Menu

Deputat Ağalar Vəliyevə “80 faiz səs” planı niyə baş tutmadı? – 97 saylı DSK ilə bağlı maraqlı məlumatlar

11.11.2015, 16:46
Deputat Ağalar Vəliyevə “80 faiz səs” planı niyə baş tutmadı? – 97 saylı DSK ilə bağlı maraqlı məlumatlar

Goranboyda DSK sədri YAP-a necə üzv olub?

MTN ətrafında baş verənlər 1 noyabr parlament seçkilərini gündəmdən sıxışdırıb çıxarsa da, müstəqillik illərinin ən maraqsız və çəkişməsiz keçən parlament seçkisinin bəzi pərdəarxası məqamlarilə bağlı xəbərlər indi də gəlməkdədir. Məsələn, "AzPolitika"ya 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki dairəsində baş verənlər və bu DSK-nın sədri Faiq Məhərrəmov barəsində maraqlı məlumatlar daxil olub.

Məlumata görə, noyabrın 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar Faiq Məhərrəmovla həmin dairədən deputatlığa namizəd, tanınmış iş adamı Ağalar Vəliyev arasında bir anlaşma olub. Bu anlaşmaya əsasən, A.Vəliyev DSK sədrinə böyük “hörmət” qarşılığında özünə 80 faiz səs yazılmasını istəyib. Lakin bundan xəbər tutan Goranboy Rayon İcra Hakimiyyəti DSK sədrinin planını pozub. Belə ki, baxmayaraq ki, məntəqə seçki komissiyaları birbaşa DSK-ya tabedir, ancaq icra hakimiyyətinin tapşırığına əsasən, dairənin Goranboy rayonuna aid seçki məntəqələrinin sədrləri protokolda F.Məhərrəmovun qabaqcadan onlara tapşırdığı faizləri yox, məhz rayon rəhbərliyindən onlara tapşırılan faizləri yazıblar. Bu zaman ümumi protokollara əsasən, A.Vəliyevin topladığı səs 68.7 faiz olub. MSK-nın açıqladığı protokolda özünə 80 faizdən aşağı səs yazıldığını görən A.Vəliyev isə F.Məhərrəmova kəskin şəkildə narazılığını bildirib. F.Məhərrəmov özünü müdafiə etmək üçün deputata bu işdə Goranboy rayon rəhbərliyinin əlinin olduğunu işarə edib.

Məlumatda qeyd olunur ki, əzəl gündən A.Vəliyevlə isti münasibət qurmaq istəyən F.Məhərrəmov onun əsas rəqibi sayılan müsavatçı Malik Həsənliyə qarşı məkrli plan quraraq, onu namizədliyini geri götürməyə məcbur edib. Daha sonra A.Vəliyevdən başqa 11 nəfərin namizədliyini qeydə alan DSK sədri, sonradan namizədlərin ümumi sayını 5-ə endirib. Müsavatçı namizədi zərərsizləşdirdikdən sonra DSK sədri digər 6 namizədi də əl-ayağa dolaşmamaq üçün onlara namizədlikdən imtina etmək üçün ərizə yazdırıb. Bununla F.Məhərrəmov A.Vəliyevə göstərmək istəyib ki, guya o, təhlükəli namizədləri zərərsizləşdirib. Faiq Məhərrəmovun 13 namizədi qeydə alıb, sonradan onların sayını 5-ə qədər azaltmasının səbəbi buna hesablanıbmış ki, o, A.Vəliyevə desin ki, “bəs, mən sənin üçün bu qədər namizədi iddiasından daşındırmışam”. Əslində isə namizədlikdən imtina ərizəsi yazdırılan namizədlərin heç biri təhlükəli deyilmiş. Onların namizədliyi Goranboy Rayon İcra Hakimiyyəti və sözügedən DSK ilə razılaşdırılmış şəkildə irəli sürülübmüş. Həmin namizədlərin qeydə alınması üçün imzalar da məhz elə icra nümayəndəlikləri tərəfindən təşkil edilibmiş. Bu namizəd oyunu, sadəcə A.Vəliyevdən daha çox pul qoparmağa hesablanıbmış. F.Məhərrəmov A.Vəliyevdən əlavə olaraq, DSK üzvləri üçün də “şirinlik” alıb. Belə ki, o, 6 DSK üzvünün hər biri üçün deputatdan 1000 manat “şirinlik” alsa da, hər birinə cəmi 200 manat verib. DSK sədrinin bu hərəkəti rayon rəhbərliyinə də çatdırılıb. F.Məhərrəmovun seçki ərəfəsində özünə “Land Cruiser” markalı avtomobil alması da diqqət çəkən məqamlardandı. O da xəbər verilir ki, F.Məhərrəmovun A.Vəliyevlə isti münasibət yaratmasının bir səbəbi də onun vasitəsilə gələcəkdə özünün yüksək vəzifəyə təyin olunmaq istəyidir. Belə ki, F.Məhərrəmov Goranboya icra başçısı getmək arzusunun puç olduğunu gördüyü üçün, A.Vəliyev vasitəsilə hansısa vəzifəyə can atır. Bu günlərədək öz yaxın ətrafına nəqliyyat naziri Ziya Məmmədovun seçkidən sonra “vurulacağını” və onun kadrı sayılan Goranboyun icra başçısı Nizaməddin Quliyevin də öz kreslosu ilə vidalaşacağını, özünün isə rayona icra başçısı təyin olunmaq istədiyini deyən F.Məhərrəmov, artıq bunun baş verməyəcəyinə özü də inanıb. Yəni nəqliyyat naziri Z.Məmmədov məzuniyyətdən qayıtdıqdan sonra onun işdən kənarlaşdırılmayacağı məlum oldu və bu da F.Məhərrəmovun kefinə “soğan doğradı”. Çünki Z.Məmmədovun işdən çıxarılmaması həm də N.Quliyevin hələ bir müddət də icra başçısı postunda qalması deməkdir. Təbii ki, bu məsələdə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun atası Şahmar İsgəndərov da F.Məhərrəmova köməklik göstərmək iqtidarında deyil...

Odur ki, DSK sədri hazırda tutduğu vəzifədən kənarlaşdırılacağını duyduğundan A.Vəliyevlə işbirliyinə getmək istəyirmiş. Lakin onun A.Vəliyevə söz verdiyi 80 faiz səsi yazmaması onlar arasında soyuqluq yaradıb ki, bu da F.Məhərrəmovun başqa vəzifəyə keçmək istəyinin üstündən xətt çəkib.

Bizə verilən məlumatda daha bir maraqlı məqama da toxunulub. Bu, F.Məhərrəmovun Yeni Azərbaycan Partiyasına üzvlüyü ilə bağlıdır. Bildirilir ki, F.Məhərrəmov uzun müddət Müsavat Partiyasının Goranboy rayon Xan Qərvənd kənd özəyinin sədri olub. O, vaxtilə Heydər Əliyevin əleyhinə təbliğat aparan, Müsavatın keçmiş başqanı İsa Qəmbəri təbliğ edən şəxslərdən olub. Onun sonradan YAP-a keçməsinə səbəb isə qardaşı Vidadi Məhərrəmovun Kəlbəcər rayonuna icra başçısı təyin olunması olub (Hazırda vəzifəsindən kənarlaşdırılıb). Vidadi Məhərrəmova vəzifə verildikdən sonra qardaşı F.Məhərrəmov müsavatçılıqdan imtina edərək, dərhal hakim partiyaya üzv olmaq qərarına gəlib. Lakin həmin vaxt Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatına sədrlik edən indiki icra başçısı Nizaməddin Quliyev F.Məhərrəmovu müsavatçı olduğu üçün YAP sıralarına qəbul etməyib. N.Quliyevdən rədd cavabı alan F.Məhərrəmov öz yaşadığı Goranboy rayonu Xan Qərvənd kəndindən qeydiyyatdan çıxaraq, 2005-ci ildə Naftalan şəhəri, İ.Həsənzadə küşəsi, ev 09, mənzil 19-da qeydiyyata düşüb. Bundan sonra eks-müsavatçı YAP-ın Naftalan şəhər təşkilatına üzvlük ərizəsi verib və partiyaya qəbul olunub. Bunun ardınca F.Məhərrəmov qardaşının xahişi ilə Naftalan şəhər Qaz İstismar İdarəsinə müdir təyin olunub. Lakin işində verdiyi ciddi nöqsanlara görə 2007-ci ilin mart ayında “Azəriqaz”ın kollegiyasının qərarı ilə işdən azad olunub. İşsiz qalan F.Məhərrəmov bu dəfə qardaşının xahişi ilə N.Quliyev tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyasına sədr vəzifəsinə gətirilib. Əslində onun bu DSK-ya sədr və ya üzv seçilməsi də qeyri-qanunidir. Çünki Seçki Məcəlləsinin tələblərinə əsasən, DSK üzvləri həmin seçki dairəsində qeydiyyatda olmalıdır. Dairənin hüdudlarından kənarda qeydiyyatda olan şəxs komissiya üzvü olmamalıdır. F.Məhərrəmov isə faktiki olaraq Naftalan şəhərində qeydiyyatda olsa da, qanusuz olaraq 8 ildir 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyasına sədrlik edir.

Turqut

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol