Xalq artisti, “Şöhrət” ordenli aktrisa Afaq Bəşirqızının oğlu Səmral Təhməzov nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “M.Trans” MMC-nin rəhbərliyinə gətirilib.

AzNews.az xəbər verir ki, S.Təhməzov bundan sonra avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən “M.Trans” MMC-yə rəhbərlik edəcək.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, o, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət edir.

Xalq artisti Afaq Bəşirqızı AzNews.az-a açıqlamasında oğlu S.Təhməzovun işləri barədə danışmaq istəmədiyini deyib: “Mənim oğlum heç kəsi maraqlandırmasın. Anlamıram, kimin nəyinə lazımdır? Mətbuat məni bezdirib”.

Xatırladaq ki, “M.Trans” MMC Anar Məmmədova məxsus “Garant Holding”ə daxil olan şirkətlərdən biridir.

MMC-yə bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qohumları – qardaşı və baçısı oğlanları rəhbərlik edib.İndi "M Trans"ın başına xalq artistinin oğlunun keçməsi şirkət işçilərinin də təəccübünə səbəb olub.

Bəzi mənbələr bunu şirkətin faktiki olaraq Anar Məmmədovdan alınması ilə bağlayırlar.

"Azərfaks"A S.Təhməzovun nəqliyyatçı olmadığını deyən mənbə onun polis orqanlarında çalışdığına dair məlumatlar dolaşdığını bildirib və əlavə edib ki, bu təyinatın konkret olaraq Məmmədovlara aidiyyətinin olub-olmadığı məlum deyil. Mənbənin sözlərinə görə, "M Trans" MMC-nin fəaliyyəti hazırda araşdırma predmeti olduğundan S.Təhməzovun şirkətə rəhbərlik etməsinin Məmmədovların iradəsinə söykənmədiyini də ehtimal etmək olar: "Bu barədə konkret nəsə demək çətindir. Çünki hazırda nəqliyyat sistemində çox qarışıq bir vəziyyət yaranıb".

Qeyd edək ki, "M-Trans" Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

"M-Trans" MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən "Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün" verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün "M-Trans" MMC-yə müvafiq lisenziyalar verilib.

2005-ci ildən isə "M-Trans" MMC avtovağzal xidməti də göstərir. Şirkət Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edir. Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yanaşı, Ucar, Ağsu, Quba və sairə rayonlarındakı avtovağzallar da "M Trans" MMC-nin nəzarətindədir.