Menu

Məntəqələr boşdur, ancaq faizlər qalxır- 43 faiz səs verib?

01.11.2015, 16:01
Məntəqələr boşdur, ancaq faizlər qalxır- 43 faiz səs verib?

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov parlament seçkiləri ilə bağlı saat 15-ə olan məlumatı yayıb. Onun açıqladığı rəqəmlərə görə, yenə ən yüksək seçici fəallığı Naxçıvan Muxtar Respublikasındakı dairələrdə müşahidə edilir. Oradakı bəzi dairələrdə artıq seçicilərin 60 faizindən çoxunun səs verdiyi bildirilir. Paytaxt Bakının bəzi dairələrində isə seçici fəallığı 30 faizdən bir qədər çoxdur:«Ümumilikdə 2 milyon 200 mindən çox seçici səs verib. Bu da ümumilikdə seçicilərin 42.9 faizinin səs verməsi deməkdir…».

Yada salaq ki, MSK-nın saat 12-yə olan məlumatında isə seçicilərin 28.2 faizinin səsvermədə iştirak etdiyi bildirilirdi. Saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 732 seçici səs verib. Bu isə 12,8 faiz seçici fəallığı deməkdir.

MSK-nın rəqəmlərinə əsasən axşama qədər 99, 99 faizin səs verəcəyini ehtumal etmək olar. Maşşalah, belə “seçki fəallığına” dünyanın heç bir yerində rast gəlinməyib.Düzdür məntəqələr boşdur,ancaq faizlər qalxır.

​«Yarım saata seçkini dayandırıb qutuları doldurublar»

«Azadlıq 2015» blokunun 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizədi Pənah Hüseyn həmin dairədə kütləvi pozuntuların olduğunu bildirib.Bu haqda Azadlıq Radiosuna Pənah Hüseynin özü məlumat verib.

Pənah Hüseyn deyib ki, 7 saylı seçki məntəqəsində komissiyanın rəhbəri bülletenlərin əksəriyyətini başqa otaqda seyfdə saxlayıb. Müşahidəçilərin etirazından sonra bülletenlər səsvermə otağına gətirilib.

11 saylı məntəqədə səsvermə üçün ayrılan yerdə kənar şəxslər olub. Müşahidəçilərin etirazına baxmayaraq, onlar kənarlaşdırılmayıb.

13 saylı məntəqədə komissiya sədri müşahidəçilərə küncdə yer ayırıb ki, burada da seçki qutuları pis görünür.

Bundan əlavə, əlində üç səsvermə bülleteni olan şəxs tutulub. Fakt sənədləşdirilib.

Pənah Hüseyn müşahidəçilərinin məntəqədən çıxarıldığını da deyir: «Bizim müşahidəçilərlə DSK-nın məlumatları arasında təxminən iki dəfəyə yaxın fərq var. Hətta məntəqə sədrlərinin müşahidəçilərimə dediyi rəqəmlərlə DSK-nın elan etdiyi rəqəmlər və daha sonra MSK-nın saytına göndərdiyi rəqəmlər arasında əhəmiyyətli fərqlər var. Nə DSK, nə də məntəqə seçki komissiyaları seçicilərin gəlməsi haqqında hər hansı bir yazılı məlumat vermir. Hətta bir çox məntəqələr heç şifahi də məlumat vermir. 10 saylı məntəqədə bir dəstə naməlum adam içəri girib müşahidəçilərimi kənara atıb. Seçki prosesini yarım saata yaxın dayandırıb qutuları doldurublar».

63 saylı Sabirabad birinci seçki dairəsinə etdiyimiz zənglərə hər dəfə «sədr burda yoxdur, gələndə özü cavab verər» cavabını aldıq.

«Demokratik seçki» sözündə «d» hərfi yoxdur»

21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd olan Günel Səfərova deyir ki, səhər 7-nin yarısından müşahidəçilər məntəqəyə gediblər: «Müşahidəçilərimə deyiblər ki, siz saat 8-ə qalmış gələ bilərsiniz. Elə səhər tezdən qrup-qrup adamlar səsverməyə gələndə müşahidəçilər yaxınlaşıb deyiblər ki, axı bu adamlar başqa ərazidə qeydiyyatdadır. Həmin müşahidəçiləri polis gücünə məntəqədən çıxarıblar. Üç müşahidəçini polis saxlayıb, birini buraxdırdım, amma ikisi hələ də polis nəzarətindədir».

Günel Səfərova deyir ki, olay 19 və 20 saylı seçki məntəqəsində baş verib: «Müşahidəçilər əraziyə nəzarət edən polislərin maşınındadır, indi özüm də ora gedirəm».

Deputatlığa namizədin sözlərinə görə, seçkidə karuselin (bir qrup eyni adamın bir neçə məntəqədə səs verməsi) olduğunu sübut edən videogörüntülər var: «Hətta bizdə elə videogörüntülər var ki, ona baxanda görürsən, «demokratik seçki» sözündə «d» hərfi yoxdur».

Bu dairədən YAP-ın namizədi keçmiş deputat Məlahət İbrahimqızıdır.

21 saylı Nəsimi birinci seçki dairəsinin sədri yerində olmadığı üçün müşahidəçilərlə bağlı məsələyə aydınlıq gətirən olmadı. Yalnız onu dedilər ki, Günel Səfərova bununla bağlı dairə komissiyasına müraciət etməyib.

Gəncləri valideynlərini işdən çıxarmaqla hədələyiblər

42 sayl dairədən namizəd olan jurnalist Hafiz Babalı da sosil şəbəkələrdə saxtakarlıqdan danışıb:

"Hörmətli seçicilər!

Bu haqda yazmaq istəmirdim. Amma müşahidəçilərmə olan total basqıların qarşısında susa bilmərəm.

Bu gün, seçkiyə 1 gün qalmış müşahidəçi və məşvərətçi səs hüquqlu Məntəqə Seçki Komissiyası üzvü olan nümayəndələrimə, onların ailələrinə qarşı ciddi təzyiqlər olub (adlarını yazmağa lüzum yoxdur). Bunadək isə eyni statusda məni təmsil edən qohumlarıma qarşı təzyiqlər edilirdi.

Müşahidəçilərimdən 4-nə valideynini işdən, ali məktəb çıxarmaqla bağlı təhdidlər edilib və onlar müşahidəçi ola bilməyəcəklərini deyiblər.

Məsələ ilə əlaqədar D42 saylı DSK-nı məlumatlandırmışam. Amma insanlar qorxurlar və araşdırmada iştirak etməkdən imtina edirlər.

Dünən və bu gün bəzi məntəqlərdə oldum. YAP-ın, rəqiblərimin, adı davar qəzetinə belə düşməyən partiyaların (VHP, BQP, AVP və s.), hansısa QHT-nın, eləcə də öz təşəbbüsü ilə iştirak edən müşahidəçilərin sayı-hesabı yoxdur. Məqsəd məntəqəyə gələn beynəlxalq müşahidəçilərə müşahidəçi bolluğu, demokratik seçki təəssüratı yaratmaqdır.

Siz busuz. Normal seçkidən, rəqibinizdən çəkinirsiz. Əgər qalib gələcəyinizdən əminsinizsə, niyə məni müşahidəçisiz – silahsız qoymaq istəyirsiz?"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol