Bir neçə gün əvvəl istintaqa cəlb edilərək həbs edildiyi xəbəri yayılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun azadlıqda olduğu bildirilir.
Hətta dünən axşam ANS telekanalı saat 21.19-da bununla bağlı ötəri məlumat da verib. Rabitə Nazirliyinə istinadən yayılan həmin xəbərdə bildirilib ki, Vidadi Zeynalov iş başındadır.
Vidadi Zeynalovun yaxın qohumları da onun dünən bağ evində olduğunu söyləyiblər. Maraqlıdır ki, telekanalda efirə gedən həmin məlumat digər aparıcı KİV-lər tərəfindən tirajlanmayıb.
Rabitə Nazirliyinin məsul işçilərindən biri isə, gün ərzində bu mövzu ilə bağlı daha dəqiq məlumat verəcəyini deyib. (Azinforum)
Xatırladaq ki, Vidadi Zeynalovun həbsini çoxsaylı mötəbər mənbələr təsdiq ediblər. Məsələn, dünən APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
V. Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb.
Belə olduğu halda onunla bağlı yayılmış ziddiyyətli məlumatları anlamaq çətindir.
Qeyd edək ki, V. Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir.
B. Hüseynov da işdən çıxarılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bir müddət əvvəl V. Zeynalovun saxlanılması barədə məlumatlar yayılıb.
RYTN-də çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar var.
V.Nəsibov


Şərhlər