Türkiyəni sarsıdan 17 dekabr Böyük Rüşvət əməliyyatında həbs edilən iş adamı Rza Zərrab saxlandığı Metris cəza evindən İstanbulun mərkəzindəki Şişli xəstəxanasına aparılıb. Bu haqda Hürriyet.com.tr saytı xəbər verir.
Xəbərdə bildirilir ki, Rza Zərrab böyrəküstü vəzlərində yaranan şişin tədqiq edilməsi üçün xəstəxanaya yerləşdirilib. Yada salaq ki, Rza Zərrab həbs edilərkən xərçəng xəstəsi olduğunu bildirmişdi. Zərrab demişdi ki, həbsinin ilk 4 günündə bədənindəki şişin 1 santimetrə qədər böyüdüyü ehtimalları var və o, təcili kimyaterapiya almalıdır. Ancaq sonradan bu xəbər təsdiq edilmədi. Onun həkimi “Yeni Müsavat”a açıqlamasında Zərrabın böyrəküstü vəzindəki şişin bədxassəli olmadığını bildirdi.
Musavat.com xəbər verir ki, Hələlik Rza Zərrabın gecəni xəstəxanada keçirib-keçirməyəcəyi dəqiq bilinmir. Ona da vurğulayaq ki, bir sıra qaynaqlar Rza Zərrabın fevralın 25-nə qədər həbsdən azad ediləcəyini iddia edir. Ehtimal sırasında onun “xəstəliyinə görə” azadlığa qovuşacağı versiyası da var.
Türkiyənin "FOX" televiziyası görüntülü məlumat yaydı ki, iş adamının xanımı Ebru Gündəş onu xəstəxanada ziyarət edib.

Şərhlər