Menu

12-dək 28 faiz səs verib - "Karuseldə gəzənlərin xüsusi parolları var"

01.11.2015, 13:18
12-dək 28 faiz səs verib - "Karuseldə gəzənlərin xüsusi parolları var"

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov parlament seçkiləri ilə bağlı saat 12-yə olan məlumatları açıqlayıb.

Onun açıqladığı rəqəmlərə görə, ən yüksək seçici fəallığı Naxçıvan Muxtar Respublikasındakı dairələrdə müşahidə edilir. Həmin dairələrdə seçicilərin 40 faizdən çoxu artıq səs verib. MSK təmsilçisinin açıqladığı rəqəmlərdən həmçinin görünür ki, Bakıdakı dairələrdə seçici fəallığı nisbətən aşağıdır - 20 faiz:«Beləliklə ölkə üzrə göstərici 28.2 faizdir. Növbəti məlumat saat 15-də olacaq».

21 saylı Nəsimi birinci seçki dairəsinin əksər məntəqələrində karusel əməliyyatından istifadə olunur, müşahidəçilərə işləməyə imkan verilmir. Bunu Azadlıq Radiosuna namizədliyini öz şəxsi təşəbbüsü ilə irəli sürmüş Tural Abbaslı deyib:

«Mürəkkəbi barmağa batırmaq əvəzinə salfetə fısqırdırlar. Karuseldə gəzən adamların xüsusi parolları var. 19, 20, 21 saylı məntəqələrdə onları tez-tez görmək olar. Hər yarım saatdan bir gedib məntəqələrdə səs verirlər».

Tural Abbaslı müşahidəçilərin tez-tez məntəqələrdən çıxarılacaqları ilə bağlı hədələndiklərini, onlardan biri Orxan İsmayılovun bayıra atıldığını deyib.

21 saylı Nəsimi birinci seçki dairə komissiyasının sədri Məhsəti Ağayeva Azadlıq Radiosuna deyib ki, məntəqələrdə «karusel»dən istifadə olunmayıb.

Müşahidəçilərə maneçiliyə gəldikdə isə...: «Bütün bunlar yalandır. Tural Abbaslı gedib məntəqələrdə dava salır. Heç bir qanunsuzluq ola bilməz»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol