Vüqar Bayramov: “Əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması qiymət artımlarına gətirib çıxaracaq”

“Bakının əmlak bazarında yeni qiymət təlatümü gözlənilir”.Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov facebookdakı səhifəsində yazıb. Ekspert qeyd edib ki, keçmiş “Sovetski” adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planının əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir. Evlərin köçürülməsi fondunda yalnız nağd kompensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarına gətirib çıxaracaq: “Bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımların 2014-cü ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü idə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb. Eyni zamanda bu artımlar sadəcə tələbatın artması deyil, bazara dolayı olsa da, nəzarət edənlərin süni amillərdən istifadə etməsi nəticəsində baş verir”.

V.Bayramov hesab edir ki, paytaxtdan kənar ərazilərdə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir: “Kompensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasən 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Kompensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq, əmlak bazarındakı qiymət artımlarının paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır”.

İqtisadçı daha sonra bildirib ki, son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı, eyni zamanda psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bu il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qisa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemini həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq: “Təbii ki, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı, daha ciddi artımlara gətirib çıxaracaq. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilir. Mənzil bazarındakı ”dilerlərin" evlərə görə kompensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır, amma bazarda qiymət artımları müşahidə edilir".

V.Bayramov sonda vurğulayıb ki, əslində Bakının yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə kompensasiyalar deyil, onlara sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsəduyğundur: “Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər. Oxşar təcrübədən Rusiya və Qazaxıstanda istifadə edilib. Bu zaman dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə paytaxtdakı yeniləşmə planlarının məzil bazarına təsirlərini minimumlaşdırır”.(musavat.com)