Azərbaycan Silahlı Qüvvələrinin veteranı, təqaüddə olan polkovnik-leytenant İsayev Yaşar İsa oğlu "AzPolitika.info" saytı vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edib.
2 ali təhsili olan 68 yaşlı Yaşaş İsayev məktubunda Xətai RPİ CAŞ-nın rəisi, Nəsimi RPİ CAŞ-nın rəis müavini, Baş Polis İdarəsində şöbə rəisi, Xətai rayon 34-cü Polis Bölməsində rəis, 37-ci Polis Bölməsində rəis müavini işlədiyini, 2 terror hadisəsi zamanı antiterror qruplarına rəhbərlik etdiyini vurğulayıb. Hətta cinayət-axtarış istiqamətində şalışan tanışları arasında "əfsanəvi" əməkdaş kimi qiymətləndirildiyini, nazir Usubovun oğlunun da onun yanında təcrübə keçdiyini qeyd edib.
Təqaüddə olan polkovnik-leytenantın şikayəti isə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun adının "məharət dərəcəsi" verilən Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının siyahısına salınmamasıdır. Bu da onun hər ay xeyli miqdarda vəsait itirməsinə, daha az pensiya almasına səbəb olur.
Ancaq Yaşaş İsayev "məharət dərəcəsi" almağa tam hüququnun çatdığını bildirir. O, bunun sübutu kimi 1989-1991-ci illərdə Bakı şəhərində cinayət-axtarış şöbəsində çalışdığını, 1993-cü ildə metropolitendə baş verən terror hadisəsilə bağlı cinayəti araşdıran qrupa rəhbərlik etdiyini, 1995-ci il mart hadisələrinin iştirakçılarının Samara şəhərində tutulub Bakıya gətirilməsini təmin etdiyini və digər xidmətlərini qeyd edib.
52 yaşında təqaüdə göndərilən Yaşaş İsayev "məharət dərəcəsi" almamasını DİN-in Baş Kadrlar İdarəsinin səhvi kimi qiymətləndirir. Daxili işlər naziri Ramil Usubova yazdığı məktubların da ünvanına çatmasına bu idarənin rəsmilərinin mane olduğu qənaətindədir.
Odur ki, bu dəfə "AzPolitika.info" saytı vasitəsilə müraciət edərək, səsini nazirə çatdırmaq qərarına gəlib. Yaşaş İsayev ümid edir ki, nazir Ramil Usubov qısa müddətdə onun problemini həll edəcək, ona haqqı olan "məharət dərəcəsi"nin verilməsini təmin edəcək.
Vaqif
AzPolitika.info


Şərhlər