Yaxın günlərdə Türkiyədə ilk qar yağmış, bundan sonra şəhərlərdə təbii qaza olan tələbatın həcmi xeyli artmışdı. Türkiyəyə nəql edilən qazın əsas idxalatçısı olan Rusiya ilə münasibətlərin son dövrdə kəskinləşməsi, prezident Rəcəb Tayyib Ərdoğanın Qatara, baş nazir Əhməd Davudoğlunun isə Azərbaycana səfər etməsinə səbəb oldu. Onların səfərlərinin başlıca məqsədi yeni enerji daşıyıcıları kanallarının tapılmasından ibarət idi. (“Jenmin jibao” - Çin)
Ərdoğanın Qatar səfərində Türkiyənin dövlət konserni “BOTAŞ” ilə Qatarın milli neft şirkəti arasında əməkdaşlıq barəsində memorandum imzalanıb. Bu memoranduma görə Türkiyə Qatardan sıxılmış təbii qaz almaq imkanı əldə edəcək. Türkiyə hökumətinin enerji məsələlərinə cavabdeh olan səlahiyyətli nümayəndəsinin sözlərinə görə, Qatar Türkiyə ərazisində sıxılmış təbii qazın çatdırılması üçün lazımi təsisatlar quracaq, tərəflər isə idxalın konkret həcmi ilə bağlı məsləhətləşmələr həyata keçirəcəklər.
3 dekabr tarixində Türkiyə hökumətinin rəhbəri Davudoğlu Bakı şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Türkiyə və Azərbaycanın Transanadolu (TANAP) qaz kəmərinin tikintisinin sürətləndirilməsi ilə bağlı yekdil fikrə gəldiklərini bildirib. TANAP layihəsi əsasında qaz kəmərinin tikintisinə bu ilin martında başlanılıb və 2018-ci ilin sonuna kimi tikintinin başa çatdırılması nəzərdə tutulur.
Türkiyə və Azərbaycan hökumətləri arasındakı razlaşmaya əsasən, Azərbaycanın Xəzər dənizindən hasil edəcəyi mavi yanacaq, TANAP qaz kəməri ilə Gürcüstan və Türkiyəni keçməklə Avropa ölkələrinə getməlidir. Bu layihənin 10 milyard dollara başa gələcəyi gözlənilir. Onun illik buraxılış həcmi 16 milyard kubmetr olacaq.
Ankara ilə Moskva arasında gedən diplomatik müharibədə, qaz nəqlinin kəsilməsi Rusiyanın əlindəki ən güclü kart hesab olunur. Moskva Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları gücləndirmək üçün təbii qazın axınını dayandıra bilər. 2014-cü ildə Türkiyə Rusiyadan 27 milyard kubmetr həcmində qaz tədarük etmişdi. Bu isə ölkənin qaza olan tələbatının təxminən 60%-ni qarşılayır. Bütün bunlara baxmayaraq, əksər ekspertlər və məmurlar güman edirlər ki, Rusiya çətin ki, belə sərt tədbirə əl atsın. Amma nəzərə alsaq ki, iki ölkə arasındakı qarşılıqlı ittihamlar iqtisadi sanksiyalar səviyyəsinə qədər qalxıb, onda Türkiyə belə bir ehtimalı gözdən qaçıra bilməz.
Rusiyanın energetika naziri Aleksandr Novak öz ölkəsi ilə Türkiyə arasında böyük miqyaslı qaz kəmərinin çəkilişi ilə bağlı gedən danışıqlara son qoyulduğunu təsdiqləyib. “Türk axını” adlandırılan həmin layihəyə əsasən nəql olunacaq Rusiya qazı Türkiyənin və cənubi Avropanın təbii qaza olan tələbatını yüngülləşdirməliydi.
Qeyd etmək yerinə düşər ki, ”Türk axını” layihəsinın tikilməsi, Rusiya Federasiyası prezidenti Vladimir Putinin keçən ilin dekabrında Türkiyəyə səfəri zamanı razılaşdırılmışdı. Onda Vladimir Putin Rusiya qazının Ukraynadan yan keçməklə Avropanın cənubuna çəkilməsi üçün nəzərdə tutulan “Cənub axını” layihəsinin ləğv olunduğunu elan etmişdi. Həmin səfər zamanı Türkiyənin dövlət neft şirkəti ilə “Qazprom” arasında “Türk axını”nın çəkilməsi ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalanmışdı.
Enerji məsələləri üzrə ekspertlər belə hesab edirlər ki, Türkiyə ilə Rusiya arasında çəkilməsi nəzərdə tutulmuş böyük miqyaslı qaz kəməri layihəsinin dayandırılması, praktik effektdən daha çox simvolik əhəmiyyət kəsb edir. Beləki həmin layihə iki ölkə arasındakı münasibətlərin kəskinləşməsindən öncə də hazırlıq mərhələsində qalmışdı. Çünki tərəflər məsləhətləşmələr zamanı hələ bir neçə mühüm məsələləri həll etməliydilər.
Davudoğlu qeyd edib ki, Türkiyə Rusiyanın qaz nəqlini dayandıracağını güman etmir, lakin hər halda Türkiyənın müxtəlif əks həmlələrə qarşı hazırlıqlı olması vacibdir. O bildirib ki, Türkiyə artıq İrandan böyük həcmdə qaz alır. İki ölkə arasındakı müvafiq razılaşmaya əsəsən, İran Türkiyəyə ildə 7 milyard kub metr həcmində qaz nəql edir.
Vaqif NƏSİBOV
AzPolitika.info


Şərhlər