Noyabrin 15-dən qış vaxtına keçilsə də, Bakının çox rayonlarında evlərə istilik verilməyib. Ölkənin baş şəhərinin Nizami, Xətai və s. rayonlarında 3 gündür evlər qızdırılmır. Nə BŞİH, nə də bu rayonların məsul şəxsləri problemin nədən qaynaqlandığını izah edir. Sadəcə “JEK” səviyyəsində müəyyən vədlər verilir. ”JEK”lər istilikdən məhrum etmədə günahlarının olmadığını deyib, ”Azəristiliktəchizat”la “Azəriqaz”ın arasında pul davasının olduğunu vurğulayırlar.
Bəs İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi (ASİHM) Dövlət Xidməti hara baxır? Bu qurumun işi ən yaxşı halda istehlakçılara məsləhət verməklə başa çatır. Yenə də məhkəməyə müraciət etmək məsləhəti görülüb. Belə çıxır ki, dövlət qurumlarının pul davasını istehlakçı çözməlidir? Axı, bu məhkəmə aylarla, illərlə sürür. Özü də xidmət qurumları məhkəməyə təzyiq edib iddiaya baxılmasına, qanuni qərar qəbul edilməsinə də mane olurlar. Biz hələ icra prosesindəki özbaşınalıqları demirik. Görəsən, istehlakçı hüququnun pozulmasına görə istehlakçı özü məhkəmə və digər yolla hüququnu bərpa etməyə qalxırsa, ombudsman, İSN yanında ASİHM, hökumətin özü bəs nəyə xidmət edir? Yalnız xidmətsiz donluq almağa?
Kommunal xidmət qurumları da hər ayın başında xidmət haqqı tələb etməklə işini bitmiş sayır.
Bir sözlə, 3 gündür qış vaxtına keçilsə də, ölkənin baş şəhərinin qışa hazır olmadığı üzə çıxır. Ən azı ona görə ki, hələ də Nizami, Xətai (Babək prospekti, B.Nuriyev k-si və s.) və digər rayonlarda yaşayanlar istilik üzünə həsrətdir. Bu həsrətin nə qədər çəkəcəyini isə heç kim bilmir.
M.AĞSU


Şərhlər