Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında vəkillər çıxış edərək Leyla və Arif Yunuslar haqqında bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Prokuror isə məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını istəyib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim qərarı elan edib.
Qərara əsasən, məhkəmənin Leyla və Arif Yunusların barəsində bəraət hökmü çıxarılmasına əsas görmədiyi elan olunub. Lakin qeyd olunub ki, onlar barəsində hökm dəyişdirilməlidir. Leyla Yunusun ittiham olunduğu Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə bağlı müddət keçdiyindən həmin maddə üzrə təyin olunan cəzalar hökmdən xaric olunub.
Leyla Yunusun barəsində təyin olunan 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Eyni zamanda Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Məhkəmə Leyla və Arif Yunusların övladı Dinara Yunusa məxsus evin müsadirə olunması barədə qərarı da ləğv edib.




Şərhlər