"Fitch" beynəlxalq reytinq agentliyi dünən Azərbaycan banklarının reytinqini açıqlayıb. "Report" analitik qrupu reytinq agentliyinin təqdim etdiyi göstəricilərdə "Azərbaycan Beynəlxalq Bankı" ilə bağlı müddəaları ayrıca araşdırıb.
"Fitch" qiymətləndirilməsi nəticəsində "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) kredit reytinqini "BB", reytinq müşahidəsi isə "Pozitiv" təsdiq edilib. Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqinin təsdiq edilməsi və müşahidəsinin "pozitiv" açıqlanmasını agentlik Azərbaycan hökumətinin bankın pis aktivlərinin təmizlənməsinə yardımı və manatın dalğalanmasını kompensasiya edəcəyi ilə əsaslandırıb.

Məhz ABB-nin yanlış idarə edilməsi səbəbindən Azərbaycan hökuməti ABB-nin problemli kreditlərinin alınması üçün 3 mlrd. manat həcmində vəsait ayırmalı olub. Belə ki, "Fitch" son hesabatında bildirir ki, Azərbaycan hökumətinin 2 mlrd. manat həcmində ABB-nin problemli kreditlərini alması bankın kapitalına təzyiqləri azaldacaq. ABB-dən agentliyə verilən məlumata əsasən, hökumət tərəfindən ilin sonuna qədər bankın daha 1 mlrd. manatlıq problemli kreditlərinin alınması gözlənilir və əlavə olaraq hökumət bankın ödəmə qabiliyyətliliyini qorumaq üçün digər yollardan da istifadə edə bilər. Agentlik qeyd edir ki, devalvasiya ötüşdükdən sonra bankın qalan problemli kreditlərdən azad olması ilə də bağlı tədbirlər həyata keçirilərsə, reytinqin bir pillə artırılması mümkündür.

Beləliklə, beynəlxalq reytinq agentliyinin 2015-ci il ərzində açıqladığı 2 hesabat "Azərbaycan Beynəlxalq Bankı"nın bu ilin əvvəlində Cahangir Hacıyevin rəhbərliyi altında düşdüyü acınacaqlı durum və sonradan Azərbaycan hökumətinin müdaxiləsi ilə bərpa olunan imicini əyani şəkildə təsdiqləmiş oldu.
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.


Şərhlər