İordaniyalı pilot Muaz əs-Kasasibanın diri-diri yandırılması videosu və “Şarli Ebdo” terroruna terrorla cavabla başlayan il sabah qarşısında böyük ümidsizlik və sayrışan qorxularla da başa çatır.
İli adiləşən çoxsaylı qorxulara əlavə olunan devalvasiya və dollar panikasısı ilə başa vururuq. Baş verənlərə reaksiyalar və davranış formaları nə qədər zahirən fərqlənsə də, ümumi nəticə sabah qarşısında güclü narahatlıq və qorxu hissindən xəbər verir. Hələ müəyyənləşdirmək çətindir: bu, qeyri-müəyyənlik qarşısında qorxudur, yoxsa qara rənglə assosiasiya edən müəyyənlik?
Axı qorxu təkcə qeyri-müəyyənlik qarşısında olmur. Məsələn, Stefan Sveyq üçün vəziyyət tamamilə müəyyənləşmişdi - qlobal şər qalib gəlir, sivilizasiya məğlub olur, tezliklə nasizm bütün dünyanı fəth edir.
25 il ərzində iki dəfə dünya müharibəsinin şahidi olan yazıçı üçün bəşərin bir qırğın bitəndən cəmisi 21 il sonra ikinci qırğına yol verməsi barbarlığın təntənəsi idi. Və Sveyq müharibə meydanlarından minlərlə kilometr uzaqda - Braziliyada intihar edəndə sonadək məntiqi qalmağa cəhd edirdi.
Ancaq bizim indiki qorxularımız da məntiqidirmi, yoxsa bu, irrasionaldır, sabah-birigün panika səngiyəcək, status-kvo qayıdacaq, lap dollar da düşəcək, qiymətlər də ucuzlaşacaq, iş yerləri də açılacaq?..
Bu suala cavabdan çox şey asılıdır. Hələlik isə yalnız onu bilirik ki, qorxudan qorxmaq daha qorxuludur.
Və vaxtilə müdrik Mişel Montenin öz “Təcrübələr”ində yazdığı kimi, “Bütün bəlalarla müqayisədə qorxu daha kəskin hiss edilir. O, gah bizim dabanlarımıza qanad verir, gah da ayaqlarımızı yerə mismarlayır”.
Ömrünün böyük hissəsini Avropanı cənginə qalmış dini müharibələrin alovunda keçirən Monten öz dövrünün qorxularından geniş bəhs edib.
Oxuduqca anlayırsan ki, heç nə dəyişməyib, məzmun eynidir, formalar fərqlənir. Başqa bir müdrikin - imperator Mark Avrelinin 1900 il əvvəl yazdığı kimi, “Kim dünəni görübsə, o, sabahı da görüb”.
Eramızdan əvvəl IV əsrdə Karfageni çulğamış kütləvi qorxu barədə Monten bu cümlələri yazır: “Şəhərin dörd tərəfindən vəhşi qışqırtılar, təlaş səsləri ucalırdı. Hər yerdə görmək olardı ki, sakinlər necə evlərindən bayıra qaçır, sanki həyəcan siqnalı altında bir-birinin üzərinə atılır, yaralayır, öldürür. Hər kəs digərinə şəhərə daxil olan düşmən kimi baxırdı. Çaxnaşma və azğınlıq yalnız çoxlu dualardan və tanrılara kəsilən qurbanlardan sonra səngidi”.
Bu cümlələri yazarkən Monten tarixçi Diodora istinad edirdi. O vaxt Karfagendə vəziyyət olduqca həyəcanlı idi, taun epidemiyası hökm sürürdü və hər gün minlərlə can alırdı. Şayiələr gəzirdi ki, Afrika və Sariniyadan çoxsaylı gəmilərlə Karfagenə yan alan düşmənlər şəhəri işğal etməyə hazırlaşırlar.
Və Monten o günlərdə karfagenlilərin ağıllarını başlarından alan qorxu epidemiyasının təbiətini bu sözlərlə xarakterizə edirdi: “Yunanlar qorxunun xüsusi bir növünü fərqləndirirlər. O, insanın düşüncə qabiliyyətinin mükəmməlliyindən qətiyyən asılı deyil. Bu cür qorxu heç bir ciddi əsas olmadan yaranır və bütöv xalqları, bütöv orduları özünün qurbanına çevirir... Bu cür qorxunu yunanlar panik qorxu adlandırırlar...”
Əlbəttə, panika heç də göründüyü qədər spontan və irrasonal deyil. O, çoxsaylı qorxu fraqmentlərinin bir pazzl kimi formalaşdığı vaxt kütlələrə hakim kəsilir. Müharibə və terror qorxusu. İşsizlik. Xəstəliklər və müalicəyə pulun yoxluğu. Kreditləri ödəyə bilməmək. Günbəgün bahalaşma. Və bunlara əlavə kimi də pozitiv ideologiyanın, xilas strategiyasının yoxluğu. Bu kaleydoskopa ilk baxışda taleyüklü görünməyən yeni qıcığın qoşulması artıq panikanı reallaşdırır.
Karfagenlilər xilas olmaq üçün dualara və qurbanlığa inanırdılar. Bizim günlərimizdə bu, çıxış yolu deyil. İllüziyalar tükənib.
Montenin müşahidələrinin aktuallığını itirməmiş dəqiqliyi isə diqqət çəkir: Panika əqli qabiliyyətdən asılı deyil. O, hamını çulğayır.
***
Yaxud Montenin aşağıdakı kəlmələri də qüvvəsini saxlayır: “Hansısa savaşda yaralanan, qanı tökülənlərin çoxu sabah yenidən döyüşə yolanır, ancaq kim düşmən qarşısında qorxu hissini dadıbsa, belələrini bir daha düşmən tərəfə baxmağa məcbur edə bilməzsiz. Əmlakını itirmək, ölkəsindən qovulmaq, başqalarından asılı vəziyyətə düşmək qorxusu keçirənlər daimi həyəcan içində yaşayırlar: onlar yuxusuzluğa düçar olur, iştahalarını itirir. Hələ nə qədəri də qorxu əzabları qarşısında özlərini asır, dənizə tullanır, qayadan atlanır - belələri əmindir ki, qorxu ölümdən daha dözülməzdir...”
Qorxu içində inləyən toplum xilasdan da məhrumdur.
***
1948-ci ildə “Komba” qəzeti üçün yazdığı “Qorxu əsri” məqaləsində Alber Kamyu öz əsrini bu cür xarakterizə edirdi: “XVIIəsr riyaziyyat əsri idi, XVIIIəsr - fizika, XIXəsr - biologiya əsri. Bizim XXəsr - qorxu əsridir”.
Onun fikrincə, “Bizim dünyamızda ən təsiredici odur ki, insanların böyük əksəriyyətinin gələcəyi yoxdur. Gələcəyi layihələşdirmədən, tərəqqi vəd etmədən əsl həyat mümkün deyil. Divar yanındakı həyat - it həyatıdır. Mənim nəslimin və hazırda emalatxanalara, fakültələrə qədəm basan yeni nəslin insanları günü gündən daha çox it kimi yaşayır”...
Hədəfindən yayınmayan kəlmələrdir! Proqnoz isə tam dəqiqliyi ilə doğruldu. Əgər XXəsr qorxu və həyəcan əsri idisə, XXIəsr bu qorxunun sindroma çevrildiyi, epizodik yox, davamlı olduğu, totallaşdığı, insanın yaxasından bir an da əl çəkmədiyi bir əsrdir.
Dünya yuvarlandıqca kiçilir, kiçildikcə bu qorxu sindromu nüfuz etmədiyi bircə künc-bucaq da qoymur.
Və bu gün sakit sayılan məkan artıq sabah-birigün, qəfildən, hətta oranın sakinlərinin sevinc qışqırtıları və “Ura” sədaları altında qorxu cəhənnəminə çevrilir. “Qorxu” ən çox işlədilən kəlməyə çevrilir. Hər an həyatı zəhərləyən, arzulamağa qoymayan, mövcudluğu absurdlaşdıran, sayrışan hala keçən kəlməyə...
Məmməd Süleymanov
(virtualaz.org)


Şərhlər