Suriyadakı vətəndaş müharibəsinin dövlətlər arasında açıq münaqişəyə çevriləcəyi təhlükəsi var

2016-cı ildə İraq və Suriya səhnəsində fərqli məqsədlər güdən üç koalisiya arasında döyüş gedəcək. Hərbi baxımdan Rusiyanın rəhbərlik etdiyi və özündə Bəşər Əsəd rejimini, İranı, İraqı birləşdirən koalisiya daha möhkəmdir. Bu koalisiyanın məqsədi Dəməşqi müdafiə etmək, Hələbi ələ keçirmək, qərbi Suriya əraziləri üzərində güclü nəzarət yaratmaq və İŞİD cihadçılarını İraqla sərhəddəki səhralığa qədər vurub sıxışdırmaqdan ibarətdir.

- Ruslar və sünnülər

İlk baxışda bu ssenarinin həyata keçirilməsi tamamilə mümkün görünür. Beləki, Əsədə və koalisiyaya qarşı vuruşan yaraqlı müqavimət qüvvələri rusların uzunmüddətli hücumlarına duruş gətirə bilməyəcək kimi təsir bağışlayırlar. Lakin Kremlin apardığı hərbi əməliyyatların uğurlu nəticə verəcəyi şübhə altındadır. Çünki İŞİD-ə qoşulmayan islamçı müqavimət qüvvələrinin arxasında yeni yaranmış sünnü koalisiyası dayanacaq. Bu koalisiya Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən idarə edilir. Sünnü koalisiyası Qatar, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn tərəfindən də maliyyələşdirilir. Ər-Riyadda keçirilən sammit bu koalisiyanın əsas sünnü müqavimət qruplarının hamısını və Suriya əhalisinin əksəriyyətini təmsil edən nümayəndələri necə birləşdirə bildiklərini nümayiş etdirdi. Bəşər Əsədə qarşı döyüşən və hakim Bəəs partiyasının özülünü təşkil edən ələvilərə düşmən olan qəbilələrin köməyinə söykənən müqavimət qruplarını silah və pull ilə təchiz edən Ər-Riyyad və Ankara yeni sünnü dövləti yaratmaq niyyətlərini, hələki gizlədirlər.

Putinin koalisiyası ilə sünnülər arasındakı qarşılaşma total xarakter daşıyır: onlar döyüş meydanında mübarizə apararaq, Vyanadakı danışıqlar masası arxasında müxtəlif məqsədlər güdürlər. Çünki Moskva Əsədin prezidentlik müddətinin sonuna kimi onun hakimiyyətdə qalmasını istəyir, amma Ər-Riyyad və Ankara Əsədin dərhal hakimiyyətdən imtina etməsinə nail olmağa çalışır.

- Üçüncü narahatedici vəziyyət

Bu mübarizədə ABŞ-ın rəhbərliyi altındakı üçüncü koalisiya da iştirak edir. Həmin koalisiya Parisdəki terror aktlarından sonra Əl-Bağdadinin rəhbərlik etdiyi İŞİD-ə qarşı həyata keçirilən hərbi əməliyyatları aktivləşdirərək, yaxın 12 ay ərzində bir neçə cəbhədən xilafətə ciddi strateji zərbə endirmək niyyətindədir. Pentaqonun başlıca hədəfi xilafətin paytaxtı Rakka şəhəridir. Şəhərin ətrafına, ərəb qəbilə qruplarının dəstəyindən istifadə edən suriyalı kürd partizan dəstələri yerləşdiriblər. Onlar Türkiyə sərhəddi yaxınlığındakı Kobani şəhərinin azad edilməsinə bənzər şəkildə Qərb aviasiyasının güclü zərbələri ilə müşayət olunan hücuma şərait yaradan uğurlu əməliyyatı təkrar etmək fikrindədirlər.

ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın hərbi əməliyyatlarının tempini artırması Obama administrasiyasının ehtiyatında cəmi bircə ilin qalması ilə əlaqədardır. Prezident istəyir ki, Ağ Evi müəyyən hərbi uğur qazanmaq və ya hətta xilafəti tamamilə sıradan çıxarmaqla tərk etsin. Putin isə çalışır ki, Ağ Evə yeni prezident gələnə qədər Yaxın Şərqdə Rusiya hegomoniyasının qurulması strategiyasının əsas elementi kimi Suriya plasdarmından istifadə etsin. Çünki yeni ABŞ prezidentinin xarici siyasətdə Obamaya nisbətən daha qətiyyətli addımlar atacağı gözlənilir.

Buradan da 2016-cı il üçün proqnozlar çıxarmaq mümkündür. Yaxın Şərqdəki bütün əsas oyunçular tezliklə strateji nəticələr qazanmağa can atacaqlar. Ancaq belə olduğu təqdirdə qarşılıqlı toqquşmaların riski artacaq. Digər tərəfdən isə Suriyadakı vətəndaş müharibəsinin dövlətlər arasında açıq münaqişəyə çevriləcəyi təhlükəsi var. Buraya xilafətin qarşısına qoyduğu – İŞİD hakimiyyətinin dayağının möhkəmləndirilməsi və sələfi inqilabının bütün islam dünyasına yayılmasını da əlavə etsək, onda ümumi vəziyyətin gərgin olacağı aydınlaşar. (La Stampa-İtaliya)

Tərcümə etdi: Vaqif NƏSİBOV