Bir müddət əvvəl “AzPolitika.ino” saytında və digər media qurumlarında iş adamı, "Mediaqraf" MMC-nin təsiscisi İsmayıl Səlimovun Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Reklam və İnformasiya İdarəsinə qarşı şikayəti dərc olunub. Şikayət məktubunda İsmayıl Səlimov şəhər Reklam və İnformasiya İdarəsinin rəhbərliyinə qarşı bir sıra ciddi ittihamlar irəli sürüb.
Bu ittihamlarla bağlı qarşşı tərəfin - BŞİH Reklam və İnformasiya İdarəsinin də mövqeyini öyrəndik. İdarədən “AzPolitika.ino” sorgusuna cavab olaraq bildirildi ki, BŞİH Reklam və İnformasiya İdarəsinə qarşı irəli sürülən ittihamlar tamamilə rədd edilir, onlar həqiqəti əks etdirmir. Obyektivlik naminə BŞİH Reklam və İnformasiya İdarəsinin də mövqeyini dərc edirik.
İdarədən bildirilir ki, "Mediaqraf" MMC-nin təsisçisi İsmayıl Səlimov tərəfindən irəli sürülən iddialar heç bir fakta əsaslanmır: “Belə ki, İsmayıl Səlimovun şikayətində vurğulanır ki, Bakı şəhər İcra Hakimiyyəti İsmayıl Səlimovun təsisçisi olduğu "Mediaqraf" MMC-yə 700 000 manata qədər zərər vurub, onun mülkiyyətində olan reklam daşıyıcıları oğurlanıb, zədələnib və s. Ancaq bu iddialar həqiqəti əks etdirmir.
Belə ki, İsmayıl Səlimovun mətbuat vasitəsilə qaldırdığı məsələlər məhkəmə mübahisəsinin predmeti olmuş və bu barədə məhkəmənin qərarları da var. "Mediaqraf" MMC-nin uzun müddət Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə ildən ilə keçən 40–50 min manat borcu yaranmış və sonda borcun uzun müddət ödənilməməsi səbəbindən və 31 295 azn borclu qalması ilə bağlı məhkəməyə muraciət olunmuş və həmin iş üzrə məhkəmənin 26 sentyabr 2011-ci il tarixli İş N 2- (81) - 1772/2011 nömrəli Qərardadına əsasən, borcun ödənilməsi öhdəliyi məhkəmə tərəfindən "Mediaqraf" MMC-nin üzərinə qoyulmuşdur.
Bundan əlavə, fəaliyyət dövrü ərzində Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin İsmayıl Səlimovun təsisçisi olduğu "Mediaqraf" MMC-yə bir neçə yüz min civarında maddi zərərin ödənilməsi barədə ərizəsi və iddiası AR Ali Məhkəməsinə qədər çıxmışdır. Həmin məhkəmə orqanı tərəfindən bu iddianın rədd edilməsi ilə bağlı 18 fevral 2015-ci il tarixli İş N 2-1(102)-252/2015 nömrəli Qərarı onu göstərir ki, bu məsələlər mübahisə predmeti olmuşdur və nəticədə "Mediaqraf" MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə qarşı qaldırdığı bu iddia məhkəmənin yüksək instansiyası tərəfindən də rədd edilmişdir”.
İdarədən o da qeyd edilir ki, ümumiyyətlə Reklam və İnformasiya İdarəsi barədə fikirlər heç bir sənədə, sübuta və fakta söykənmir: “Mediaqraf” şirkətinin Bakı şəhərində cəmi 32 ədəd kiçik ölçülü (1,2 x 1,6) qurğusu mövcud olmuşdur ki, bu da şəhərdə olan ümumi reklamların cəmi 0,7%-ni təşkil edir. Həmin həcm reklam bazarı üçün cüzi olduğundan və həmin reklamların yerləşdiyi ünvanlarda bu günə qədər hər hansı bir reklamın yerləşdirilməməsi kiminsə bu yerləri ələ keçirmək məqsədinin olmadığına dəlalət edir”.
İdarədən sonda bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi öz fəaliyyətini qanunlar əsasında qurur və iş adamlarının fəaliyyətinə heç bir müdaxilə olunmur.
R. Əliyev
AzPolitika.info


Şərhlər