Hökumət manatı saxlamaq üçün addımlar atır, amma…
Neftin qiymətlərinin enməsi fonunda manatın ucuzlaşma ehtimalları yenidən güclənir. Ekspertlər manatın dəyərdən düşəcəyini ciddi şəkildə səsləndirməyə əsas verən çox sayda səbəblər açıqlayırlar. Bildirilir ki, rəsmi açıqlamalarda manat üçün neftin təhlükəli qiymət həddi 40 dollar qeyd edilir ki, artıq buna yaxınlaşılıb.
Ekspertlərə görə, hökumət manatı saxlamaq üçün addımlar atır, amma nəticəsizdir. Üstəlik, mövcud amillər devalvasiya ehtimalını artırır. Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir və artıq kritik həddə yaxınlaşır. Bu səbəbdən hökumət müəyyən həddən sonra manatı dəstəkləməkdən imtina edəcək.
Ekspert Əkrəm Həsənov musavat.com-a bildirib ki, devalvasiya qaçılmazdır: “Prinsipcə, Elman Rüstəmov demişdi ki, neftin qiyməti 40 dollardan aşağı düşsə, devalvasiya ola bilər. Neft bu gün artıq bu həddə çatıb. Düzdür, sonra yenə 40 dollardan bir qədər çox oldu. Amma bu, artıq prinsipial deyil. Tendensiya göz önündədir. Əslində, lap 50 dollar olsa belə, devalvasiya qaçılmazdır. Çünki Mərkəzi Bankın valyuta ehtiyatları əriyir. Ölkənin valyuta gəlirləri azalır. Mərkəzi Bank da ötən müddət ərzində devalvasiyanın qarşısını almaq üçün heç bir əməli tədbir görmədi”.
Qeyd edək ki, ölkədə pul kütləsi də azalır və proqnozlara görə, azalma davam edəcək. Pul kütləsinin azalmasına gəldikdə, ekspert bildirib ki, bu da manatın dəyərdən düşməsi ilə bağlıdır: “Əslində, dövriyyədə pul kütləsi deyil, manat kütləsi azalıb. Çünki hamı pulunu dollara çevirib. Ticarət dili ilə desək, Mərkəzi Bankın buraxdığı malı, yəni manatı bəyənməyərək özünə geri qaytarıb, əvəzində dollar alıb. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları azalıb, buraxdığı manat isə özünə qayıdıb. Çünki əhali manata artıq etibar etmir. Buraxdığın malın keyfiyyətini təmin etmirsənsə, malın geri qayıdır. Manatın keyfiyyəti, yəni dəyəri azalıb, buna görə də ona tələbat azalıb. Manatın yerini dollar tutub. Əlbəttə, iqtisadiyyatımız üçün bu, çox pis haldır. Əvvəla, ölkənin maliyyə suverenitetinin zəifləməsidir bu. Daha sonra bu, o deməkdir ki, ölkədəki iqtisadi tənəzzül davam edəcək. Çünki pulunu harasa qoymaq istəyən yoxdur. Hamı pulu dollara çevirib, bərk-bərk saxlayıb, əlində... Bu isə iqtisadiyyat üçün çox pisdir”.
Ekspert Samir Əliyev də musavat.com-a bildirib ki, neftin dünya bazarlarında qiyməti 40 dollara yaxınlaşdıqca devalvasiya məsələsi gündəmi zəbt edir: “Bu, təsadüfi deyil. Çünki rəsmi açıqlamalarda manat üçün təhlükəli hədd 40 dollar qeyd edilir. Neft isə artıq psixoloji həddi hətta bir dəfə keçib və hazırda sərhəd xəttinə yaxındır. OPEK-in hasilatı azaltmaması nefti ucuzlaşdırıb. Üstəgəl, ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar və Avropa Mərkəzi Bankının kəmiyyət yumşaldılması proqramını genişləndirmək niyyəti dünya maliyyə bazarlarında dolların mövqeyini daha da gücləndirib. Noyabrda dünya valyutası digər əsas valyutalara münasibətdə möhkəmlənib və proses dekabrda da davam edir. Azərbaycanda noyabrda dollar nisbətən möhkəmlənsə də, dekabrdan mövqeyi bir qədər zəifləyib”.
Ekspertin sözlərinə görə, xeyli vaxtdır ki, dolların manata olan rəsmi məzənnəsi Mərkəzi Bankın müəyyənləşdirdiyi 1,0466–1,0537 arasında rəqs edir: “Noyabrda ABŞ valyutasının bahalaşması hər 100 dollara cəmisi 21 qəpik oldu. Dolların kəskin bahalaşmaması Mərkəzi Bankın ehtiyatlarını xərcləməsi bahasına gəldi. Təkcə noyabr ayında baş bankın rəsmi valyuta ehtiyatları 8,6 faiz və ya 589 milyon dollar azalaraq 6,3 milyard dollara düşüb. Bu, son 5 ildə ən aşağı həddir. Sonuncu dəfə 2010-cu ilin noyabrda ehtiyatın həcmi bu səviyyədə, yəni 6,1 milyard dollar olub. 2015-ci ilin 11 ayında isə valyuta ehtiyatı 55 faiz azalıb. Halbuki ilin əvvəlində Mərkəzi Bank 13,6 milyard dollarlıq ehtiyata malik olub”.
S.Əliyev qeyd edib ki, hökumət manatı saxlamaq üçün addımlar atır, amma nəticəsizdir: “İl sona yetir. Hökumət manatı qorumaq və devalvasiya təzyiqlərini azaltmaq üçün müəyyən addımlar atmalı oldu. 2015-ci ilin dövlət büdcəsini ixtisar etməli oldu. Büdcə xərclərinin proqnozu 21 milyardan 17,7 milyard manata endirildi. Əsas zərbə altında qalan Neft Fondundan dövlət büdcəsinə transferi 10,4 milyarddan 8,1 milyard manata endirdi. Eyni zamanda Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsini, təxminən 900 milyon dollara yaxın vəsaiti ölkəyə gətirməli oldu. Mərkəzi Bank isə bu il valyuta ehtiyatının yarıdan çoxunu qurban verməli oldu. Bütün bunlara rəğmən, təzyiqlər nəinki səngimədi. Hətta müəyyən zaman kəsiyində daha da gücləndi. Yenə də hamını manatın taleyi düşündürür. Devalvasiya gözləntisi sanki cəmiyyətin canına hopub. Nə qədər çətin olsa da, deməliyik ki, artıq devalvasiyanın olub-olmaması yox, onun necə və nə vaxt baş verməsi müzakirə mövzusudur. Mövcud amillər devalvasiya ehtimalını artırır. Azərbaycanın ən böyük valyuta ehtiyatı cəmləşən Neft Fondu çətin durumdadır. Fondun bu il gəlirləri ən yaxşı halda 7 milyard manat civarında olacaq. Halbuki Fondun təkcə büdcə qarşısında öhdəliyi 8,1 milyard manatdır. Deməli, Fondda təxminən 2 milyard manata yaxın kəsir yaranacaq və yəqin ki, xaricdəki aktivlərinə müraciət etməli olacaq. Devalvasiya Neft Fondu üçün əlavə oksigen ola bilər”.
Ekspert qeyd edib ki, daha bir problem ölkənin tədiyə balansında yaranır: “Altı aylıq məlumata görə, cari hesablar balansında cəmisi 63 milyon dollar profisit var. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 100 dəfə - 6 milyard dollardan çox idi. İdxal tam rəsmiləşdirilsə, bunun mənfi saldo olduğu açıq görünər. Manat üçün hazırda ən böyük təhlükə ölkədən kapital axınıdır. Kapital axını növbəti illərdə əsas problem olaraq qalacaq. Bununla bərabər Mərkəzi Bankın ehtiyatları sürətlə əriyir və kritik həddə yaxınlaşır. Hökumət ehtiyatların kəskin əriməsinə imkan verməyəcək. Müəyyən həddən sonra, təxminən 5-6 milyard dollar xərcləyəndən sonra manatı dəstəkləməkdən imtina edəcək”.
S.Əliyev əlavə edib ki, əsas xarici ticarət tərəfdaşlarının valyutasının ucuzlaşması ixracı stimullaşdırmağa problem yaradır: “Bütün bunlarla yanaşı, dekabrın 15-16-da keçirləcək FED-in iclasında uçot dərəcəsinin qaldırılması ehtimalı var. Bu baş verərsə, dünya bazarlarında güclü ajiotaj yaranacaq və dollar bahalaşacaq. Onun təsiri Azərbaycana da çatacaq. Neftin hazırki qiymətləri manata dəstək verə bilmir. Reallıq göstərir ki, manatı indiki səviyyədə uzun müddət saxlamaq mümkün olmayacaq. Hökumət hazırda iki seçim qarşısında qalıb: kəskin, yoxsa yumşaq devalvasiya..? Hansını seçəcəyini demək çox çətindir. Böyük ehtimalla, yumşaq devalvasiyaya üstünlük verəcək. Üzən məzənnə siyasətinə keçid mesajı da bu addıma xidmət edir. Əgər kəskin devalvasiya baş verərsə, manatın ucuzlaşması təxminən 20-30 faiz civarında olacaq”.


Şərhlər