Kremlin mətbuat katibi Dmitri Peskov Litva ərazisində Rusiyaya qarşı nüvə silahlarının yerləşdiriləcəyi təqdirdə, bu ölkənin də Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcəyini bəyan edib.
“AzPolitika” xəbər verir ki, Peskov bu barədə "Interfax" agentliyinin Litvanın öz Konstitusiyasından xarici hərbi bazaların və nüvə silahlarının yerləşdirilməsini qadağan edən 137-ci maddəni çıxarmağa hazırlaşmasına dair sualını cavablandırarkən deyib.
"Birinci Kanal"a müsahibə verən Kremlin sözçüsü Vilnüsün bu addımını kəskin tənqid edib:
"Bu gedişatı qabaqcadan görmək olardı. Bu, vəziyyətin çox ciddi şəkildə gərginləşməsi deməkdir. Nəticədə, əgər öz ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, bu, kiməsə qarşı yönəlmiş bir addımdır."
D. Peskov əlavə edib ki, yerləşdiriləcək silahların hədəfi Qərb yox, Məşriq - yəni Rusiya olacaq:
"Aydındır ki, bu silah Qərbə deyil, Şərqə - bizə qarşı tuşlanacaq. Əgər həmin ölkənin ərazisində bizə yönəlmiş nüvə silahları olacaqsa, həmin ölkənin ərazisi də bizim nüvə silahlarımızın hədəfinə çevriləcək".
Qeyd edək ki, Litva Konstitusiyasında müvafiq dəyişikliklərlə bağlı yekun səsvermənin 2027-ci ilin qışında keçirilməsi planlaşdırılır.
“AzPolitika.info”


Şərhlər