Rusiya alimləri onların üzərində xüsusi xidmət orqanları tətəfindən artan nəzarətdən şikayətlənirlər. Beləki, hal-hazırda əgər alimlərin elmi işləri mühüm yenilikdirsə, onda onun dərc edilməsi üçün Rusiyada tamamilə ayrı qaydalar fəaliyyət göstərir. Yeni qaydalara əsasən, araşdırma xarakterli elmi işlərin beynəlxalq nəşrlərdə dərc edilməsi yalnız xüsusi xidmət orqanları ilə razılaşdırıldıqdan sonra baş tuta bilər. Bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır.
Bu yaxınlarda iki rusiyalı alim praktikada belə bir şeyin mövcud olduğunu təsdiq ediblər və haqqında danışılan prosesdə əsas aparıcı rolu “Birinci şöbə” adlandırılan qurum oynayır. Rəsmi olaraq həmin şöbədə yüksək elmi müəssisələrin əməkdaşları işləyirlər. Lakin heç kimə sirr deyil ki, əsl həqiqətdə həmin adamlar kəşfiyyatın nümayəndələridir. Rusiyanın araşdırmaçı alimləri bildiriblər ki, onların xarici ölkələrdəki konfranslarda iştirakı və həmçinin də məruzələrinin mahiyyəti “Birinci şöbə” ilə razılaşdırılmalıdır.
Bu məsələ ilə əlaqədar M.V.Lomonosov adına Moskva Dövlət Universitetindən (MDU) biologiya elmlər doktoru Mixail Qelfand deyib: ”Bu sovet dövrünə qayıtmaqdır. O vaxt biz beynəlxalq nəşrlərdə məqalə dərc etməmişdən əvvəl icazə almalı idik ki, doğrudan da həmin elmi işin nəticələri yenilik deyil və böyük əhəmiyyət daşımır.”
Hələ 1993-cü ildə öz elmi tədqiqat işlərini dərc etməmişdən öncə bunun üçün mütləq Federal Təhlükəsizlik Xidmətinin (FTX) icazəsinin alınması haqqında qanun qüvvəyə minib. Həmin qanuna əsasən, bu araşdırmalar hərbi və sənaye xarakterli olduğu halda dərc oluna bilməz. Yəni o vaxt söhbət əsasən yeni silahların hazırlanmasından gedirdi. Amma bu il prezident Vladimir Putin 1993-cü ildə qəbul edilmiş qanunun fəaliyyət sferasını genişləndirib. Hazırda həmin qanun, onun bazası əsasında yeni məhsul yarana biləcək istənilən tədqiqat işlərinə şamil edilir.
Alimlər şikayətlənirlər ki, məqalələrini dərc etmək üçün universitetlər onlardan icazə tələb edir. Çünki hər bir universitetdə FTX-dən olan kimlərsə tapılacaq. Bundan əlavə araşdırmaçı alimlər ingilis dilində yazdıqları işləri mütləq rus dilinə tərcümə etməlidirlər.
MDU əməkdaşı, coğrafiya elmlər doktoru Vyaçeslav Şuper qeyd edir ki, onun həmkarlarının əksəriyyəti heç də qətiyyət nümayiş etdirib bu mövzu barəsində açıq danışa bilmirlər. V.Şuperin sözlərinə görə, o “tədqiqat azadlığı”nın kəsilməsinə şad olmayan çoxlarını tanıyır.
Bu arada isə Təhsil Nazirliyinin nümayəndəsi Sergey Salixov deyib ki, hökumət qanunvericilikdə dəyişiklər etməklə fundamental araşdırmaların dərc olunmasına maneçilik yaratmağa hazırlaşmır. O, bildirib ki, nazirlik univesitetlər və xüsusi xidmət orqanlarına bu qanunun mülkü tədqiqatlara tətbiq olunması barəsində heç bir göstəriş verməyib. Ancaq buna baxmayaraq, son illər ərzində Rusiya alimlərinə olan təzyiqlər nəzərə çarpacaq dərəcədə artıb. Hətta onların bəziləri casusluqda ittiham edilib. Alimlər arasında işdən çıxarılanlar və ya Krımın ilhaqına görə Putinin siyasətini tənqid etdiyi üçün tutduğu vəziflərindən getmək məcburiyyətində qalanlar da az deyil.
Vaqif NƏSİBOV
AzPolitika.info


Şərhlər