Aleksandr Turçinov dövlət büdcəsinin sıfra bərabər olduğunu bəyan edib
Ukrayna parlamenti yeni təyin olunan spiker Aleksandr Turçinovu ölkənin müvəqqəti prezidenti elan edib. Ali Radada keçirilən səsvermədə Turçinovun namizədliyinə 282 deputat səs verib. Ehtimal edilir ki, Aleksand Turçinov mayın 25-nə təyin olunan yeni prezident seçkilərinədək müvəqqəti Ukrayna prezidenti olacaq. Turçinov millət vəkillərinə dərhal yeni deputat çoxluğunun formalaşmasına dair məsləhətləşmələrə başlamağı və fevralın 25-dən gec olmayaraq hökuməti formalaşdırmağı göstəriş verib.
Ali Rada Leonid Kojaranı da vəzifəsindən uzaqlaşdırıb. 237 səs çoxluğu ilə onun vəzifədən kənarlaşdırılması haqda qanun qəbul edilib.
Vəzifəyə təyin olunar-olunmaz Turçinov hökumətin büdcəsi ilə bağlı bəyanat yayıb. Ölkənin hazırki iqtisadi vəziyyətini kritik adlandıran Turçinov dövlət büdcəsinin sıfra bərabər olduğunu bəyan edib.
Bu arada Yanukoviçin ölkəni tərk etməyə cəhd etməsi faktını ölkənin daxili işlər naziri vəzifəsini icra edən Arsen Avakov təsdiqləyib. Belə ki, sərhədçilər işə qarışandan sonra prezident Yanukoviç təyyarədən enib, zirehli maşına minərək ərazini tərk edib. Nazir gün ərzində deputatlardan birinin İqor Kaletnikin də ölkəni tərk etdiyini deyib. O, deputat toxunulmazlığından istifadə edərək rahat şəkildə Moskvaya yola düşüb.
Ukrayna prezidenti Viktor Yanukoviç son aylar ölkədə baş verən hadisələrə görə tam məsuliyyəti öz üzərinə götürməlidir. Bunu Ukrayna müxalifətinin liderlərindən biri, 'UDAR' partiyasının sədri Vitali Kliçko Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
“UDAR” partiyasının lideri, Vitali Kliçko: “Yanukoviç son illərdə ölkədə baş verən hər şeyə görə, məsuliyyəti öz üzərinə götürməlidir. O, konstitusiyanı parlamentdən, prezidenti parlamentdən ayırdı. Bütün hakimiyyəti öz əlinə aldı, amma təkcə hakimiyyəti deyil, həm də ölkəmizdə baş verənlərə görə məsuliyyəti də öz üzərinə aldı. O, ötən ay, ötən həftə baş verənlərə, insan ölümünə görə məsuliyyəti öz üzərinə götürməlidir. Son 2 gündə Ukrayna prezidentinin harada olduğunu bilmirik.”
Kliçko bildirib ki, indiki vəziyyətdə bütün ukraynalıların ölkənin irəli getməsi üçün vahid şəkildə birləşməsi vacibdir. “Ölkəmizin normal həyat standartları olan gələcəyi ideyası bütün ukraynalıları birləşdirdi. Bəzi siyasətçilər ölkəni parçalamağa çalışsa da, bu, işə yaramayacaq”, - deyə, Ukrayna müxalifət lideri bildirib.
Ukraynada cərəyan edən hadisələr Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrovun telefon danışığında əsas müzakirə mövzusu olub. Con Kerrinin mətbuat nümayəndəsinin məlumatina görə, ABŞ və Rusiyanın xarici siyasət idarəsinin rəhbərləri əsas məqsədin zorakılığa yol verilməməsi olduğu fikrini bölüşüblər. Bununla belə, tərəflər Ukraynadakı ən son hadisələrin qiymətləndirilməsində fərqli fikirlər səsləndiriblər. Con Kerri bildirib ki, Viktor Yanukoviçin Kiyevdən getməsindən sonra şəhərdə vəziyyət sakitdir. Serqey Lavrov isə “Ukraynada müxalifət qüvvələrinin əldə olunmuş razılıqlara hörmət etmək istəməməsindən dolayı vəziyyətin kəskin pisləşdiyini” bildirib. Daha əvvəl isə ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında da Ukraynadakı vəziyyətin müzakirə edildiyi telefon danışığı olmuşdu. (anspress.com)

Şərhlər