Menu

ABŞ səfiri  Azərbaycan mətbuatından şikayətləndi

18.09.2013, 12:03
ABŞ səfiri  Azərbaycan mətbuatından şikayətləndi

Sentyabrın 18-də Bakının “Park İnn” otelində “Seçki prosesində media etikası” mövzulu tədbir keçirilir.

Tədbirdə danışan ABŞ səfiri Riçard Morninqstar Azərbaycanda media etikasının çox vacib mövzu olduğunu vurğulayıb. Amerikanın Azərbaycanda söz azadlığını dəstəklədiyini vurğulayan səfir qeyd edib ki, azad və müstəqil media hər cəhətdən vacibdir: “Xüsusi ilə seçki dövründə”.

Azərbaycanın mətbuat tarixinin XIX əsrə gedib çıxmasını yaxşı əlamət kimi qeyd edən səfir eyni zamanda problemlərin olduğunu deyib: “Azərbaycanda bəzi media orqanları fəaliyyətini dedi-qodu, möhtəkirlik üzrə qurur. Bəzən düzgün olmayan uydurma materiallar yayılır. Bunu həm iqtidar, həm də müxalifət mediasında görmək mümkündür. Hərdən elə materiallar oxuyuram ki, gözlərimə inanmağım gəlmir. Bir dəfə Bakıda ola-ola məlumat oxudum ki, guya məsləhətləşmək üçün Vaşinqtona getmişəm. Mən bu məlumatı oxuyanda çox təəccübləndim.

Bu problemlər həmişə olmasa da, Azərbaycanda çox tez-tez baş verir. Azərbaycanın cəsur jurnalistləri beynəlxalq standartlara uyğun materiallar hazırlayır. Həmin materiallarda hökumət tənqid olunur. Bu isə jurnalistlərə qarşı təzyiqə gətirib çıxarır”.

Səfir xüsusilə “Azadlıq” radiosunun əməkdaşına olan hadisələrdən danışıb. Bildirib ki, Xədicə İsmayılova qarşı aparılan qara piardan narahatdır: “Xədicə İsmayılovanın dediyi hər şeylə razı olmaya bilərsiniz, amma bu, azad medianın dəyəridir. Mən də Xədicə İsmayılovanın dediyi hər şeylə razı deyiləm. Bununla belə, biz azad medianın dəyərini bilməliyik. Belə hücumlar Azərbaycanın imicinə zərər gətirir”.

Tədbir vaxtı “Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev səfirə belə bir sual verib: “Xədicə İsmayılova üçün atılan addımlar ona qarşı təzyiqləri daha da artırır. Olmazmı Xədicə İsmayılovanın müdafiəsini dayandırasınız ki, ona qarşı hücumlar da dayansın?”

Riçard Morninqstar suala belə cavab verib: “Çox təəssüf edirəm ki, jurnalistlərin hüquqlarının qorunması onlara yeni hücumlara yol açır. Bu, Xədicə İsmayılova və ya başqası da ola bilər. Amma fərdlər və hökumət öz məsuliyyətini dərk edib belə insanların müdafiəsinə qalxmalıdır. Heç bir jurnalist Xədicə İsmayılovanın yaşadığını yaşamamalıdır”. /Media forum/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol