“Gəl, əl-ələ tutub gedək” deyən şairə

Nurəddin İSMAYIL

--------------------

Şairlər çox, şairlər içində seçilən şair az. Sözü bazara çıxaran, bazarlayıb qara qəpiyə satan şair çox, sözə sığınan, sözün nazın çəkən, sözü xəlbirləyib-ələyən, sözü oda közə bələyib adamın canına üfləyən şair az. Az, lakin azman şairdir, bu gün 69 yaşı tamam olan, söz ustadı Ramiz Rövşən.

Bekara deməz sözü, düz, səlist deyər, bəzəməz, boyamaz haqdan gələn sözü. Şəhvətdən uzaq, pərdəli yazar, yazmaz, yazanda təpərli, iradəli yazar. Fikirləri, düşüncəsi gül qoxuyar, yer üzünə səpələnmiş sözləri, yığıb könül bağçasına, hər hərfindən söz adlı çələng toxuyar. Sən suya susayarsan o sözə, ağılar deyər sən tamaşa etdiyin o solğun gözə. Övlad bilər, qardaş bilər, deyər hər kəsə atam balası, mürşiddir, müridlərin lalası. Neynirsən tüstüsü gözə dolan ocağı, edər səni can isidən hikmətli sözün əziz qonağı. Lalədən dön biçər çılın-çılpaq qalan qızlara, tərif deməz şahlara, sözdən xonça tutar kimsəsiz yalqızlara. Adı Ramiz, ləqəbi Rövşəndir, onun söz dünyası solmayan bir gülşəndir. Doğum gününüz mübarək olsun, hər gün sözlə yenidən doğulan şairimiz.

“Gəl, əl-ələ tutub gedək” deyən şairə

Getsən bizi də apar

Sözdən haqqı yaradan,

Ağı seçən qaradan,

Şair, getmə aradan,

Getsən məni də apar.

Dilində söz aparan,

Köksündə köz aparan,

Aparar, döz, aparan,

Getsən məni də apar.

Nə yerdir o yerin adı,

Şirinmi, tamı, dadı,

Getdiyin yer haradı,

Getsən məni də apar,

Yer durub üzümüzə,

Tor qurur gözümüzə,

Baxan yoz sözümüzə

Getsən məni də apar.

Tez getmə oralara,

Qəm yağar buralara,

Çarə yox yaralara,

Getsən məni də apar.

Ruhum çəkir göylərə,

Sən gedən o yerlərə,

Düşdük yaman dillərə,

Getsən məni də apar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar