazı ilə bitirim. Əlbəttə ki, yenə də yazacağam, sadəcə özüm də çaşıb qalmışam, kimi seçirik, hara seçirik, niyə seçirik?
Azərbaycan ömründə belə sönük seçki dövrü yaşamamışdı. Sanki devalvasiya şilləsindən sonra üstümüzə çökən Avropa Oyunları bütün həvəsimizi, enerjimisi sovurub getdi.
Yalan-pışdan atdanıb-düşənlər də əvvəlki kimi fəal görünmürlər.
Di gəl ki, yalan-pışdan namizəd olanlar da az deyil. Kim nəyə ümid edir bilmirəm, amma reklam olunmaq, tanınmaq üçün İTV-nin 4 dəqiqəsinə qalan adamlar var. Fakt – bu seçkilərin necə keçiriləcəyi və təxminən kimlərin parlamentə düşəcəyi də bəllidir. Keçən seçkilərdə bəzi sürprizlər oldu, çünki bir-biri ilə rəqabət aparan, müqayisə olunası namizədlərə çox az da olsa rast gəlmişdik. Lakin bu seçkilərin sürprizsiz keçəcəyi elə imzatoplama sonrasında bilindi.
Kimlərinsə namizədliyi təsdiqlənmədi, kimlərsə geri götürdü.
Bəziləri isə tərəddüdlə (yuxarıdan xeyir-dua alana qədər) gah dedi seçkilərə gedirəm, gah dedi getmirəm... Sonda isə ortaya sükut çökdü.
Oyun üçün, pul qazanmaq üçün də seçkilərə gedənlər var. “Rəqib qarşısında gücə çevrilmək” – qarşı tərəfdən sanballı məbləğ qoparmaq deməkdir.
Lakin o güc nümayişi də əvvəlki kimi deyil.
Bir-iki ay əvvəl “Facebook”da bir az aktivlik hiss olundu. Bəzi deputatlar və onların ətrafı əl-ayağa düşmüşdü. “Gir bizim müəllimin şəklinin altında yaxşı sözlər yaz” kimi mesajları gündə 10 dəfə alırdım.
Sonda məlum oldu ki, bu işin də arxasında elə “bəzi deputatlar” var imiş. Yuxarıları öz əhəmiyyətlərinə inandırmaq üçün sosial şəbəkədə “fon” yaradırdılar.
İndi isə növbə onlayn səsvermə saytlarındadır. Kimin hara əli çatırsa, orda özünü reklam etdirir.
Bir az tanınan, iki-üç məmurun başına pul dolayıb razı saldığı bəzi jurnalist həmkarlarımız da ümidlənib.
Xalalardan, bibilərdən, hətta civilərdən də səs istəyir, “saytı partlatmağı” xahiş edirlər.
Dairələrdə isə nə görüşlər keçirilir, təbliğat gedir, nə də seçicilərdə o həvəs görünür.
Ancaq məntəqələrdə çalışan insanlar üçün müəyyən stimul var.
Seçkilər 5-10 manat çörəkpulu deməkdir. Kimi halal olaraq maaş kimi alacaq bunu, kimi isə müəyyən şəxslərdən “hörmət” kimi.
Seçkiqabağı sönüklüyü birtəhər yola vermək olar, amma çox narahatam, bu sönüklük MSK ilə çiyin-çiyinə ölkəmizə xidmət edən təhsil işçilərimizə də təsir etməsin, bülletenləri ürəklə topalasınlar.
Karusellərdə həvəslə dövrə vursunlar.
Və arada gülümsəmək lazımdır... Gördün ki, müqavimət göstərə bilmirsən, çalış ləzzət alasan.
Virtual deputatları isə indidən təbrik edirəm. Qutudan nə çıxacaq, önəmli deyil.
Real deputat indi qəhət olub, nə edək?!

Şərhlər