Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mətbuatda onun ailə üzvləri, xüsusilə oğlu Elnur İbrahimovla bağlı yazılanlara münasibət bildirib.

Nazim İbrahimov açıqlamasında yazılanları “cəfəngiyyat” adlandırıb: “Mənim belə bir əmlakdan xəbərim yoxdur. Əgər o yazını yazan jurnalist həmin əmlakın ünvanını mənə göstərsə, hamısını ona bağışlayacağam”.

Komitə sədri bildirib ki, yazılanlar cəfəngiyyatdır və yoxlanılmamış məlumatlardır: “Özünü ciddi hesab edən media belə yoxlanılmamış məlumatı verməməlidir”.

N.İbrahimov bu tipli yazıları Azərbaycan iqtidarında olanlara qarşı “şər atmaq, ləkə yaxmaq, dövlət adamlarını nüfuzdan salmaq üçün planlı addım” adlandırıb: “Bir sıra müxalifət mətbuatında dövlət və hökumət adamlarına qarşı bu cür addımlar atılır. Bunların da demək olar ki, tam hissəsi şayiələrdir, həqiqətə uyğun deyil. Bu, sadəcə Azərbaycan iqtidarına sədaqətli olan adamları ləkələmək, onları cəmiyyətə tamam başqa cür təqdim etmək məqsədi daşıyır” (APA).

Qeyd edək ki, jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi "virtualaz.org" saytında bu gün Nazim İbrahimovun oğlu Elnur İbrahimovun sərvəti barədə yazılıb. Yazıda E.İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu, ada əyləncələri keçirdiyi barədə məlumatlar yer alıb.

"Eynullanın yazdıqları şantaj xarakterlidir"

Nazim İbrahimovun qardaşı, “Avesta” Konserninin vitse-prezidenti Sahib İbrahimov isə yazılanlarla bağlı "Publika.az"a deyib ki, hər kəs öz yazısı ilə öz tərbiyəsini nümayiş etdirir: “Eynullanın işi şantaj etməkdir. Eynulla bizimlə bağlı doğru-düzgün nə isə yazmaz. Onun işi adamları şantaj etməkdir. Bizi tanıyanlar bilir ki, hamımız iş adamıyıq. Bizim inşaat və digər sahələrdə biznesimiz var. Əgər Eynulla nə isə yazmaq istəyirsə, gəlib məndən yazsın, gəlib işimizlə yaxından tanış olsun və gördüyünü doğru yazsın. Yəqin ki, indi Eynulla ya sifariş alıb, ya da düşünür ki, biz ona pul təklif edəcəyik ki, daha bizdən yazmasın. Nə yazır qoyun yazsın, bizi hər kəs tanıyır. Hamı bizi də, Eynullanı da yaxşı tanıyır. Bizim gördüyümüz işlər göz qabağındadır. Bizneslə məşğul olanın pulu da olmalıdır və bir az da fərqli yaşamalıdır”.

S.İbrahimov qardaşı Nazim İbrahimovun heç bir təyyarəsinin olmadığını söyləyib: “Bizim ailədə nə Nazim müəllimin, nə mənim, nə də başqa qardaşlarımızın təyyarəsi yoxdur. İnşəallah, Hacı İbrahim özünə təyyarə alanda Eynulla onu yazar. Digər tərəfdən isə Hacı İbrahimin təyyarəsinin olub-olmamasının Nazim müəllimə nə aidiyyatı var? Qardaşım oğlu Elnur da qanacaqlı, tərbiyəli uşaqdır. Maşına qalsa, indi hamının normal maşını var.

Maşın almaq üçün çox böyük pul lazım deyil. Mən bir daha deyirəm, Eynullanın yazdıqları şantaj xarakterlidir. Bu cür yazılar əvvəllər də olub. Onlar yazını yazandan sonra gətirib bizə göstəriblər ki, baxın buna, əgər pul verməsəniz sizdən yazacağıq, pul verin yazmayaq. İndi yəqin Eynulla da o cür düşünüb bizdən pul almaq istəyir. Ümumiyyətlə, Eynullanın bu yazıları məqsədli şəkildədir. Mən də jurnalistəm, vaxtilə ATV-də çalışmışam. Ona görə də bunun nə demək olduğunu yaxşı bilirəm. Əgər Eynulla belə yaxşı jurnalistdirsə və Nazim müəllimdən yazırsa, o zaman gəlib bizim biznesmen qardaşlarımızdan da yazsın. Elə gəlib məndən yazsın, mənim oğlumdan yazsın, Hacı İbrahimdən yazsın. Ancaq Eynulla başqa variantı seçib”.