Ərdoğanın müavini azərbaycanlı jurnalistin deportasiyasına sərt ittihamlarla münasibət bildirdi
Türkiyə baş nazirinin müavini Bülent Arınç "Todays Zaman"ın azərbaycanlı müxbiri Mahir Zeynalovun baş nazir Rəcəb Tayyib Ərdoğanla bağlı sosial şəbəkələrdə yazdığı fikirlərdən sonra ölkədən deportasiya edilməsinə münasibət bildirib.
B.Arınç məsələ ilə bağlı olduqca sərt açıqlama verib: “O dəyərli dostumuza demək istəyirəm ki, tvitterdən Türkiyənin baş naziri haqda səsləndirdiyi fikirləri öz ölkəsində, ölkəsinin baş naziri və prezidenti üçün deyə bilirmi? Və ya Türkiyədə işləməyə davam etdiyi təqdirdə Azərbaycan prezidenti və baş naziri ilə bağlı hansısa bir məsələ olsa idi, bir mesaj yaza biləcəkdimi? Türkiyə ilə öz ölkəsinin müqayisəsi mümkündürsə, jurnalist dostumuza bunun üçün bir cəhd etməsini məsləhət görürəm”.
Xatırladaq ki, Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə səbəb yazdığı bu twitlər olub: “Türk hakimlər polisə "əl-Qaidə" ilə bağlantısı olan şəxsləri həbs etmə qərarı verdi, Ərdoğanın təyin etdiyi polis rəisləri isə buna əməl etmədi, Ərdoğanın təyin etdiyi şəxslər əməliyyatların qarşısını aldığından, "əl-Qaidə"nin Türkiyədəki adamları qaçdı” (virtualaz.org).
Bülənt Arınçın dediklərinə Azərbaycan hakimiyyətindən cavab verilib. YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə “Azvropa.info”ya açıqlamasında Türkiyə rəsmisi ilə razılaşmadığını bildirib: “Azərbaycan prezidenti İlham Əliyev irimiqyaslı işlər görməsinə baxmayaraq, ölkə daxilində onun bu işlərini bəyənməyən, tənqid edənlər, müxalif mövqe nümayiş etdirənlər var və bu mənada onun dedikləri ilə razı deyiləm”.
Bununla belə, Mirzəzadə Türkiyə hökumətinin azərbaycanlı jurnalisti deportasiya etməsini dətəklədiyini də deyib: "Mən Türkiyənin azərbaycanlı jurnalistin ölkə ərazisindən deportasiya edilməsi ilə bağlı mövqeyini dəstəkləyirəm. Kimliyindən asılı olmayaraq, xarici vətəndaşın, vətəndaşı olmadığı ölkənin daxili işlərinə, xüsusən də siyasi proseslərə müdaxilə etməsi, onun siyasi rəhbərliyi haqqında mövqe sərgiləməsi düzgün deyil. Baxmayaraq ki, Mahir Zeynalov müqavilə əsasında Türkiyə mətbuatında çalışırdi, amma unutmamalı idi ki, o Azərbaycan vətəndaşıdır və qardaş ölkənin daxili işlərinə qarışması yolverilməz haldır. Bu, bütün dünyada belədir. Xarici vətəndaşın başqa bir ölkənin daxili işlərinə qarımasına yol verilmir. Bu baxımdan Türkiyə hökumətinin bu mövqeyinə hörmətlə yanaşıran".(azadliq.info)


Şərhlər