Ədalət Partiyası dünən İctimai Radioda Prezidentliyə namizəd, Milli Məclisin deputatı İlyas ismayılovun ona ayrılmış efir vaxtından istifadə etməməsinin səbəbini açıqlayıb. Bununla bağlı partiyanın bəyanatında deyilir:
“2013-cü il Prezident Seçkilərinin seçkiqabağı təşviqat mərhələsi başlasa da nə yazıq ki, MSK-nın qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirdiyi yeni qaydalar namizədlərin seçki hüquqlarını məhdudlaşdırmağa yönəlib. Yeni qaydaya əsasən, efir vaxtından istifadə etmək istəyən namizədlər və onların nümayəndələri çıxış edəcəkləri gün MSK-ya müracət etməli və orda qeydiyyatdan keçməlidirlər. Halbuki, Azərbaycan Respublikasının Seçki Məcəlləsində bu haqda heç bir göstəriş yoxdur. MSK isə təlimatlarında qanunda nəzərdə tutulmayan yeni qaydalar tətbiq etməklə bizə yaradılmış onsuz da kifayət qədər məhdud zamandan faydalanmaq imkanımızı belə məhdudlaşdırdı. Biz hüquqi dövlət qururuq, bu dövlətdə də bütün ictimai münasibətlər qanunlarla tənzim edilməlidir. MSK sovet dövründə olduğu kimi təlimatlarla qanuna zidd qaydalar müəyyən etməklə namizədlərin hüquqlarını məhdudlaşdırmaqla məşğuldur.
Ədalət Partiyası bəyan edir ki, seçkiqabağı təşviğat mərhələsində namizədlərin hüquq və vəzifələri Azərbaycan Respublikası Seçki Məcəlləsinin 74-cü maddəsində təsbit olunur və bu maddədə belə bir zərurətdən söhbət açılmır. Yeni qayda isə bu məsələni xeyli çətinləşdirir və namizədlər qarşısında bürokratik əngəllər yaradır.
Üstəlik, qanunda nəzərdə tutulmayan yeni qaydalar haqqında namizədlərə də heç bir məlumat verilmədiyindən faktiki olaraq iş vaxtından sonraya salınmış efir vaxtı zamanı ortaya çıxan problemlərin həlli yolu da qalmır. Ədalət Partiyası İctimai Televiziyada və Radioda namizədlər üçün yaradılmış çıxış saatlarının zamanlamasının da bilərəkdən təşviqat prosesinə maneələr yaratmaq üçün planlaşdırıldığını düşünür. Belə ki, radioda efir vaxtı saat 21-00, televiziyada isə 19-00-a təsadüf edir. Zamanlamanın bu şəkildə seçilməsi sanki seçkinin taleyində həlledici rol oynamaq imkanına malik olan seçicilərin böyük əksəriyyətinin prezidentliyə namizədlərin çıxışına qulaq asmaq imkanlarını məhdudlaşdırılmağa yönəlib. Adətən saat 18-19 arasında işdən ayrılan seçicilərin müəyyən zaman ərzində evə qayıtdığını nəzərə alsaq onların bu çıxışları dinləmək üçün yolda televiziyaya baxmaları tələb olunur ki, bu da reallıqla bir araya sığmır. Müasir çağımızda radiodan adətən avtonəqliyyatlarda istifadə olunduğu da bir gerçəklikdir ki, MSK üzvləri özlərini sanki 100 il bundan əvvəlki dövrün insanları kimi aparır və hələ də radionu gündəlik həyatda istifadə olunan yeganə kütləvi informasiya vasitəsi hesab edir.
MSK-nın qanunda nəzərdə tutulmayan qaydaların tətbiqində göstərdiyi operativlik də diqqətı çəkir. Halbuki biz - “ədalətçilər” bu qurumu müraciətlərimizə qanunun tələblərinə zidd olaraq cavab verməyən orqan kimi tanımışıq. Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun öz həmkarlarının qeyri-qanuni olaraq zəbt etdikəri iş yerləriylə bağlı sorğusuna aylarla cavab verməməsinə baxmayaraq MSK-nın seçkiqabağı təşviqat mərhələsində qanunda nəzərdə tutulmayan qaydalarla bizi tanış etməsindəki “operativ”lik bizi xeyli təəccübləndirdi.
Ədalət Partiyası MSK-nı qanunlara hörmət etməyə və qanunazidd təlimatları ilə namizədlərə təbliğat-təşviqat işində əngəl yaratmamağa çağırır."


Şərhlər