Mehman Cavadoğlu: “Başqanın seçilməsini Məclisin səlahiyyətinə vermək lazımdır”

2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Buna görə mayın 24-də keçiriləcək qurultayda indiki başqan İsa Qəmbər namizədliyini verə bilməz. Çünki bu dəyişiklikdən sonra İsa Qəmbər artıq iki dəfə - 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilib.

“Media forum” saytı bunu nəzərə alaraq Müsavat başqanlığına potensial namizədlərə eyni suallarla müraciət edib. Suallara Müsavat başqanının müavini Mehman Cavadoğlunun cavabını təqdim edirik.

- Mayın 24-nə təyin olunmuş qurultayda eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayan nizamnamə maddəsinin ləğvi və İsa Qəmbərin yenidən başqanlığa namizəd imkanı əldə etməsi ehtimalı varmı? Sizin şəxsi fikriniz necədir: İsa Qəmbərin başqan postunda qalmasını istəyirsinizmi?

- Qurultayın buna səlahiyyəti də var, bu cür qərar qəbul etmək ehtimlı da. Ancaq belə bir dəyişiklik olarsa, İsa bəyin ondan yararlanacağına inanmıram.

- Başqanlığa namizəd olmaq fikriniz varmı? Belə fikriniz yoxdursa, başqan postuna iddialı olanlardan kimin namizədliyini dəstəkləmək niyyətindəsiniz?

- Bu sual ətrafında düşünməyə hələ vaxt var.

- Yeni başqan (siz və ya başqa birisi) Müsavatda nələri dəyişməlidir? Partiyanın idarəçilik formasının dəyişməsi, başqanlıq institutunun ləğvi mümkündürmü?

- Partiyanın idarəçilik qaydaları ilə bağlı qərarları başqan yox, qurultay verir. Mənim fikrimcə, bu qurultayda Məclisin səlahiyyətlərini artırmaq, başqanın seçilməsini onun səlahiyyətinə vermək lazımdır. Ölkədə parlament idarəçilik formasını əsas hədəfi sayan bir partiya üçün belə bir qərar qəbul etmək məntiqli olardı.