Artıq dörd ildir ki, Suriyada qanlı müharibə tüğyan edir. Bəşər Əsəd diktaturasına qarşı demokratik etiraz üsyanı kimi başlayan hadisələr, bu regionda hökmranlıq uğrunda İran, Türkiyə və Səudiyyə Ərəbistanı arasında gedən yarı qapalı münaqişə yumağına çevrildi. Yəməndəki müharibə göstərdi ki, bu qarşıdurma potensial olaraq bütün regionun stabilliyini poza bilər. Bu arada isə Əsədin adından hərbi müdaxilə həyata keçirən Rusiya Qərbə qarşı oponentlik etməklə (əsasən də ABŞ-a qarşı) özünün dünya gücü statusuna malik olduğunu göstərməyə çalışır. (Project Syndicate-ABŞ)
Beləliklə, Suriyadakı münaqişə ən azından üç səviyyədə inkişaf edir - lokal, regional və qlobal. Ümumiyyətlə isə bu münaqişənin böyüyən irin mənbəyinə çevrilməsinə imkan verilib. BMT-nin hesablamasına görə, Suriyada ölənlərin sayı 250 min nəfəri ötüb. BMT-nin qaçqınlar üzrə agentliyinin məlumatına görə, bu yay ərzində Suriyanı tərk edən qaçqınların sayı dörd milyon olub. Ölkə daxilində isə 7,6 miyon nəfər daimi yaşayış məskənini tərk etmək məcburiyyətində qalıb. Suriya qaçqınlarının Avropaya axışması isə Avropa Biriliyin heç zaman qarşılaşmadığı və asanlıqla həll edilməsi mümkün olmayan böyük bir hadisədir.
Suriyadakı vətəndaş müharibəsi islam terrorizminin təhlükəli şitilliyinin peyda olmasına gətirib çıxardı. İŞİD-in Ankara, Beyrut, Paris şəhərlərində terror aktları törətməsi və Sinay yarımadası üzərində Rusiya təyyarəsinin partladılması bunu aydın şəkildə bir daha göstərdi.
Türkiyə Rusiya hərbi təyyarəsini vurmaqla böyük dövlətləri birbaşa toqquşmaya tərəf dartır. Nəhayət, Türkiyə NATO-nun üzvüdür və əgər bu ölkə hücuma məruz qalarsa, onda alyansın köməyinə ümid bəsləyə bilər.
Sadalanan bütün bu səbəblərə görə Suriya müharibəsi tezliklə sona çatmalıdır. Praktik olaraq, nəinki humanitar fəlakətin həcmi, eyni zamanda dünya ölkələrindəki təhlükəsizlik riski də durmadan artır.
13 noyabr tarixində Parisdə baş verən terror aktından sonra Suriya aqoniyasından qurtarmaq üçün yeni bir şans yaranıb. Çünki bütün əsas qüvvələr birlikdə masa arxasında əyləşməyə hazırdırlar. Düzdür, bütün qüvvələr İŞİD-lə müharibəni mühüm sayırlar, amma hələ onların bunu birlikdə həyata keçirəcəkləri tam bəlli deyil.
Suriyanın və İraqın şımalındakı kürdlər İŞİD-ə qarşı effektli döyüşürlər, amma onların ambisiyası Türkiyənin maraqlarına ziddir. İran və Səudiyyə Ərəbistanı regionda kimin hökmran rol tutacağı uğrunda mübarizə aparırlar. Rusiya qlobal status əldə etmək və Əsəd rejiminin dəyişdirilməməsinə çalışır.
Hazırda Rusiya Bəşər Əsədi müdafiə etməklə İranın müttəfiqinə çevrilib. Suriyada etibarlı arxa cəbhənin mühümlüyü baxımından Livanın şiə “Hezbolla” təşkilatını müdafiə edən İranın da öz geosiyası maraqları var. İndi Fransa ciddi şəkildə İŞİD əleyhinə mübarizəyə köklənmiş vəziyyətdədir. Almaniya və digər Avropa ölkələri həmrəylik baxımından özlərini Fransaya kömək göstərməyə borclu bilirlər. Onlar həmçinin həmin regiondan gələn qaçqın axınının önünü kəsmək istəyirlər.
ABŞ–ın aktv tədbirlər keçirməsi məsələsi isə Barak Obamanın səlahiyyətlərinin sonuna kimi əyləc mexanizmi ilə əngəllənib. Çünki Obama Yaxın Şərqdə ABŞ-ın daha bir müharibəyə girməsini istəmir. Belə görünür ki, dünyanın ən güclü ölkəsi kənarda qalır. Onda hədsiz təhlükəli vakkum yaranır və Rusiya prezidenti Vladimir Putin ələ düşən fürsətdən istifadə edərək, bundan yararlanmaq istəyir.
Amerikanın rəhbər rol oynamaqdan imtina etməsi və hərbi cəhətdən zəif olduqları səbəbindən hadisələrə müstəqil şəkildə təsir edə bilməyən avropalıların de-fakto Putin Rusiyası ilə alyans yaradacaqları təhlükəsi yaranır. Bu çox böyük səhv olar. Çünki Rusiya ilə istənilən əməkdaşlıq Suriya müharibəsini dayandırmağa kömək etməyəcək. Əslində isə bunun tamamilə əks nəticə verməsi təhlükəsi var. Putin Əsədi müdafiə etdiyinə görə, avropalıların onunla əməkdaşlıq etməsi, əksər sünnü müsəlmanların radikal islamçıların tərəfinə keçəcəyi ilə nəticələnə bilər. Məlumdur ki, belə bir vəziyyət artıq İraqda baş verib. Şiələrin üstünlük təşkil etdiyi Nuri-əl Malikinin hakimiyyəti İraq sünnülərinin radikallaşması və onların İŞİD-i müdafiə etməsi ilə nəticələndi. Könüllü şəkildə bu halın Suriyada da təkrar edilməsi axmaqlıq olardı. Həm də ki, bu cür sövdələşmə real siyasətin prinsiplərinə uyğun gəlmir. Ona görə ki, İŞİD və ya Əsədin səhnədə qalması ilə Suriyadakı müharibəni bitirmək olmaz.
Yaxın Şərq regionunda Suriya müharibəsindən başqa digər bir problem də yetişməkdədir. Suriya faciəsi ilə sıx bağlı olan İraqın xaosa sürüklənməsi İran ilə Səudiyyə Ərəbistanı arasında qarşıdurmaya yol aça bilər. Əgər regional hegemonluq uğrunda çəkişməyə son qoyulmazsa, onda növbəti proksimo-müharibələrlə (vəkalət müharibəsi) bağlı risklərdən qaçmaq mümkünsüz olacaq.
Nəhayət, islam ekstremistləri ilə döyüşlər sünnü cəmiyyətinin içərisində də aparılacaq. Sünnü islamının hansı forması üstünlük təşkil etməlidir - səudiyyə vəhhabiliyi, yoxsa daha müasir və mötədil variant? Bu İŞİD və ona bənzərlərə qarşı mübarizədə ən əsas məsələdir. Hazırkı kontekstdə mühüm faktor Qərbin öz müsəlmanlarına olan münasibətidir. Görəsən Avropa onları bərabər hüquq və öhdəliklərlə, arzuolunan vətəndaş kimi qəbul edəcək, yoxsa göstərəcəkləri yad münasibət hesabına cihadçılar tərəfindən onların rekrut kimi yem edilmələrinə imkan verəcək?
Çevirdi: Vaqif NƏSİBOV

Şərhlər