“Karvansaray”ın zorla alınması əməliyyatına MTN generalları Akif Çovdarov və Hilal Əsədov rəhbərlik edib
Sahibkardan şok açıqlamalar: “8 aylıq dəhşətlərdən sonra ticarət mərkəzinin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə İmranovanın adına rəsmiləşdi”
2015-ci il oktyabrın 17-sində Eldar Mahmudovun milli təhlükəzilik naziri postundan qovulması əmlakı yağmalanan, mal-mülkü ilə yanaşı, sağlığı əlindən alınan yüzlərlə sahibkarın dilə gəlməsinə yol açdı.
Eldar Mahmudova 20 mağaza istədilər

"Kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar..."

“Ticarətçilərlə də anlaşmışdıq. Xaricdən şirkətlərlə də anlaşmalar vardı. Çindən, Türkiyədən, Avropadan, Rusiyadan və İrandan şirkətlərlə razılaşmalarımıza uyğun ticarət mərkəzinə mal gətirilməli idi. 1000-ə yaxın sahibkar da orada artıq işləməyə hazırlıq görürdü. Belə bir vaxtda MMC rəhbəri MTN-ə çağırıldı. Onu 8 ay MTN-ə aparıb-gətirdilər. Hər gün səhər saat 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Sonra da qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Hazırda ağır əməliyyatdan çıxıb. Vəziyyəti çox ağırdır. Növbəti əməliyyata hazırlaşır. Bu xəstəlikləri MTN-dəki dəhşətlərdən sonra tapıb. Bunu hamı bilir. 8 aylıq dəhşətli işgəncələrdən sonra o, daha dözə bilmədiyini dedi və təsisçilikdən imtina etdi” - Elşən Kərəm oğlu bildirib.
8 ay sonra ticarət mərkəzi Eldar Mahmudovun yaxın qohumunun adına keçirildi
Onun sözlərinə görə, “Karvansaray”ı onlardan MTN generalları Akif Çovdarov və Hilal Əsədov alıb: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray" MMC-nin təsisçilik hüquqü Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi. Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib- getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar. Hərəmiz ora əlimizdə olan pulu qoyub işləyib vergi ödəyəcəkdik. Əlimizdən aldılar. Biz heç kimə şikayət edə bilmirdik. Şikayət etsəydik, bizi də ora aparacaqdılar. Bir adamın ki, şəxsi türməsi olub, biz ona nə edə bilərdik?"
MTN generalları özlərinə sosial baza yaradırdılar?
Sahibkar deyir ki, ticarət mərkəzi əllərindən alınandan sonra ticarətçilər oradan qaçmağa başlayıb. Bu gün ticarət mərkəzi fəaliyyətsizdir: “Bütün bu əməliyyata Hilal Əsədov rəhbərlik edirdi, bunların ağsaqqalı odur. MTN-də zəbtetmə işlərinə o rəhbərlik edib. Biz ölkə başçısından haqq-ədalət istəyirik. Bu adamlar obyekti bizdən alıb xarabazara çevirdilər. Məqsədləri pul qazanmaq idisə, oranı niyə işlətmədilər? Niyə ticarət mərkəzinin işini iflic edib bir kənara çəkildilər? MTN generalları Eldar Mahmudov, Nizaməddin Həmidov, Hilal Əsədov, Akif Çovdarov biz sahibkların biznesini əlindən alıb işlərimizi iflic etməklə özlərinə sosial baza yaradırdılar? Bir neçə min insanı işsiz qoyub sərmayəsini batıran, sahibkarların əmlaklarını əllərindən alan bu rəzil insanların iddiaları nə idi? İçdikləri zabit andına xainlikləri bunların xislətindədir. Biz dövlətmizdən haqq-ədalətin bərpa olunmasını gözləyirik. Ölkə prezidentinin sahibkarlara və iş adamlarına dəstək verməsini alqışlayırıq. Bizə əlimizdən dəhşətli işgəncələrlə alınmış ticarət mərkəzini qaytarsınlar, özümüz qarışıq 1000-dən çox ticarətçinin orada işləməsini təmin edək. Dövlətimizə vergi ödəyib işlə təmin olunaq”.


Şərhlər