Xəbər verdiyimiz kimi, dünən Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub.
Virtualaz.org saytının məlumatına görə, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Sayt həbs olunanlardan birinin adını da açıqlamışdı. O, Mehman Abdullayevdir.
“Qafqazinfo” isə həbs olunan MTN-in digər iki əməkdaşının kimliyi ilə bağlı məlumat əldə edib. Həmin şəxslər Orxan Osmanov və Akif Əliyevdir. Onların hər ikisi Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. Akif Əliyev sözügedən idarədə rəis, Orxan Osmanov isə onun köməkçisi olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Akif Çovdarovun da həbs xəbəri yayılmışdı.
***
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub. Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, həbs olunanlardan biri Mehman Abdullayevdir.
MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib.
Məlumatda o da bildirilir ki, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
* * *
Virtualaz.org saytı etibarlı mənbələrə istinadən bu informasiyanın həqiqətə uyğun olmadığını müəyyən edib.
Belə ki, həbs edilən MTN işçiləri nazirliyin Operativ Təminat Baş İdarəsinin iki əməkdaşı Mehman Abdullayev və Akif Əliyevdir. Bu əməkdaşların isə general Akif Çovdarova heç bir aidiyyəti yoxdur. Həbs edilən MTN əməkdaşları reketlikdə və biznesmenləri sıxışdırmaqda ittiham olunur.
Xatırladaq ki, prezident İlham Əliyev noyabrın 4-də ölkənin şimal-qərb bölgəsinə səfəri zamanı məhkəmə və ədliyyə orqanları işçiləri ilə görüşündə sahibkarların üzləşdiyi qanunsuzluq məsələsinə toxunmuşdu.

Şərhlər