Menu

“McCann Erikson” şirkəti təkzib edir - “Absurd bəyanatlar verən Səlimov...”

30.12.2015, 17:40
“McCann Erikson” şirkəti təkzib edir - “Absurd bəyanatlar verən Səlimov...”

“Öz əhvalatına dramatik fon vermək niyyəti ilə Səlimov öz absurd iddialarını MTN ətrafında baş verən hadisələrlə bağlamağa çalışır”

“McCann Erikson” şirkəti iş adamı İsmayıl Səlimovun bu şirkətin rəhbəri Gəray Yusifovla bağlı ittihamlarına cavab verib.

“Mediagraf” reklam şirkətinin sahibi olan İsmayıl Səlimov “AzPolitika”ya müraciətində Gəray Yusifovun Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi və “MTN işi”ndə adı keçən “Akula Akif” ləqəbli şəxs vasitəsilə onun şirkətini ələ keçirmək istədiyini, buna nail olmadıqda müvafiq vəzifəli şəxslərin vasitəsilə “Mediagraf”ı zorakı üsullarla reklam bazarından çıxardığını, bu yolla məhv etdiyini bildirmişdi.

“McCann Erikson” şirkəti bu iddiaları qətiyyətlə rədd edib. Şirkətin “AzPolitika”ya daxil olan təkzib məktubunda deyilir: “Absurd bəyanatlar verən Səlimov “McCann Erikson” şirkətini Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə olan münaqişəsinə cəlb etməyə çalışır. Ona aid olan və tərəfindən 700 min dollar həcmində qiymətləndirilən “Mediagraf” şirkətini guya bizim ələ keçirdiyimiz barədə böhtan xarakterli məlumatlar yayır.

Bəyan edirik ki, nə G.Yusifov, nə də onun rəhbərlik etdiyi struktur daha əvvəl “Mediagraf” şirkətinə məxsus olan hər hansı biznes, yaxud reklam inventarına sahib deyil. Biznesin “ələ keçirilməsindən” heç bir söhbət gedə bilməz. Çünki “McCann Erikson” əvvəllər “Mediagraf”-a, yaxud onun rəhbərliyinə aid olan heç bir aktivə sahib deyil.

Bir neçə il əvvəl bizə İ.Səlimov tərəfindən şirkətin satışı ilə bağlı təklif gəlsə də, biz şirkətin son illərə aid fəaliyyəti, sifarişçiləri, aktivləri və digər parametrləri ilə bağlı araşdırma apardıq. Qısa müddət ərzində aydınlaşdırdıq ki, (Azərbaycan reklam bazarı o qədər də böyük deyil) həmin dövr üçün reklam haqqında qanunvericiliyi daim pozduğuna və təqdim olunan hesabların ödənmədiyinə görə reklam daşıyıcılarında reklam yerləşdirməklə bağlı “Mediagraf” şirkətinin Reklam və İnformasiya Departamenti ilə problemi vardır.

Həmçinin, şirkətin alınması təklifi daxil olduğu dövrdə demək olar ki, şirkətə məxsus bütün reklam daşıyıcıları artıq demontaj olunduğuna görə razılaşma ilə bağlı hər hansı danışıqlar aparmaq mənasız idi. Bu sövdələşmənin qeyri-perspektiv olduğunu nəzərə alaraq məsələnin gələcəkdə hər hansı müzakirəsindən imtina etdik.

Bununla yanaşı bizə məlumdur ki, İsmayıl Səlimov tərəfindən Reklam və İnformasiya Departamentinə qarşı irəli sürülən iddialar məhkəmə instansiyaları tərəfindən rədd edilmişdir”.

Məktubda daha sonra bildirilir ki, məhkəmə instansiyalarında öz məqsədlərinə çata bilməyən Səlimov onun biznesinə heç bir aidiyyatı olmayan insanlara “aşkar böhtan atmaq və insanlara qara yaxmaq” yolunu tutub. “Bu arada, çox güman ki, öz əhvalatına dramatik fon vermək niyyəti ilə Səlimov bəzi KİV-lərin dəstəyi ilə öz absurd iddialarını MTN ətrafında baş verən hadisələrlə bağlamağa çalışır. Rəsmi olaraq bəyan edirik ki, Azərbaycanda nəhəng beynəlxalq şirkətin nümayəndəsi olaraq, bu ölkədə 1998-ci ildən fəaliyyət göstərən McCann Erikson şirkətinin heç bir zaman İsmayıl Səlimovun hər hansı məmurla ixtilaflarına aidiyyəti olmayıb. Şirkətimiz Azərbaycanda ilk fəaliyyətindən indiyə qədər vicdanlı vergi ödəyicisi olaraq qanun çərçivəsində reklam bazarının inkişafına daim xidmət edib.

Səlimovun bəyanatları heç bir sübutlara söykənməyərək yalnız böhtan xarakteri daşıyır. Azərbaycanda aparıcı KİV-lərlə uzun illər sıx əməkdaşlıq edən şirkət kimi, təəssüf edirik ki, bəzi nəşrlər yalan məlumatlar yaymadan öncə obyektiv jurnalisitikanın tələb etdiyi kimi heç bir araşdırma aparmırlar”.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol