Rusiya iqtisadiyyatının təhlükəli vəziyyəti fonunda rubl ucuzlaşır
Proqnozlara görə neftin qiymətinin aşağı düşməsi və Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya iqtisadiyyatının daralması 2016-cı ildə 3,7 % təşkil edəcək. Hərçənd ki, hakimiyyət nümayəndələri vəziyyətin sabitləşəcəyini iddia edirdilər və hətta prezident Putin böhranın zirvə nöqtəsinin ötüb getdiyini söyləyirdi.
Lakin neftin qiymətinin yenidən enməsi bütün nikbin proqnozların üstündən xətt çəkdi.
Keçən həftə siyasi və biznes elitasının yüksək səviyyəli nümayəndələri xəbərdarlıqla bildirdilər ki, ölkə daha bir il ressesiya şəraitində yaşamağa hazırlaşmalıdır. Hazırda bir dolların 73 rubl səviyyəsində olması tarixi minimumdur. Ümumiyyətlə isə kütləvi şəkildə depozitlərin geri çəkilməsi prosesi Rusiyanın bank sistemini ciddi şəkildə təhlükəyə atır. Beləki, 2015-ci ilin əvvəlindən indiyədək rubl dollar qarşısında 26% devalvasiya olunub.
Rusiya dövlət televiziya kanalına verdiyi müsahibəsində ölkənin ən varlı oliqarxlarından biri sayılan Əlişir Usmanov deyib: ”2016-cı il 2015-ci ildən yüngül olmayacaq, bəlkə də daha mürəkkəb keçəcək”.
İqtisadi İnkişaf naziri Aleksey Ulyukayevin sözlərinə görə, Rusiya ucuz neft illərinə hazırlaşmalıdır. Moskvanın “Renesans kapital” investisiya bankının iqtisadçısı Oleq Kuzmin isə bildirib: ”Hər şey neftdən və yalnız neftdən asılıdır. İndiki böhranın dibi görünmür”.
Analitiklər qeyd edirlər ki, son dövrlər iqtisadiyyatın zəifləməsi sadə rusiyalılara daha ağır təsir göstərir. Hökumətin verdiyi məlumata görə, 2014-cü ilin anoloji dövrünə nisbətən 2015-ci ilin 11 ayı ərzində real məvaciblər 9 % azalıb. Bu isə 1990-cı illərin sonundakı iqtisadi böhrandan indiyədək olan ən güclü geriləmədir. Ərzaq məhsullarından tutmuş, avtomobillərə qədər olan istehlak mallarının ümumi satış həcmi kəskin şəkildə azalıb. Pərakəndə satış keçən ilə nisbətən 13% aşağı düşüb. İctimai fikri öyrənən dövlət mərkəzinin məlumatına görə, 39 % rusiyalı ailə, özlərinə kifayət qədər ərzaq və paltar almaq imkanında deyil. Bu göstərici 2014-cü illə müqayisədə 22 % çoxdur.
Vladimir Putin dekabr ayında, özünün illik mətbuat konfransında iqtisadiyyat barəsində bədbin əhval-ruhiyyə ilə danışaraq, pensiya yaşının qaldırılması barəsində xəbərdarlıq da edib. Amma buna baxmayaraq, o, böhranın zirvə dövrünün ötüb keçdiyini söyləyib.
İqtisadiyyat barəsində sözlərdəki yüksək səs tonunun aşağı düşməsi, neftin qiymətinin aşağı düşməsinin davam etməsi ilə əlaqədardır. Neftin qiyməti dekabr ayında yenidən düşərək, son 11 ilin ən aşağı həddinə qədər geriləyib. Neft və qaz satışından gələn gəlirlər Rusiya dövlət büdcəsi gəlirlərinin yarısını təşkil edir. Öz növbəsində neftin qiyməti, şirkətlərin və istehlakçıların inamına da böyük təsir göstərir.
Rusiya məmurları əhalini daha pis vəziyyətə hazırlaşmaq barədə xəbərdar edirlər. Energetika naziri Aleksandr Novak və İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev dövlət televiziyasında çıxış edərək ucuz neft qiymətlərinin hələ uzun müddət ərzində davam edəcəyini bildiriblər. Aleksandr Novakın sözlərinə görə, Səudiyyə Ərəbistanın hasilatı artırması bazarlardakı sabitliyi pozur.
Analitiklərin fikrincə, Vladimir Putinin populyarlıq reytinqinin 80%-i keçməsinə baxmayaraq, sadə rusiyalıların həyat şəraitinin pisləşməsi Kremlin ciddi narahatlığına səbəb olur.
Son iki ayda Rusiyanın bir neçə regionunda uzaq mağistrallı yük avtomobilləri sürücülərinin, vergi yığımının yeni sisteminə qarşı həyata keçirdikləri açıq etirazlar, demək olar ki, kifayət qədər nadir hadisədir. İctimai fikrin öyrənilməsi məsələsində aparıcı yeri tutan “Levada-Mərkəz”in rəy sorğusuna görə, əhalinin 63%-i sürücüləri müdafiə edir.
İqtisadi məsələlərdə Vladimir Putinə məsləhət və tövsiyyələr verən Aleksey Kudrin bilirib ki, 2016-cı il ölkə üçün ağır keçəcək. Onun sözlərinə görə, Rusiyanın bəzi regionlarında yeni il bayramında istehlak tələbatı 30% azalıb. Aleksey Ulyukayev isə deyib ki, hətta 1999-cu ildə də belə olmamışdı.
“Macro Advisory” consaltinq şirkətinin Moskvadakı aparıcı əməkdaşı Kris Uifer vəziyyətlə əlaqədar deyib: ”İndiki ressesiyanın yalnız bir il davam edəcəyi barəsində ümumi fikir vardı. Türkiyə ilə yaşanan hadisələr və neftin qiymətinin düşməsi insanları vəziyyətə real baxmağa məcbur etdi və onlara aydın oldu ki, nikbinlik üçün əsas yoxdur”.
Rusiya hakimiyyətinin bu yaxınlardakı bəzi fəaliyyətləri ölkədəki iqtisadi vəziyyəti qətiyyən yaxşılaşdırmayıb. Türkiyə və Ukrayna mallarına qoyulan embarqo əsas etibarı ilə inflyasiyanın artmasına səbəb olacaq. Bundan başqa Avropa Birliyi Rusiyanın Ukraynadakı fəaliyyəti ilə əlaqədar tətbiq etdiyi sanksiyaların müddətini uzadaraq, səbəb kimi bildirib ki, Moskva Minsk razılaşması çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirmir. (“The Financial Times”)
Tərcümə etdi: Vaqif NƏSİBOV

Şərhlər