Artıq bir neçə ildir ki, tıxaclar Bakıda əsas problemlərdən birinə çevrilib. Əvvəllər tıxaclar yalnız mərkəzdə və pik saatlarında olurdusa, indi şəhərin istənilən yerində, istənilən saatda tıxaclara rast gəlinir. Bu barədə çox yazılıb, çox deyilsə də, problemin həlli yolunda irəliləyiş müşahidə olunmur. Bunun səbəbləri, əlbəttə, çoxdur.
Təmir-tikinti işlərinin həcminin və yeni avtomobillərin sayının artmasını, yeni körpülərin inşasını, şəhərə miqrantların axınını, mikroavtobusların plansız və özbaşına hərəkətini tıxacların yaranmasının əsas səbəbləri hesab etmək olar. Bundan başqa trolleybus və tramvayların ləğvi, dar yollar, yol planlaşdırması işinin qeyri-dəqiqliyi, sürücülərin yol hərəkəti qaydalarını bilməməsi, avtomobillərin dayanacaqlardan kənar yerlərdə saxlanması, dayanacaq və qarajların azlığı, əhalinin mərkəzə doğru meyli və daha onlarca səbəb bu problemi daha da kəskinləşdirir.
Tıxacların yaranmasının ən əsas səbəblərindən biri də onsuz da dar olan küçələrdə özbaşına və qanunsuz şəkildə aparılan tikililərdi. Belə tikililər bəzi yolların qismən və ya tam tutulmasına səbəb olur ki, bunun nəticəsində də paytaxta nəqliyyatın hərəkəti daha da ağırlaşır.
Belə tikililərdən biri də Feyzulla Qasımzadə və Süleyman Rüstəm küçələrinin kəsişməsində aparılır. İnşası davam edən binada aparılan işlər, qanunsuz artırmalar onsuz da dar olan küçədə avtomobillərin hərəkətini daha da çətinləşdirir. Bununla bağlı bir neçə ay əvvəl qonşuluqda yaşayan sakinlər Baki Şəhər İcra Hakimiyyətinə tikintinin icazəsiz yola doğru çıxdığı haqda şikayət etmişdilar. Bundan sonra binanın küçəyə doğru irəliləmək istəyən birinci mərtəbəsinin çıxıntısı sökülmüşdür.
Amma üstündən bir müddət keçdikdən sonra həmin çıxıntını yenidən tikməyə başlayıblar. Bu dəfə camaatın etirazlarına da məhəl qoymurlar. Hətta Baki Şəhər İcra Hakimiyyətinin "haqqını" verdiyini iddia edirlər. Bu nə qədər doğrudur, bilmirik. Ancaq küçədə yaşayan insanlar yolun bağlanmasına səbəb olan tikintinin davam edəcəyi təqdirdə etiraz aksiyasına başlamaq niyyətindədirlər.
Mövzunu diqqətdə saxlayacağıq.
Həmin tikintinin fotolarını təqdim edirik:


[caption id="attachment_162450" align="alignleft" width="640"]


Şərhlər