Menu

Ərdoğan və Putini Suriyada birləşdirəcək məqamlar - TƏHLİL

22.10.2015, 22:52
Ərdoğan və Putini Suriyada birləşdirəcək məqamlar - TƏHLİL

Suriya prezidenti Bəşər Əsədin gizli şəkildə Rusiyaya səfəri dünya mətbuatında geniş müzakirələrə səbəb oldu. Əsədin Vladimir Putinlə danışıqları mətbuatda Rusiyanın Suriyaya dəstək nümayişi kimi əks olundu. Putin Əsədin “beynəlxalq terrorizmə qarşı müqavimətindən” danışdı, Əsəd isə Putinin dəstəyindən razılıq etdi.

Lakin bu görüşün əslində başqa məqamlara söykəndiyini də deyənlər var.

Ekspertlərin fikrinə görə, görüş zamanı birgə əməliyyatlarla yanaşı, Suriyada hakimiyyətin tədricən digər siyasi qüvvələrə verilməsi də müzakirə olunub və əsas məqsəd də məhz bu “keçid dövrü”nün aydınlaşmasından ibarətdir. Görüşdən sonra Fransa prezidenti Fransua Ollandın açıqlaması da diqqəti çəkdi: “Ümid edirəm ki, Putin Əsədlə görüşündə onu getməyə razı sala biləcək”.

O, Əsədi dəstəkləmək yönündə istənilən addımı yolverilməz saydığını bəyan edib. Həmçinin bu görüş Vaşinqtonda da narahatlıqla qarşılanıb.

Putinin nəzərdə tutduğu “uzunmüddətli nizamlanma” bütün tərəflərin iştirak edəcəyi siyasi prosesdir. Bu prosesdə heç də bütün tərəflərin iştirakı gözlənilmir. Səudiyyə Ərəbistanı Krallığının Rusiya ilə müəyyən kompromisə meyilli görünməsi gərginliyi bir qədər azaltsa da, Rusiyanın əməliyyatlara qətiyyətlə davam etməsi və Əsəd qoşunlarının əks-hücuma keçməsi sonradan narahatlığı daha da artırdı.

Suriyada kompromis yönündə danışıqların Moskvada keçirilməsinə razılıq verilsə də, Qərb Rusiyanın Əsəddən vaz keçəcəyinə inanmır.

“Gulf State Analytics”in iddiasına görə, Putin Əsədi Moskvaya hakimiyyəti necə qoruyacağını və keçid prosesini necə aparacağını izah etməyə çağırıb.

Qərb və ABŞ liderlərinin Əsədi Suriyadakı müharibəyə görə yeganə səbəbkar saymasına baxmayaraq, “dərhal gediş” məsələsində yumşalma Rusiyanın bu ölkədəki varlığını möhkəmlətməsi üçün şans yaradır. “Planlı tədricən gediş” məsələsi isə qüvvələrin yenidən şəkilləndirilməsi təqdirində mümkün ola bilər ki, burda hansı tərəfin hansı səviyyədə güc formalaşdırmasından, strateji üstünlükdən asılıdır.

Müharibə şəraitində və əksər Suriya torpaqlarının terrorçuların nəzarətində olduğu vaxtda Bəşər Əsədin ölkədən çıxması böyük risk idi. Vətəndaş müharibəsindən sonra, Suriya ancaq İran və Rusiya ilə qarşılıqlı səfərlər gerçəkləşdirir, prezident səviyyəsində isə Moskva səfəri son 4 ildə yenilik sayıla bilər.

Putinin Əsədlə görüşdən sonra dərhal Ərdoğanla telefon söhbəti aparması da onu göstərdi ki, Türkiyə ilə də razılaşmalı bəzi məqamlar var və Ankara regionda əsas NATO oyunçusu olmaqla proseslərə istiqamət verə bilər.

Ərdoğan və Putin arasında razılıq əldə olunubmu?

Bunu demək çətindir. Baş nazir Əhməd Davudoğlunun bu səfərdən sonra Əsəd haqqında sərt açıqlamaları da, bəzi ekspertlərə görə seçkiqabağı pafosdan başqa bir şey deyil və AKP hökuməti müəyyən vaxt kəsimində Əsədin qalması ilə barışacaq.

Qərb və Türkiyə istəməsə də, hələ yaxın 2 il ərzində Dəməşqdəki rejimin mövcudluğu ilə barışmalı olacaq. Rusiya əməliyatları bir həftə sonra bitirsə belə, əsas strateji nöqtələrin zərərsizləşdirildiyi və terrorçuların da, müxalifətin də ciddi itkilər verdiyi şübhə doğurmur.

Böyük Britaniyanın Rusiya ilə əməkdaşlıqdan, informasiya mübadiləsindən imtina etməsi də hazırkı məqamda vaxt qazanmaqdan fərqlənmir. Çünki Rusiya və Əsədin qüvvələri irəlilədikcə, Qərbin Suriyada söz sahibliyi də azalır.

Ərdoğan hakimiyyətinin “Müsəlman qardaşları”nı və sünni müxalifəti dəstəklədiyi şübhə doğurmur. Lakin Suriya türkmənlərinin taleyi və kürd qruplarının güclənməsi baxımından da, Ankaranın öz maraqları var. Və bu maraqlar heç də Qərb ölkələrinin maraqları ilə üst-üstə düşmür. Digər tərəfdən, qaçqın axını Türkiyəni və Avropanı da narahat edir və Rusiya ilə bütün mümkün variantlarda razılaşmaq prioritetə çevrilib.

Hazırdakı situasiyanı nəzərə aldıqda, ABŞ-ın müxalif ərəb və kürdləri silahlandıraraq əsas cəbhə yaratmaq istəyi də Türkiyə ilə Rusiyanı yaxınlaşdırmağa sövq edir. Çünki Türkiyə müharibənin və silahlı mübarizənin daha çox davam etməsindən narahatdır. Bu müharibənin Türkiyə sərhədlərində getməsi Ankaranın təhlükəsizlik maraqlarına ziddir.

Belə olduğu təqdirdə, Ərdoğan və Putinin razılaşacağı bəzi nöqtələr var.

Birincisi – Əsəd rejiminin və ələvi klanının keçid mərhələsi ilə də olsa hakimiyyətdən getməsi və koalisiyon hökumətin, ya da federal xarakterli idarə quruluşunun formalaşması. Bu, İranın maraqlarına cavab verməsə də, Rusiya üçün əsas olan Suriyadakı hərbi mövcudluq və strateji üstünlüyü qarant altına almaqdır.

İkinci əsas məqam isə Suriyanın şimalında “təhlükəsiz bölgə”nin və Türkmən Muxtariyyətinin formalaşmasıdır.

Üçüncüsü, İsraillə və ərəb monarxları ilə münasibətləri çox da gərginləşdirmədən, islamçı siyasi qrupların ölkənin ictimai-siyasi həyatına və dövlət strukturlarına qaytarılması, sünni təmayüllü partiya və təşkilatlar üçün münbit şəraitin yaradılmasıdır.

Dördüncü məqam olaraq isə, təbii ki, kürd terrorçularının Suriyada möhkəmlənməsinin qarşısını almaq məsələsi ortaya çıxır ki, bu istiqamətdə Türkiyə də, İran da, Rusiya da, Əsəd rejimi də ortaq maraqlar tapa bilər. Suriyada kürd amilinin güclənməsi həm İranın, həm də Türkiyənin təhlükəsizliyini kölgəyə salır. Digər tərəfdən isə İraqın şiə hökumətinin ölkəyə nəzarətini zəiflədir.

Silahlı PYD qruplarının Suriyada siyasi oyunçu kimi ortaya çıxması ancaq Suriyanın yox, bütün regionun separatçılığa sürüklənməsi olacaq.

Bu, ABŞ-ın və ərəb monarxlarının da maraqlarına cavab vermir, çünki regionda ərəblərlə qonşu olan yeni bir dövlətin, həm də iddialı və aqressor xarakterli bir “güc”ün yaranması yeni təhdidlər ortaya çıxaracaq.

Beləliklə, Əsədin “tədricən” getməsi və bu istiqamətdə Ərdoğanın da Putinlə əməkdaşlığı regionun tezliklə müharibədən çıxması, sülh prosesinə qədəm qoymasına təkan verəcək.

Əsas məsələ Putinin köklü təklifindən və proseslərin gedişatından asılı olacaq.

Rüfət Əhmədzadə

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol