Rusiyanın Suriyadakı hərbi-hava əməliyyatlarının rusiyalı vergi ödəyicilərinə nə qədərə başa gəldiyi barədə müxtəlif iddialar var. Moskva bu barədə dəqiq açıqlama vermir. Britaniyalı ekspertlər isə Putinin Suriyadakı əməliyyatlara gündə ən az 2,5 milyon, ortalama olaraq 4 milyon dollar xərclədiyini hesablayıblar.
Təkcə Xəzər dənizindən atılan qanadlı “Kalibr” raketlərinin biri 600 min ABŞ dolları dəyərindədir. Ən ucuz raketlərdən sayılan “X-29” raketinin birinin qiyməti 7 min dollara yaxındır. ”FAB-500” və “KAB-500” bombalarının hər birinin qiyməti isə 50-100 min dollar arası hesablanır.
ABŞ rəsmi olaraq Suriyadakı əməliyyatlara gündəlik 9-10 milyon dollar xərclədiyini bildirib. 2014-cü ilin avqustundan indiyə kimi Amerikanın Suriyadakı xərcləri 4 milyarda yaxınlaşıb.
Rusiyanın hərbi-texniki xərclərinin ABŞ-dan iki dəfə az olduğunu nəzərə aldıqda 4 milyon dollar rəqəmini real saymaq olar.
2012-ci ildən bəri rəsmi rəqəmlə Rusiyadan (“Rosrezerv” xətti ilə) Suriyaya 132 milyon rubl dəyərində humanitar yardım göndərilib. Bu, 2 milyon dollardan bir qədər çox edir. Lakin Suriyanın “kənd təsərrüfatının və infrastrukturunun yaxşılaşdırılmasına” ayırılan kreditlər 1 milyard dollara yaxın məbləğdədir. Yalnız bir ay əvvəl Rusiya Suriyaya 300 milyon dollar kredit ayırıb. Bəzi qeyri-rəsmi sövdələşmələri və İran xətti ilə də yardımları nəzərə aldıqda, bu göstəricini milyardlarla dollar həcmində hesablamaq olar.
Rusiyanın Suriyaya kredit ayırması və ya silah satması əvəzsiz yardım hesab olunmasa da, 30 təyyarənin hər birinin bir saata texniki xidmət xərcləri olaraq 12 min dollar “yediyini” nəzərə aldıqda (bir hərbi vertolyotun texniki xidmət xərcləri isə saatda 3 min dollar təşkil edir) Rusiya vergiödəyicilərinin hər gün Suriya üçün milyonlarla dollar “xərclədiyini” demək çətin olmaz.
Bu əməliyyatların nə qədər davam edəcəyi də sual altındadır. Belə ki, Rusiya rəsmiləri də əməliyyatların intensiv getdiyini və “anti-terror mübarizəsini” qısa zamanda başa çatdırmaq istədiklərini bildiriblər.
Britaniyanın “IHS Jane’s” mərkəzi sentyabrın 30-dan bəri üç həftəlik əməliyyatların ümumi xərcini 100 milyon ABŞ dolları həcmində hesablayıb.
Əməliyyatların ən az bir il davam edəcəyi halda, Rusiyanın 50 milyard dollarlıq hərbi büdcəsinə ən az 2 milyard dollar zərər dəyəcəyi şübhə doğurmur.
Rusiyanın strateji hədəfləri üçün bu rəqəm elə də böyük görünməyə bilər. Lakin Putin sanksiyalardan əziyyət çəkən Rusiya iqtisadiyyatına da bu cür diqqət ayıracaqmı?
Bəzi rusiyalı həmkarlarımızın təbiri ilə desək, “pensiyalar artırılmasa da olar, əsas odur ki, Suriyada rus təyyarəsi uçur”.
Rüfət Əhmədzadə


Şərhlər