Nazir-oliqarxlar balalarına sosial şəbəkələrdə varidat nümayiş etdirən fotolar yaymağı yasaqlayıblar

Azərbaycanlı məmurlar öz övladlarına sosial şəbəkələrdən istifadəni qadağan edib. Bu məlumatı “Yeni Müsavat”a verən qaynağın sözlərinə görə, prezident İsmayıllı üsyanından sonra keçirdiyi müşavirədə “qudurğan məmurlar”, “harınlamış məmur övladları” deməklə onlara son xəbərdarlıq etmişdi.

Ancaq bundan sonra da məmur balalarının qudurğan hərəkətlərinə son qoyulmadı. Belə ki, nazirlərin, komitə sədrlərinin, icra başçılarının, prokurorların, eləcə də deputatların balalarının “facebook” və “İnstagram” kimi virtual şəbəkələrdə yayılan əhli-kef və varidat nümayişi fotoları onlar üçün baş ağrıya çevrilib.

Xəbəri verən mənbə iddia edir ki, bu səbəbdən oliqarx məmurlar öz uşaqlarını sosial şəbəkələrdən istifadəyə həsrət qoyublar. Yalnız sadə həyat tərzini sürmələrini ifadə edən şəkillər yaymaq, adi insanlar kimi yaşadıqlarını ehtiva edən fikirlər paylaşmaq icazəsi verilib.

Mənbə deyir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun facebook və İnstagram səhifələrində bahalı katerlərinin, həmçinin şəxsi təyyarədə şəkillərini yayması komitə sədrinin başına iş açıb.

Həmçinin, nəqliyyat nazirinin deputat qardaşının oğlu Aynar Məmmədovun şəkilləri, qəza törədən prokuror övladının maşının üzə çıxması məmurları çıxılmaz vəziyyətə salıb. Onlar övladlarını danlayıb, sosial şəbəkələrdəki səhifələrini bağlatdırıb, özlərini yığışdırmağı şərt qoyublar.

Qaynağımız qeyd edir ki, məmur övladlarının dəbdəbəli həyat tərzini göstərən şəkillərin mediada tirajlanması ölkə rəhbərliyinin də qəzəbinə tuş gəlib. Prezident bu günlərdə növbəti dəfə çağırış edib, bu cür hərəkətlərə son qoyulmasını tələb edib.

Sitat: “Ölkədə ictimai-siyasi vəziyyətin ən həssas dövrüdür. Regionda baş verən hadisələrin ölkəmizə qığılcım kimi yayılması təhlükəsi var. ”Sovetski" camaatı ayağa qalxıb, tələbələr etirazlar başlayıb, sərhəd rayonu Astarada söyüşə görə mitinq keçirilib. Azərbaycan “barıt çəlləyi”nə dönüb. Belə vaxtda məmur balalarının qudurğan həyat tərzini əks etdirən şəkillərinin yayılması ölkənin hər yerini İsmayıllıya çevirə bilər. Ona görə ölkə rəhbərliyi məmurların uşaqlarının yığışdırmasını əmr edib".(musavat.com)