Menu

Satışdakı CD və DVD disklərinin hamısı saxtadırmı...

22.11.2015, 22:22
Satışdakı CD və DVD disklərinin hamısı saxtadırmı...

Ofis və ya kompüter ləvazimatları satılan demək olar ki, hər mağazada müxtəlif firmaların istehsalı olan CD və DVD disklər satılır. Onların içində saxta olan, kustar üsulla hazırlanan məhsulların da olduğu sirr deyil.Lakin alıcıların çoxunda belə bir fikir var ki, Azərbaycanda satışda olan CD və DVD disklərin ümumiyyətlə hamısı saxtadır.

Bəs bu iddia nə dərəcədə realdır?

Virtualaz.org saytının reportyorları bu suala cavab tapmağa çalışıb. Bu məqsədlə CD və DVD disklərinin satışı ilə məşğul olan bir neçə mağazaya baş çəksələr də hər birindən müxtəlif cavablar eşidib.

Belə ki, mağazaların birində alıcı onsuz da heç yerdə orijinal diskin olmadığını əsas gətirərək üzərində istehsal olunduğu yerə aid heç bir qeyd olmayan diski satmağa çalışdı. Başqa birində isə bizə saxta ilə orijinal diski ayırd etməyin bir neçə üsulunu öyrətdi.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (keçmiş ADNA) qarşısında yerləşən mağazanın satıcısı deyir ki, saxta olmayan məhsulun ortasındakı dairədə onu istehsal edən şirkətin adı yazılır.

Baş çəkdiyimiz mağazaların əksəriyyətində satıcıların məhsulun saxta olub-olmadığına bir o qədər də diqqət yetirmədiyinin şahidi olduq. Belə görünür ki, heç alıcılar da buna çox əhəmiyyət vermir. Çünki biz saxta ilə əsl diski necə fərqləndirə biləcəyimizi soruşanda onlar xeyli təəccüblənirdi.

Əksəriyyəti “Sizə diskin işləməyi lazım deyil? Nə fərqi var ki, saxtadır, yoxsa əsl?” deyə sual edəndən sonra əlavə edirdi ki, əgər saxta və keyfiyyətsiz məhsuldursa, onda diskə məlumat yazılanda bunu başa düşmək olacaq. Belə ki, ya məlumatın yazılması prosesində problem çıxacaq, ya da yazılmış məlumatı sonradan açıb istifadə etmək mümkün olmayacaq.

“28 may” metrosunun yaxınlığında yerləşən və CD, DVD disklərin topdansatış mərkəzi kimi tanınan “ABV” mağazasında isə ölkədə bütün disklərin saxta olduğu iddiasını tamamilə rədd etdilər.

Satışda olan müxtəlif firmalara məxsus diskləri bir-bir təqdim edən satıcı onların arasında brend sayılan məhsulların keyfiyyət fərqini izah etdi: “Hazırda ən yaxşı məhsul “Verbatim” firmasının istehsalı olan disklərdir. Bunların 25 ədədi 10 manata satılır, digər firmalarda isə bu məbləğ 50 disk üçün ödənilir. Məhsulların hamısı Tayvandan gəlir. Bu, onların üzərində də qeyd olunub. “Data right” firmasının diskləri də keyfiyyətli məhsullardan sayılır”.

Satıcı vurğulayır ki, bazarda saxta disklər ola bilər, amma ola bilməz ki, ümumiyyətlə orijinal məhsul olmasın.

Ölkəyə CD, DVD disklər təkcə Tayvandan deyil, həm də Çin, Dubay və Hindistandan gətirilir. Ayrıca “Verbatim” şirkətinin məhsulları Tayvan, Hindistan və Rusiyadan alınır.

Mütəxəssislərin dediyinə görə, saxta diskləri orijinaldan bəzi üsullarla ayırd etmək mümkündür. Bunlardan biri də lazerdir ki, adi lazer şüasını diskin üzərinə salıb baxmaq lazımdır. Əgər şüa tək nöqtə halında qalırsa, bu, həmin məhsulun saxta olmadığını göstərir. Əgər lazer şüası yanında paralel xətlər yaranırsa, deməli, məhsul saxtadır.

Bundan başqa məhsulun saxta olub-olmadığını qiymətə əsasən də müəyyən etmək olar. Belə ki, hazırda 1Gb yaddaşı olan diskin qiyməti 0,03 dollardır.

Digər bir məsələ isə CD və DVD-lərin əsas materialı olan polikarbonatın qiyməti ilə bağlıdır. Onun 1 kiloqramı 2008-ci ilin məlumatına görə, 2,4-2,5 dollardır. İndi isə qiymət bundan da ucuzdur. Hər kiloqramdan isə orta hesabla 50 disk çıxır. Yəni bu hesabla qiyməti çıxarıb fərqi müqayisə edərək saxta ilə əsli ayırmaq olar.

“Verbatim” şirkəti isə onların adından istifadə edərək hazırlanan saxta disklərlə bağlı rəsmi məlumat da yayıb. Maraqlıdır ki, həmin məlumatda belə saxta məhsulların əsasən MDB ölkələrində yayıldığı qeyd olunur.

Saxta və əsl məhsulları ayırd etməyə gəlincə isə vurğulanır ki, şirkətin hazırladığı məhsulların xarici görünüşünə edilən dəyişiklik onu olduğu kimi saxtasını yaratmağa imkan vermir. Çünki üzərinə vurulan boya xüsusi keyfiyyətlə hazırlanır. Saxta və əsl məhsullar arasındakı fərq isə aşağıdakı şəkildə göstərilir.

İnformasiya texnologiyaları mütəxəssisi Osman Gündüz isə bu fikirdədir ki, hazırda disklərə tələbatın azalmaqda olduğu vaxtda saxta məhsulların hazırlanması üçün çoxlu vəsait xərcləmək inandırıcı deyil.

O.Gündüz virtualaz.org saytına açıqlamasında vurğuladı ki, kənardan saxta məhsulların da gətirilməsi istisna deyil: “Dünyanın bir çox ölkələrində, məsələn, Çində həm saxta, həm də orijinal məhsullar təklif olunur, amma bunlar arasında qiymət fərqi var. Buna əsasən də müəyyən etmək olur ki, məhsul nə qədər keyfiyyətlidir. Düşünürəm ki, bizdə də aidiyyəti qurumlar buna nəzarət etməlidir”.

Ekspertin sözlərinə görə, bu məhsullar adətən Çindən gətirilir: “Dubaydan da gətirilə bilər, amma məncə, dünyada hazırkı iqtisadi vəziyyəti nəzərə alsaq, bu məhsulların Dubaydan gətirilməsi daha başa gələ bilər”.

O.Gündüz hesab edir ki, məhsulun saxtalığını aşkarlamaq çətin ola bilər, amma müştərilər də disk alarkən onun sertifikatının olub-olmaması, geri qaytarılmasının mümkün olub-olmaması və s. bu kimi detallarla maraqlanmalıdır: “Onu da deyim ki, zaman keçdikcə CD və DVD-lərə tələbat azalır. Hətta yeni istehsal olunan noutbuklarda disk üçün yerlər də ayrılmır. Bir müddətdən sonra disklərdən istifadə olunmayacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol