Menu

Putin Qərblə necə “oynayır”? - “Nəticə çıxarılmayan dərslər”

17.12.2015, 02:18
Putin Qərblə necə “oynayır”? - “Nəticə çıxarılmayan dərslər”

Kremlə böyük təsir göstərən geopolitik Aleksandr Duqinin öncəgörməsini bir daha xatırlamağa ehtiyac yaranır. Artıq onun tövsiyyələrinin ardıcıl və inadla yerinə yetirilməsi təəccüblü görünmür. Duqinin fikrinə görə, Rusiya Avrasiyada möhkəmlənməli və beləliklə də bu faktor Qərblə, əsasəndə Amerika ilə rəqabətdə güclü silaha çevrilməlidir. Onun fikrincə, Rusiya Qərbi Avropanı ABŞ-dan dartıb ayırmalı və bütün vasitələrlə “köhnə Avropa”, xüsusən də Almaniya və Fransa ilə əməkdaşlığı möhkəmləndirməlidir. İslam dünyasında isə ən yaxın müttəfiq İran olmalıdır.

2008-ci ilin aprelində Buxarestdə NATO-nun sammiti keçirildi. Həmin sammitdə Ukrayna və Gürcüstanın gələcək illərdə bu təşkilata üzv olacaqları barəsində müvafiq qərar qəbul olundu. Bu kompromis bir formul idi, çünki bəzi müttəfiqlər qəti şəkildə Ukrayna və Gürcüstanın NATO-nun fəaliyyət planlarına qoşulmasna qarşı çıxırdılar.

Həmin vaxt əleyhdarlar “Rusiyanı təxribata çəkməmək” arqumentindən istifadə edirdilər. Buxarestdəki sammitdə qonaq kimi iştirak edən Rusiya prezidenti Vladimir Putin Qərb liderlərini Ukrayna ilə əməkdaşlıq etməməyə çağırırdı. O, təşviqat aparırdı ki, Ukrayna dövlət deyil, hansısa süni yaradılmış bir qurumdur. Putinin bu fikirləri zəngli saatın özünə məxsus şəkildə zəng çalması idi. Lakin bu sözləri Qərbdə heç kim eşitmədi və ya sadəcə eşitmək istəmədilər. Çox keçmədi ki, Gürcüstanda müharibə başladı. Rusiya Gürcüstanı təxribata çəkib, onun ərazisinin bir hissəsini - Cənubi Osetiya və Abxaziyanı işğal etdi. Altı ildən sonra isə növbə Ukraynaya çatdı.

Beynəlxalq ictimaiyyətin - NATO-nun, Avropa Birliyinin sərt tələbləri bir neçə aydan sonra unuduldu və Rusiyanın “praqmatik və məsuliyyətli” mövqeyi qalib gəldi. Hər şey əvvəlki əməkdaşlıq şəraitinə qayıtdı. Rusiya heç nə xahiş etməmişdi. Həmişə olduğu kimi, bu rolu Qərb öz üzərinə götürərək, “təcrid ziyanlıdır və heç bir xeyir gətirmir” deyərək, Rusiya ilə əməkdaşlığını davam etdirməyə başladı. Sanki heç nə baş verməmişdi. ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Ron Asmus hətta Gürcüstan müharibəsi haqqında ”Dünyanı silkələyən səkkiz gün” adlı kitab da yazdı. Amma çox təəssüf ki, burada düzəliş aparmaq lazımdır - heç nə silkələnmədi, çünki çox tezliklə hər şey yaddan çıxdı. Görünür biz bütün bunlardan dərs götürməliyik. Qərb “cilovu” azacıq boş buraxan kimi, Kreml bunu zəiflik əlaməti kimi qəbul edir və cəsarətlənərək əlavə imkanlar əldə etmək üçün daha enerjili fəaliyyətə başlayır.

Bu cür taktikanın sınaqdan çıxarılması və test edilməsi metodikası praktik olaraq Kreml tərəfindən ssenariləşdirilmiş bütün böhranlarda istifadə olunub. Belə taktika Gürcüstandan əvvəl Moldovadakı Dnestryanı ərazidə, sonra isə Krımda, Donetskdə, Luqanskda həyata keçirilmişdi. Hətta diqqət etsək görərik ki, müəyyən mənada bu hal Suriyada da təkrarlanır. Duqinin tövsiyyə etdiyi kimi, Rusiyanın Suriya məsələsindəki əsas müttəfiqi İrandır.

Bəs biz nəyi öyrəndik? Biz yenədə əvvəlki kimi “normal dialoq”a qayıdılması və Rusiyanın təcrid edilməsinin xeyirli bir şey olmaması barəsində çağırışlara qulaq asırıq. Belə bir vəziyyətdə Rusiyanın (daha doğrusu isə Kremlin) “sifətinin saxlanması” üçün yollar axtarılır. Onu da deyək ki, Kreml nə isə xahiş etmir. Həmişə olduğu kimi, xahiş edənlər yenə də onların Qərbdəki həmkarlarıdır. Aydındır ki, Rusiyanın Ukraynadakı təcavüzünə son qoyulmasının açarı məhz Kremldədir. Rusiyanın separatçı qruplaşmalarının özbaşınalığı və Ukraynanın iqtisadi blokadada saxlanılmasının dayandırlması Kremlin qərarından asılıdır. Bunlar isə hələdə yerinə yetirilməyib. Yada salmaq və həm də qeyd etmək istəyirik ki, Suriya və Ukraynadakı hadisələri bir-biriylə bağlamırıq. Bir böhran digərinin hesabına həll edilməyəcək. Amma hər halda məhz Suriyada konstruktiv əməkdaşlığın qurulmasına ümid edirik.

Ancaq Kreml yeni düşmən tapıb - Türkiyə. Temperamentli türklər bütün vasitələrlə bu məsələni qapatmaq istəyir. Lakin bu fikirləri Kreml haqqında söyləmək olmaz. Rusiyada sözün əsl mənasında anti-türk isteriyası başlayıb. Hələ dünənə kimi “etibarlı və yaxın” tərəfdaş olan Türkiyə, necə oldu ki, əsl bədheybətə çevrildi? İndi Rusiya iki ölkə arasındakı aviareysləri, strateji enerji layihələrini, turizm səyahətlərini əngəlləyir. Növbəti dəfə siyasət işə qarışanda sanitar normaların hansı vəziyyətə düşdüyü tam aydın olur.

Nəyə görəsə Avropa Birliyi ilə Avrasiya arasındakı əlaqələr məhz indi möhkəmləndirilmək istənilir. Rusiyanın xahiş etməməsinə baxmayaraq, onun “G8” klubuna bərpası haqqında təkliflər nədənsə məhz indi irəli sürülür. Digər tərəfdən isə Avropanın bütövlüyü üçün zərərli olan “Şimal axını” kimi iqtisadi layihələrə sərmayə yatırılması planlaşdırılır. Əslində nə “Şimal axını”nın, nə də indiki “Şimal axını 2”-nin Avropanın enerji təhlükəsizliyinə heç bir aidiyyatı yoxdur. Burada yalnız iqtisadi və geosiyası baxımdan Ukraynanın kənarda qoyulması və Avropanın Rusiya qazından asılılığının artırılması var.

Yada salmaq lazımdır ki, hələ 1967–ci ildə Fransa NATO-nun hərbi strukturundan çıxdığını elan edəndə və amerikanlar Avropdakı hərbi qüvvələrini azaltmağa qərar verəndə, SSRİ ilə münasibətləri “istiləşdirməyi” təklif edənlər meydana çıxmışdı. Yəni biz əvvəlki kimi həmin oyunu oynayırıq. Tutaq ki, futbol oyayırıq, ancaq rusiyalılar burada reqbi elementlərindən də istifadə edirlər. Lakin buna baxmayaraq, çox təəssüf ki, ”praqmatik və məsuliyyətli” olub, vəziyyətə uyğunlaşmağı təklif edənlər var. (Delfi.lt-Litva)

Çevirdi: Vaqif NƏSİBOV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol