Bakıda qızıl alverçisinin qətlinin bəzi təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü Məryam Namet-zadə qızı və bacısı oğlu tərəfindən yatdığı yerdə öldürülüb. M. Namet-zadənin qızı Günel Hüseynova qətli törədəndən sonra hadisənin digər iştirakçılarını evdə qoyaraq mənzili tərk edib. O, bir neçə saat sonra evə qayıdıb və hadisənin iştirakçılarını evdən çıxarıb.
İlkin məlumata görə, qətl tamah məqsədi ilə törədilib. Bildirilir ki, G. Hüseynova saxlanılarkən polisə rüşvət təklif edib. O, polisdən 5 milyon manat müqabilində işin bağlanılmasını xahiş edib. Polis qızın bu təklifini rədd edərək, onu istintaqa təhvil verib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu gün təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.
***
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yaydı
Bakıda qızıl alverçisini qətlə yetirən şəxslərin adları açıqlanıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.
Belə ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadən Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
* * *
“Jewüellery” mağazalar şəbəkəsinin sahibəsi, iş adamı Məryəm Namidzadənin qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.
APA TV-nin əldə etdiyi məlumatlara görə, qətli törədən şəxsin iş adamının qızı Günel Hüseynova ilə dörd il qeyri-rəsmi münasibətləri olub. Qatil Günel Hüseynovaya onunla evlənəcəyini söz veribmiş.
Son zamanlar külli miqdarda borcu olan bu şəxs sevgilisindən borcları ödəməkdə yardım istəyib. O, Günel Hüseynovaya “Qızıl Məryəm” kimi tanınan anası Məryəm Namədzadədən pul almağı məsləhət görsə də, ilkin olaraq rədd cavabı alıb. Günel Hüseynova bildirib ki, anasında kifayət qədər pul olsa da, ona bu qədər yüksək məbləğdə pul verə bilməz. Sevgilisinin israrından sonra Günel Hüseynova ona anasını qorxudaraq pul almağı məsləhət görüb. Məryəm Namədzadə ilə qızı Günel Hüseynova arasında ədavətin olduğu da bildirilir.
Cinayəti planlaşdırdıqdan sonra gün təyin edilib. Yanvarın 5-də sevgilisi, adı açıqlanmayan daha bir nəfərlə Məryəm Namədzadənin yaşadığı evin qarşısına gəlib. Qızını məktəbə aparmaq adı ilə evdən çıxan Günel Hüseynova qapını qəsdən açıq qoyub və blokdan çıxarkən sevgilisinə işarə edib. Daha sonra bu iki şəxs evə daxil olaraq Məryəm Namədzadəyə zor tətbiq edərək ondan pul istəyiblər. Qadın evdə pul və qızıl olmadığını, bütün pulların mağazada olduğunu dedikdən sonra cinayətkarlar bıçaqla çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Təsdiqlənməyən məlumatlara görə, evdən 30 min manatla yanaşı bazar qiyməti yüksək olan çoxlu sayda qızıl-zinət əşyaları da aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Cinayətdə şübhəli bilinən 3 nəfər, o cümlədən iş adamının qızı Günel Hüseynova saxlanılıb.
* * *
Cinayət işinin istintaqı rayon prokurorluğundan alınıb
Yanvarın 5-də Nəsimi rayonunda iş adamı Məryəm Namidzadənin qətli ilə əlaqədar başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılacaq. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürməsiilə bağlı cinayət işi Nəsimi rayon Prokurorluğunda başlansa da, sonradan toplanmış materiallar Bakı şəhər Prokurorluğuna göndərilib. Hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Artıq cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Onların arasında M.Namidzadənin qızı Günel Hüseynova da var.
* * *
Öz mənzilində qətlə yetirilmiş iş adamı Məryəm Namidzadə qızı Günel Hüseynova ilə birlikdə yaşayırmış.
Bu barədə “Report”un əməkdaşına M.Namidzadənin qonşuları bildirib.
Bir neçə il əvvəl ərindən boşanmış G.Hüseynovanın məktəbli övladı var. Qonşular bildirib ki, onlar arasında daim dava-dalaş olub.
Məryəm Namidzadənin mənzilində 15 kq qızıl olub. Bu barədə onun qonşularından biri məlumat verib.
M.Namidzadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb.
Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır.
M.Namidzadənin qızı Günel Hüseynova isə istintaqa ilkin ifadəsində evdən ona məxsus 30 min ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Nəsimi Rayon Prokurorluğundan isə “Report”a bildirilib ki, faktla bağlı şübhəli şəxs qismində dörd nəfər saxlanılıb. Onlardan biri mərhumun qızı G.Hüseynovadır.
Bundan başqa, M.Namidzadənin qardaşı oğlu da istintaqa cəlb edilib. O, hərbi xidmətdən yenicə qayıdıb. Atası isə bir neçə il əvvəl həbs olunub. Hazırda həbsdədir.

G.Hüseynovanın indiki sevgilisi isə M.Namidzadəyə Mərkəzi Univermaqda qızıl alqı-satqısında kömək edirmiş. Onun adı Asimdir, soyadı isə açıqlanmayıb. Həmin şəxs də istintaqa cəlb edilib.
Hüseynovaya məxsus “Audi” markalı avtomobil hazırda qətl baş verən Feyzulla Qasımov 17 ünvanının qarşısındadır. “Report”un əməkdaşı həmin avtomobilin fotolarını çəkib.
* * *
Yanvarın 5-də Nəsimi rayonu Feyzulla Qasımzadə küçəsində iş adamı Məryəm Namidzadənin amansızlıqla qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, qızıl alverçisi kimi tanınan 56 yaşlı M.Namidzadəni qızı ilə birgə bacısının 2 övladı öldürüb.
Artıq həmin şəxslərin kimliyi müəyyənləşdirilib və onlar saxlanılıblar.
M.Namidzadənin qızının və bacısı uşaqlarının onu konkret hansı səbəbdən öldürdüyü hələlik məlum deyil. Araşdırmalar davam etdirilir.
*******

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olması müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Şərhlər