Son aylar ictimaiyyətin diqqət mərkəzində olan əsas hadisələrdən biri də Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı başlanan cinayət işidir.

Xatırladaq ki, bununla bağlı cinayət işinin istintaqı artıq 6 aydır ki, davam edir. Bu proses Prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə göstərişindən sonra başlayıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən araşdırılan cinayət işilə bağlı xeyli sayda iş adamı, bank əməkdaşı məsuliyyətə cəlb edilib.

Nazir Ramil Usubovun birbaşa nəzarəti altında “Bandotdel” tərəfindən aparılan bu işlə əlaqədar ilk günlərdən xeyli sayda insan istintaqa cəlb olunub. Bu işlə bağlı indiyədək 5 mindən artıq şəxsin dindirildiyi, 100-ə yaxın adam haqda həbs-qətimkan tədbiri seçildiyi də verilən məlumatlar sırasındadır.

Borcunu ödəməyə hazır olanlar və qısa müddətdə (bir neçə gün ərzində) ödəmək öhdəliyi götürənlər sonradan sərbəst buraxılıb.

Eyni zamanda Beynəlxalq Bankdan milyonlarla, hətta 100 milyonlarla kredit götürüb qaytarmayan bir çox iş adamının, özünü sahibkar kimi təqdim edib dələduzluqla məşğul olan coxlu sayda şəxsin ölkədən çıxışına qadağa qoyulub.

Ancaq qəribə də olsa, sözügedən cinayət işi çərçivəsində yalnız Beynəlxalq Banka böyük kredit borcu olanlar deyil, ümumiyyətlə bu bankdan kredit götürmüş hər kəs istintaqa cəlb edilib. Hələ bir neçə ay əvvəl məlumatlı mənbədən “AzPolitika.info”ya verilən məlumatda bildirilirdi ki, Beynəlxalq Bankdan kredit götürmüş 7400 nəfərin ölkədən çıxışına qadağa qoyulub (bax: “CAHANGİR HACIYEV İŞİ”ndə SENSASİYA!-müəl.). Məlumatda deyilirdi ki, ölkədən çıxışına qadağa qoyulanlar arasında Beynəlxalq Bankdan götürdüyü kreditləri vaxtında ödəməyən və ya aylıq ödənişləri gecikdirənlərlə yanaşı, vaxtilə kredit alıb qaytaranların da adları var. Məlumata görə, bu şəxslərin siyahısı “Bandotdel”ə Beynəlxalq Bankın rəhbərliyi tərəfindən verilib.

Əksəriyyəti Beynəlxalq Bankdan istehlak krediti götürən bu şəxslərin bir çoxunun “Bandotdel”ə çağırıldığı, krediti nə üçün, hansı yolla götürdüyünə dair sorğu-sual edildiyi də verilən məlumatlar sırasında idi.

Düzdür, Daxili İşlər Nazirliyi sonradan bu məlumatı qismən təkzib edərək, ölkədən çıxışına qadağa qoyulanların sayının 7400 nəfər olmadığını bildirsə də, dəqiq rəqəmi açıqlamadı. Vaxtilə kredit alıb qaytaranların adlarının isə istintaqa cəlb edilənlərin sırasında olmasını istisna etdi.

Ancaq bu günlərdə “Azpolitika.info”ya müraciət edən II qrup əlil Quliyev Ramiz Mirzə oğlunun şikayəti bunun əksini göstərir. Daha dəqiqi, Beynəlxalq Bankın rəhbərliyi tərəfindən “Bandotdel”ə təqdim olunan siyahı əsasında hətta vaxtilə bu bankdan kredit götürənlərin, hazırda heç bir borcu olmayanların da istintaqa cəlb olunduğuna dair məlumatları təsdiqləyir.

Bununla əlaqədar Ramiz Quliyev daxili işlər naziri Ramil Usubova ərizə ilə müraciət ünvanlayıb. Bir nüsxəsi “AzPolitika.info”ya da tədim olunan ərizədə deyilir:

“Cənab nazir!

17 may 2015-ci il tarixdə belimdən əməliyyat olunub, Ukraynadan Azərbaycana qayıdarkən, H.Əliyev adına Hava Limanında saxlanılıb, DİN BMCMİ-yə gətirildim. 23 may 2015-ci il tarixədək saxlanılıb, sonradan sərbəst buraxılmışam. Saxlanılan müddətdə BMCMİ əməkdaşları tərəfindən normal rəftarla üzləşmiş, hətta sarğılarımın dəyişdirilməsində belə köməklik görmüşəm. 

İdarədə saxlanılmağımın səbəbi Beynəlxalq Bank işi ilə əlaqələndirildi, deyildi ki, Beynəlxalq Bankın verdiyi siyahıda mənim də adım olub.

Lakin mənim bu bank qarşısında heç vaxt heç bir öhdəliyim olmayıb. Bunun sübutu kimi, 10.07. 2005-ci il tarixdə yazılı müraciətimə Beynəlxalq Bank və Milli Bank tərəfindın verilmiş cavabları Sizə təqdim edirəm. Mənim Azərbaycanda yerləşən heç bir banka nə borcum, nə də onlar qarşısında öhdəliyim yoxdur.

Cənab Nazir! Belimdə ikinci əməliyyatın vaxtı keçir. Ölkədən çıxmağım yasaqlandığı üçün, mən əməliyyat üçün xaricə gedə bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, xaricə çıxışımla bağlı qadağanın götürülməsi üçün lazımı göstəriş verəsiniz”.

Qeyd edək ki, Ramiz Quliyev “Azpolitika.info”nun əməkdaşı ilə söhbətində saxlanıldığı müddətdə də ona qarşı heç bir istintaq hərəkətinin aparılmadığını bildirdi. Qeyd etdi ki, 6 gün ərzində şahid kimi yalnız bir dəfə tanıdığı şəxslərdən biri ilə hansı əlaqəsinin olduğu şoruşulub.

O, ikinci əməliyyatının vaxtının keçməsinin səhhətinə ağır zərər vurduğunu bildirərək, heç bir səbəb olmadan barəsində çıxarılan xaricə çıxma yasağının  götürülməsini xahiş edir.

Qeyd edək ki, Ramiz Quliyevin “Azpolitika.info”ya təqdim etdiyi Mərkəzi Bankın rəsmi cavabında da onun heç bir banka borcu olmadığı göstərilir.

Rasim

AzPolitika.info