Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə məhkəmə prosesi fevralın 27-də saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimov sədrliyinə start götürəcək. Bu barədə “bizimyol.info”ya P.Həşimlinin vəkili Elçin Sadıqov məlumat verdi.
“Bü gün gedib hakimə orderimi təqdim etdim. Eyni zamanda Pərviz Həşimli ilə görüşmək üçün ondan məktub təqdim etməsini xahiş etdim. Çünki indiki halda Pərviz Həşilmi ilə yalnız hakimin razılığı ilə müdafiə tərəfinə görüş verilə bilər. Amma hakim bildirdi ki, bu məsələyə məhkəmə hazırlıq iclasında baxacağıq”, - deyə qeyd edən vəkil hakimin artıq bəri başdan qərəz nümayiş etdirməsi qənaətindədir.
“Pərviz Həşimli ilə görüşəndə o, mənə demişdi ki, işinin məhz Novruz Kərimova verəcəklər. Çünki MTN-də ona deyiblər ki, onlardan gedən işlərin hamısını hakim Novruz Kərimova verirlər. Sənin işini də ona verəcəklər. Mən buna inanmırdım. İndi öyrəndim ki, Pərviz Həşimlinin barəsində olan qondarma cinayət işini hakim Novruz Kərimova veriblər. Ona görə ki, cənab Novruz Kərimov hakim olana qədər MTN-də müstəntiq işləyib”, - deyə E.Sadıqov bildirdi.
Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2- və 228.2.1-ci maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib.


Şərhlər