Azərbaycan məhkəmələrindən Prezident sərəncamına növbəti saymamazlıq
Son vaxtlar Azərbaycada məmur özbaşınalığının, vəzifəli şəxslərin qanunsuz qərarlarının, ədalətsiz məhkəmə qətnamələrinin qurbanı olan ailərin sayının artdığı müşahidə olunuur. Səlahiyyətli şəxslərin öz imkanlarından vətəndaşlara qarşı sui-istifadə etmələri neçə-neçə ailənin faciəsinə səbəb olub. Uzağa getməyək, elə bu yaxınlarda Həmkarlar Konfederasiyasının iddiası əsasında çıxarılan məhkəmə qərarı bir Qarabağ qazisinin özünü yandıraq intihar etməsinə səbəb oldu. Yalnız Qarabağ qazisi özünü yandırdıqdan sonra Həmkarlar Konfederasiyası da, müxtəlif dövlət qurumları da əl-ayağa düşdülər, ölkədə etirazların böyüməməsi üçün onun ailəsinə sahib çıxdılar. Halbuki bunu əvvəldən etməklə, qanunsuzluğa əl atmamaqla bir ailənin faciəsini önləmək lardı...
Ancaq nə yazıq ki, bu hadisələrdən, faciələrdən dərs götürülmür. Belə ki, bu günlərdə daha bir qaçqın ailəsi ədalətsiz, qanunsuz məhkəmə qətnaməsi üzündən faciənin bir addımlığına çatıb.

Belə ki, səlahiyyət sahibləri, ədalətdən uzaq məhkəmə hakimləri başsız, sahibsiz gördükləri bu ananı 2 qızı, bir nəvəsi ilə 22 il əvvəl dövlət tərəfindən məskunlaşdırıldıqları bir otaqlı mənzildən qışın bu oğlan çağında çölə atmaq istəyirlər. Ən dəhşətlisi isə odur ki, tamamilə qanunsuz olan bu qərarı çıxaranlar və çıxartdıranlar bu 3 qadının və bir azyaşlı körpənin yaşamağa başqa yerləri olmadığını nəzərə almayıblar. Yəni qışın bu çağında onların çölə atılmasına qərar veriblər.
Bu zaman qərarı verən hakimlər nəinki Allahı, vicdanı unudublar, hətta Prezidentin sərəncamına belə açıq şəkildə saymazlıq nümayiş etdiriblər.
İşin təfərrüatı bundan ibarətdir: Bəhmənova Cəmilə Dünyamalı qızının təqdim etdiyi rəsmi sənədlərdən məlum olur ki, onun ailəsi 1992-ci ildən - Şuşa işğal olunduqdan sonra Bakıya gətirilib və “Qaçqınkom”un xəttilə Səbail rayonu S. Vurğun küçəsindəki 8 saylı evin BOŞ OLAN 2 saylı mənzilində dövlət tərəfindən məskunlaşdırılıb. Mənzilin həmin vaxt boş olmasının səbəbi isə əvvəlki sahibinin - Fayman Markovanın vəfat etməsi olur.
Beləcə Bəhmənovlar ailəsi 27 kvadrat metrlik bi otaqlı evə sığınır.
Lakin bundan 2 il sonra Səbail Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısının 22 avqust 1994-cü il tarixli sərəncamı ilə Hərbi Polis İdarəsinin müraciəti əsas götürülərək 1 otaqlı bu mənzil MÜVƏQQƏTİ SIĞINACAQ kimi Adil Muxtar oğlu Zamanova verilir. Halbuki, həmin vaxt mənzil boş deyildi və Şuşa qaçqını olan Bəhmənovlar ailəsi 2 il idi ki, dövlət tərəfindən buraya məskunlaşdırılmışdı. Belə bir mənzil necə və hansı əsasla başqa birinə müvəqqəti sığınacaq kimi verilə bilər? Açıq görünür ki, burda gələcəyə hesablanmış qanunsuz bir iş olub…
Onlarla rəsmi sənəddən birinə nəzər yetirək:
Səbail rayon İcra Hakimiyyəti başçısının müavini E.Ağayevin imzası ilə 5 saylı Hüquq Məsləhətxanasının müdiri E.Rəcəbovun sorğusuna verilən 07.12.2012-ci il tarixli cavabda deyilir:

Sözügüdən ünvanda həmin müddətdən aşağıda adları qeyd olunan köçkünlər yaşayırlar:
1. Bəhmənova Cəmilə Dünyamalı qızı – özü
2. Bəhmənova Vüsalə Höffer qızı – (Ailəlidir, 2 uşağı var)
3. Bəhmənova Ləman Hoffer qızı – (Məhkəmə qətnaməsi ilə boşanıb, himayəsində 1 övladı var)
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 01.07.2004-cü il tarixli, 298 saylı sərəncamının 2-ci bəndinə əsasən 1992-1998-ci illər ərzində məcburi köçkünləri mülkiyyətindən asılı olmayaraq məskunlaşdıqları mənzillərdən və torpaq sahələrindən çıxarılmasına yol verilmir”.
Lakin hadisələrin sonrakı gedişindən belə məlum olur ki, prezidentin bu məktubda qeyd olunan sərəncamı Azərbaycanın bu işə baxan bəzi məhkəmə hakimlərinin “diqqətindən yayınıb”.
Belə ki, Adil Zamanovun iddiası əsasında Səbail Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova 29 dekabr 2012-ci ildə Bəhmənovlar ailəsinin mənzildən çıxarılmasına dair qərar çıxarır. Lakin Apellyasiya Məhkəməsində Bəhmənovların şikayətinə baxılarkən, hakim Azad İmanov ilkin instansiya məhkəməsinin qətnaməsinə kiçik, amma mühüm bir əlavə edir. Həmin əlavədə deyilir:
“Qətnamənin icrası cavabdehlər Bəhmənova Cəmilə Dünyamalı qızı, Bəhmənova Vüsalə Höffer qızı və Bəhmənova Ləman Hoffer qızı Azərbaycan Respublikası Qaçqınlar və Məvburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilənədək təxirə salınsın.”
Məhkəmə bu əlavəni edərkən Prezidentin yuxarıda rəsmi məktubda bəhs edilən sərəncamını nəzərə alır.
İş gedir Ali Məhkəməyə. Ali Məhkəmənin Mülki Kollegiyası isə 10 oktyabr 2013-cü il tarixli qərarı ilə qətnamədən Apellyasiya Məhkəməsinin əlavəsini çıxarır və Bəhmənovlar ailəsinin mənzildən dərhal, onların “Qaçqınkom” tərəfindən yaşayış yeri ilə təmin olunmasını gözləmədən çıxarılması barədə qərar verir. Yəni Ali Məhkəmə, ilkin instansiya məhkəməsi kimi, Prezident İ.Əliyevin 01.07.2004-cü il tarixli sərəncamına faktiki olaraq, əhəmiyyət vermir.
Cəmilə Bəhmənova deyir ki, şikayətinin araşdırılması zamanı Ali Məhkəmədə gənc bir oğlan ona yaxınlaşaraq “Xala nə hörmət edə bilərsiniz”, deyə soruşub. “Qaçqın adamam, nə hörmət etməliyəm, qanunlar da bizim tərəfimizdədi” cavabını alandan sonar isə “zarafat etdiyini” deyərək uzaqlaşıb.
Lakin göründüyü kimi, bu “zarafatın” nəticəsi çox ağır olub və Bəhmənovlar ailəsinə 22 ildir sığındıqları 1 otaqlı mənzili boşaltmaları üçün 18 fevral 2014-cü il tarixə, yəni sabahadək vaxt qoyulub. C.Bəhmənova deyir ki, gedəcək yerləri yoxdur, ona görə də evdən çıxmaq niyyətində deyillər. “Zorla çıxarmaq istəsələr özümü yandıracağam!”
Onu da qeyd edək ki, Şuşa qaçqını olan Bəhmənovlar ailəsini 22 ildir sığındıqları evdən qanuniliyi şübhə doğuran sənədlərlə çıxarmaq niyyətində olan Adil Zamanovun dayısı Allahverən Həsənov Apellyasiya Məhkəməsinin hakimidir. C.Bəhmənova iddia edir ki, bütün bu işlərin, qanunsuz qərarların arxasında elə Allahverən Həsənov durur. Həm də lap əvvəldən. Belə ki, A.Həsənov 1994-cü ildə Səbail polisində işləyib və onların 1992-ci ildə məskunlaşdırıldıqları evə 1994-cü ildə sərəncam alınmasında onun rolu olub. İndi isə qanunsuz məhkəmə qərarları ilə bu ailəni qışın günü çölə atdırır.
Lakin C.Bəhmənova deyir ki, məqsədi nəyin bahasına olursa-olsun bu evdə qalmaq deyil. Dövlət qaçqınlar üçün tikilmiş yeni evlərdən onlara da verərsə buranı tərk etməyə hazırdılar.

Ümid edirik ki, əlaqədar qurumlar, xüsusən də “Qaçqınkom”un rəhbərliyi və Şuşa şəhər İcra Hakimiyyəti ən azı Nizami Bəhmənovun ruhuna hörmət əlaməti olaraq, Bəhmənovlar ailəsinin qışın bu çağında çölə atılmasına biganə qalmayacaqlar və bu ailəyə sahib çıxacaqlar.
Mövzuya qayıdacağıq.
Yazıda adları keçən şəxslərin, başda iddiaçı Adil Zamanov olmaqla, mövqeyini dərc etməyə hazırıq.
Vaqif Nəsibov
AzPolitika.info








Şərhlər