Menu

“Hələ də unuduruq ki, təhsil həm də ümumxalq işidir” – NADİR İSRAFİLOV

07.12.2015, 15:26

Nadir-Israfilov0211-242x300-242x3001-242x3001-242x3001-242x300Xəbər verdiyimiz kimi, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə yaradılmış Təşkilat Komitəsinə və daxil olan sənədlərin ekspertizasını aparacaq İşçi qrupunun tərkibinə, həmçinin Akkreditasiya komissiyalarının tərkibinə təhsil ekspertləri və QHT nümayəndələrinin adları salınmayıb. Tanınmış təhsil ekspertləri professor Əjdər Ağayev və Etibar Əliyev buna sərt etirazlarını bildiriblər. Məsələylə bağlı daha bir təhsil ekspertinin – Nadir İsrafilovun mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq.

- Nadir müəllim, təhsil eksperti Etibar Əliyev son müsahibəsində “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqələri ilə bağlı prosesin qapalı keçirilməsinin əleyhinə olduğunu bildirib və digər təhsil ekspertlərinə də bu prosesə münasibət bildirməkdən çəkinməyı tövsiyə edib. Siz necə hesab edirsiniz....

- Bu cür mühüm proseslərlərdən təhsil ekspertləri və QHT nümayəndələrinin təcrid olunması həqiqətən də yaxşı hal deyil. Hesab edirəm ki, Etibar müəllim son dərəcə vacib bir məsələyə toxunub və haqlı olaraq qeyd edir ki, ən azından jurnalistlərin məsələ ilə bağlı suallarına cavab verməkdə çətinlik cəkirik, yəni iştirak etmədiyimiz və monitorinqini aparmadığımız proses haqqında necə fikir söyləyə bilərik. Digər tərəfdən, görün məsələ nə qədər ciddidir ki, hətta hörmətli professorumuz, Respublika təhsil şurasının sədri Əjdər Ağayev də məsələyə dərhal sərt reaksiya verərək yaranmış vəziyyəti “... düşünürlər ki, aşı süzən də, yeyən də, sonda əhsən deyən də bir təşkilatdan olmalıdır“ kimi qiymətləndirib.

- Hər halda məsələylə bağlı Sizin də fikirlərinizi bilmək maraqlı olardı.

- Mənim subyektiv fikirlərimdən asılı olmayaraq, bu kimi məsələlər ölkə başçısının 22 noyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu“nda, habelə “Təhsil haqqında” Qanunun 8-ci maddəsində kifayət qədər öz əksini tapıb. Yəni, müvafiq Qanuna əsasən, ictimai iştirakçılıq - dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının bu Qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsı və ictimai rəyın nəzərə alınmasını nəzərdə tutur.

- Adı çəkilən müsabiqələrin keçirilməsi ilə bağlı Təşkilat komitəsinə və ekspertiza aparacaq İşçi qrupunun tərkibinə təhsil ekspertlərinin və bu sahədə QHT nümayəndələrinin salınmaması barədə nə deyə bilərsiniz?

- Mən hələ Misir Mərdanovun dövründən bu müsabiqələrin obyektiv və şəffaf keçirilməməsinə dəfələrlə diqqəti cəlb etməyə cəhd göstərmişəm, bununla bağlı konkret faktlara istinad etmişəm. Necə olur ki, Təhsil Nazirliyinin “İnsan resursları şöbəsi”nin müdiri Fərzəli Qədirovun həyat yoldaşının rəhbərlik etdiyi məktəb “İlin ən yaxşı məktəbi” və həmin məktəbin bir neçə müəllimi “İlin ən yaxşı müəllimi” seçilir? Təəssüflər olsun ki, Fərzəli Qədirov hər dəfə olduğu kimi, bu dəfə də Təşkilat komitəsinin tərkibinə seçilib. Söhbət təkcə Fərzəli Qədirovdan getmir. TQDK sədri Məleykə Abbaszadə də “Ən yaxşı məktəb”in göstəricilərinin qəbul göstəricilərındən aşağı olmasına diqqət çəkərkən, o zaman Misir Mərdanov şəstlə hər kəs öz işi ilə məşğul olsa yaxşıdır cavabını vermişdi. Mərdanov erası arxada qalmasına baxmayaraq, hələ də unuduruq ki, təhsil həm də ümumxalq işidir və hər kəsi maraqlandırmaya bilməz. Bu mənada artıq təhsilə baxışımız, yanaşma tərzimizin dəyişməsi zərurəti yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol