Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini Ceyhun Baxışovun CM-in 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu il yanvarın 27-də daxil olan əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları kriminal aləmlə əlaqələri olan Ceyhun Baxışovu, Hacıbala Abbasovu və Abşeron rayon sakini Etibar Baxşızadəni tutublar.
Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C.Baxışovdan “Makarov” tipli tapança, E.Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Baxışov, Abbasov və Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla “qanunsuz araşdırmalar” aparıblar. Onlar özlərini cinayətkar aləmin “nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə, qanunsuz olaraq pul yığılması və kriminal aləmin “kassa”sına ötürülməsini təşkil ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Baxışov 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsi işi araşdıraraq şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb (oxu.az).


Şərhlər