Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayevin qətlində iki versiya önə çıxıb

Bu gün, fevralın 11-də Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, müdafiə nazirinin sabiq müavini, general-leytenant Rail Rzayevin öldürülməsinin 5-ci ili tamam olur. General 5 il əvvəl səhər 07:30-da işə gedərkən evinin yaxınlığında, xidməti avtomobilində başına açılan atəşlə öldürülmüşdü. Bu qətl ölkədə və xaricdə böyük səs-küyə səbəb oldu. Qətl baş verən gün prezident yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə cinayətin tezliklə açılması üçün xüsusi əməliyyat-istintaq qrupunun yaradılması, ən peşəkar əməliyyatçı və istintaqçıların ora daxil edilməsi tapşırığı verildi.

Ancaq Rail Rzayevin qətl işi də Azərbaycanda ondan əvvəl baş vermiş əksər səs-küylü qətllər kimi tədricən unudulmağa doğru getdi. Ötən illər ərzində istintaqçılar qətlin açılması istiqamətində ictimaiyyətə məlum olan heç bir uğur əldə edə bilməyiblər. R.Rzayevin qətlinin istintaqı da, digər sifarişli qətllərinin istintaqı kimi, imitasiya olundu. Günahsız insanlar istintaqa cəlb edildi, əsas cinayət işinin ətrafında “var-gəl” edən istintaqçılar ili-ilə satmaqla ictimai rəyi aldatdılar.

Bu qətllə bağlı Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və onun 26 yaşlı oğlu Anar Rəfiyev, həmçinin generalın yaxın qohumu olan polkovnik-leytenant Fuad Ağarzayev həbs edildi. Ancaq ötən müddət onu göstərdi ki, bu adamların həbsi də ciddi nəticələrə səbəb olmayıb, generalın qətli barədə istintaqçılara ipucu verməyib. Hər halda istintaq bu günə qədər NƏ QATİLİ, NƏ DƏ SİFARİŞÇİNİ müəyyənləşdirib ictimaiyyətə açıqlaya bilməyib.

Halbuki, qətl şəhərin mərkəzində - Beynəlxalq Bankın İnşaatçılar prospektindəki ofisinin arxasında, binanın təhlükəsizlik videokameralarının əhatə dairəsində törədilmişdi. Və bu həm də Azərbaycan hüquq-mühafizə, təhlükəsizlik orqanlarına bir meydan oxumaqdı…

Əlbəttə, o fikirlə də razılmaq olar ki, belə cinayətlərin üstünü tez bir zamanda açmaq çətindir. Heç şübhəsiz çox mühüm post tutan generalın qətli sıradan bir cinayət olmadığından onun üstünü açmaq elə də asan deyil. Bu cinayətin sifarişini verənlər hər halda ondan sonra baş verə biləcəkləri də prooqnozlaşdırmış və əks tədbirlər görmüşdülər. Ancaq 5 il də az vaxt deyil. Bu müddət ərzində cinayətin üstü açılmayıbsa, bəlkə də artıq heç zaman açılmayaçaq. Sadəçə versiyalardan, ehtimallardan danışılaçaq…

Versiyalara gəldikdə isə, onların sayı elə də az deyil. Cinayətdən 2 ay ötəndən sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov “Zerkalo” qəzetinə müsahibəsində generalın qətli ilə bağlı 4 versiya üzərində iş getdiyini açıqlamışdı. Ancaq onları açıqlamamışdı. Mətbuatda isə ötən müddətdə bundan da artıq versiyalar səslənib.

Ancaq Rail Rzayevin qətli barədə indiyədək nəzərdən keçirilmiş versiyalar arasında 2-si daha çox diqqəti çəkib.

Prezident niyə xarici amilləri qabartmışdı ?

Bunlardan birincisi qətlin Rusiyanın müəyyən dairələrinin sifarişi ilə həyata keçirilməsi ehtimal idi.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev də xarici amilləri qabarmışdı.

Hadisə baş verən gün müşavirə keçirən prezident İlham Əliyev hüquq-mühafizə orqanlarından qətlin üstünün açılmasını tələb etmişdi: «Tələb edirəm ki, bu dəhşətli qətli törədənlər və sifarişçilər cinayət məsuliyyətinə cəlb olunsunlar. Bilirəm ki, indi operativ istintaq qrupları yaradılıb, istintaq gedir, ilkin məlumatlar var...»

Bunun ardınca prezident Azərbaycan dövlətinin ÖZÜNÜ MÜDAFIƏ ETMƏYƏ qadir olduğunu bildirmişdi: «Azərbaycan dövlətinin imkanları çox böyükdür, bizə qarşı, dövlətçiliyə qarşı, dinc əhaliyə qarşı edilən hər bir cinayətkar əməllərə görə, onu törədənlər cavab verməlidir və cavab verəcəklər. Azərbaycan dövləti bir daha demək istəyirəm ki, ÖZÜNÜ MÜDAFIƏ ETMƏYƏ QADIRDIR. Müxtəlif dövrlərdə Azərbaycanda daxili siyasi vəziyyətin gərginləşdirilməsi üçün müxtəlif cəhdlər göstərilir. Ancaq Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilir ki, bütün hallarda hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısının alınması, cinayətkar dəstələrin zərərsizləşdirilməsi və məhv edilməsi üçün lazımi tədbirləri görür».

Prezidentin çıxışından göründüyü kimi, o, qətlin arxasında xarıcı qüvvələrin dayandığına əmin imiş kimi danışırdı. Bu zaman ilk ağla gələn Rusiya oldu. Çünki həmin dövrdə Azərbaycanın mərkəzində durduğu bir çox regional layihələr Moskvanı qəzəbləndirmişdi. Bu qətldən təxminən 3 ay sonra Rusiyadan gələn killerin Azərbaycan Neft Akademiyasında həyata keçirdiyi qətliam da bu ehtimalı artırdı. Hədəf kimi general-leytenant Rail Rzayevin seçilməsi də təsadüfi sayılmırdı.

Məsələ bundadır ki, o vaxt belə bir məlumat da yayıdı ki, qətl baş verən ərəfədə Respublika Prokurorluğunun istintaq qrupu Rail Rzayevin idarəsində bir ay yoxlamalar aparıb. Nəticədə HHQ və HHMQ-nın iki hərbi hissəsinin komandiri də daxil olmaqla, bir neçə zabit həbs olunub. Hansı ki, həmin zabitlər Rusiya kəşfiyyatına casusluqda ittiham olunub!! Hərbi Hava Qüvvələrindəki Rusiya şəbəkəsinin ifşa olunmasının isə Rail Rzayevin şəxsi təşəbbüsü olduğu bildirilirdi. Bu məlumat Rail Rzayevin də Rusiya kəşfiyyatı tərəfindən öldürüldüyünə dair şübhələrin əsassız olmadığını təsdiqləyirdi.

Generalın öldürülməsinin Neft Akademiyasında qətliam törədən Fərda Qədirovun Gürcüstana qayıtması ilə təxminən eyni vaxtda düşməsi də diqqətdən qaçmamlıdır. Bu təsadüfə oxşamır. Ehtimal ki, Moskva həmin vaxt Azərbaycanda qətllər və terror aktları törətmək üçün xüsusi diversiya qrupu göndərib. Və bu qrup Moskvadan tapşırıq alaraq hərəkət edib.

Generalın qətlini “daxili düşmənlərin” üzərinə atmaq kimlərin marağında idi?

Elə R.Rzayevin hakimiyyətdaxili qruplaşmalardan hansınınsa öldürə biləcəyi versiyasının gündəmə buraxılmasının da Rusiya xüsusi xidmətinin planı olduğu istisna edilmirdi. Belə ki, Rail Rzayevin qətlindən az əvvəl o, sanki məqsədli şəkildə ölkə mətbuatının və siyasi dairələrin gündəminə gətirilmişdi. 

Xatırladaq ki, həmin ərəfələrədək R.Rzayevin adı KİV-də çox nadir hallarda çəkilirdi və bu, əsasən rəsmi xəbərlərlə bağlı olurdu. Lakin qətldən az əvvəl R.Rzayevlə bağlı çox ciddi məlumatlar yayıldı. Manşet xəbərlərində bildirilirdi ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vertalyotu Qəbələ rayonuna uçmaq üçün havaya qalxdıqdan bir neçə dəqiqə sonra Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən hücuma məruz qalıb. Buna səbəb nazirin vertolyotunun uçması üçün zəruri ərizənin olmaması və ya onun verilməsinin gecikməsi olub. Buna görə HHQ vertolyotun havada olmasını qanunsuz hesab edib. Məlumatın sonrakı hissəsində deyilirdi ki, vertolyotda olanlar vurulmaqdan qorxaraq, ciddi həyəcan keçiriblər. “Fövqəlnazir” baş verən hadisədən bərk qəzəblənərək, elə insidentin baş verdiyi yerdən müdafiə naziri Səfər Əbiyevlə əlaqə saxlamağa çalışıb. Ancaq həmin vaxt S.Əbiyev istirahət etdiyindən onunla danışa bilməyib. Bundan sonra Hərbi Hava Qüvvələrinin komandanı Rail Rzayevə zəng edən K.Heydərov onunla çox sərt danışıb və bildirib ki, heç kim onun yolunu kəsə bilməz. Ancaq R.Rzayev nazirin diqqətinə çatdırıb ki, ölkə ərazisində istənilən hava uçuşları ilə bağlı müvafiq mülki qurumlar və Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri rəsmi şəkildə məlumatlandırılmalıdır. Buna görə də K.Heydərova uçuşu davam elətdirməyə imkan verilməyib.

Üstündən xeyli müddət keçməsinə baxmayaraq bu məlumatın doğruluğu hələ də təsdiqlənməyib. Bizim fikrimizcə, məlumat kökündən yalnış idi və məqsədli şəkildə yayılmışdı. Hətta qanunsuz uçuş etsə də belə, Azərbaycanda hansısa nazirin (bu Kəmaləddin Heydərov olmaya da bilər) vertalyotuna qırıcıların hücum etməsinə inanmaq çox çətindir. Hava Hücumundan Müdafiə Qüvvələrinin radar mərkəzlərində oturanların vertalyotda hansısa nazirin olduğunu bilmələri kifayətdir ki, uçuşun davam etdirilməsinə icazə versinlər. İstər HHMQ komandanlığının, istərsə də müdafiə nazirinin vertalyotu məcburi endirmək barədə göstəriş vermələri qətiyyən ağılabatan deyil. Sual olunur; Belə bir hal baş versə və tutaq ki, K.Heydərov bu göstərişə tabe olmasa nə baş verərdi? Qırıcılar nazirin vertalyotunu vuracaqdımı? Bu barədə düşünmək belə qeyri-ciddilikdir.

Deməli həmin ərəfələrdə Kəmaləddin Heydərovla Rail Rzayevin adının belə bir məsələdə hallandırılmasında kimlərinsə marağı olub. Sanki həmin qüvvələr bilirmiş ki, yaxınlarda HHMQ komandanı qətlə yetiriləcək və onun məsuliyyətini «fövqəlnazirin» üzərinə doğru yönləndirmək istəyiblər. Belə də oldu: Qətl günündən başlayaraq mətbuat «vertalyot krizinə» geniş yer ayırmağa başladı.

Bu da qətlin sifarişcilərinin marağında idi. Fikrimizcə, bu məsələ Rail Rzayevin qətlində Rusiya ilə yanaşı Azəbaycan hakimiyyətinin daxilindən də hansısa qüvvələrin rolu ola biləcəyinə dair ən ciddi məqamdır. İstintaq «vertalyot krizi» barədə məlumatın mənbəyini tapa bilsə bəzi məsələlərə aydınlıq gəlmiş ola bilərdi....

Generalın qətlində beynəlxal mafiyanın izi...

Ancaq, Rusiya yeganə versiya deyil. Rail Rzayevin aradan götürülməsində aktuallığını qoruyan daha bir versiya onun beynəlxalq silah və uyuşdurucu mafiyasilə əlaqələrinə görə öldürülməsidir. Bu ehtimal bir xarici nəşrin məlumatından sonra daha diqqətçəkən olmuşdu. İspaniyanın «El Pais» qəzeti generalın qətli ilə bağlı versiyaları yazarkən qeyd edirdi: «İstisna etmək olmaz ki, qətl qanunsuz silah alveri ilə məşğul olan mafiyanın işidir”. Çoxsaylı mənbələr o vaxtlar Azərbaycan Hava Qüvvələrinə məxsus yük təyyarələrinin çox müəmmalı yükdaşımalarda iştirak etdiyini, Rail Rzayevin bu işlərdən böyük pullar qazandığını bildirirlər. Qeydiyyata alınmayan uçuşlar zamanı silah və hətta narkotik vasitələr daşındığı istisna olunmurdu. Generalın qətli ərəfəsində Çində qəzaya uğrayan təyyarənin içindən külli miqdarda narkotik tapılması və həmin təyyarənin pilotları arasında Azərbaycan HHQ zabitinin olması faktı R.Rzayevin «qara» işlərdə əlinin ola biləcəyi və buna görə beynəlxalq mafiya tərəfindən öldürüldüyü versiyasını ağılabatan edirdi.

Cinayətin ilk günlərində yerli mətbuat bu barədə yazırdı: «Silah alverindən böyük məbləğdə əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə Rail Rzayevdən soracaqlarmış. Həmin alverdə əli olanlar generalı aradan götürüb sorğu-sualdan özlərini yayındıra bilərdilər».

Bu barədə istintaqda da müəyyən qənaətlərin formalaşdığı bildirilir.

Ötən il “AzPolitika.info”-ya verilən məlumatlarda mənbə qeyd edirdi ki, istintaq qətlin Rail Rzayevin şəxsi biznesi və «qara» fəaliyyətilə bağlı ola biləcəyi qənaətində gəlib, araşdırmalar da bu istiqamətdə aparılıb.

Vurğulanırdı ki, Rail Rzayev Azərbaycanın üzərindən hava nəqliyyatı vasitəsilə yük daşımalarında əsas söz sahibi olub. Hərbi Hava Qüvvələrinə məxsus onlarla iritutumlu yük təyyarələri rəsmi qeydiyyatda olmadan silah və digər məhsullar daşıyırmış. Bu fakt beynəlxalq ictimaiyyətə də məlum olub. Digər tərəfdən o da faktdır ki, Azərbaycan son illər narkomafiyanın əsas maraq dairəsindədir.  ABS Dov­lət De­par­ta­men­ti­nin «2008-ci il Bey­nəl­xalq Nar­ko­tik­lə­rə Nə­za­rət Stra­te­gi­ya­s» ad­lı he­sa­ba­tı­na go­rə, Azər­bay­can əsas nar­kot­ran­zit öl­kə­lər­dən bi­ri­dir. Sə­nə­də go­rə, Əf­qa­nıs­tan­dan və Mər­kə­zi Asi­ya­dan Qər­bi Av­ro­pa­ya, o cüm­lə­dən Iran­dan Ru­si­ya­ya, ora­dan da Qər­bi Av­ro­pa­ya narkotik dasınmasında tranzit ölkə Azərbaycandır. Qey­ri-rəs­mi mə­lu­mat­la­ra go­rə, il ər­zin­də öl­kə əra­zi­sin­dən 2 mil­yard dol­lar də­yə­rin­də olan nar­ko­tik mad­də ke­ci­ri­lir. Bu həcmdə narkotikin isə Azərbaycandan təyyarə ilə dasındıgı da subhə dogurmur.

Yəni Azərbaycan üzərindən daşınan narkotikin bir hissəsnin məhz general Rail Rzayevə məxsus təyyarələrlə daşındığı istisna olunmurdu.

Rail Rzayevin qətlindən təxminən bir həftə əvvəl baş vermiş bir hadisə də diqqətçəkən idi. Həmin vaxt Rusiyanın Yekaterinburq şəhərində ümumi qiyməti yüz milyonlarla dollar olan böyük partiya İran həşişi tutulmuşdu. Həmin narkotikin İrandan Dağıstana Azərbaycan üzərindən aparıldığı bildirilirdi. İstintaqın bu hadisə ilə Rail Rzayevin qətli arasında bağlılığı araşdırdığı deyilirdi. Bütün bunlar generalı narkomafiyanın qətlə yetirməsi ehtimalının yüksək olduğunu göstərirdi.

İstənilən halda Azərbaycanda yüksək post tutan bir generalın qətlinin üstünün açılmaması Azərbaycan dövlətinə, onun hüquq-mühafizə orqanlarına başucalığı gətirmir. Hər halda CİNAYƏT AÇILMAYINÇA BU SUAL AÇIQ QALAÇAQ: GENERAL KİMLƏRİN SİFARİŞİ İLƏ ÖLDÜRÜLDÜ?

Rasim Əliyev

“AzPolitika.info”