Menu

Prezident qiymətləri süni artıranları hədələdi - - FOTO- YENİLƏNİB

10.01.2016, 14:47
Prezident qiymətləri süni artıranları hədələdi -  - FOTO- YENİLƏNİB

“İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər”.ANS PRESS-in məlumatına görə bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq:“Hələ ki, bu məhsullar ilə 100 faiz özümüzü təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun."

***12-45***

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. ANS PRESS-in məlumatına görə iclasda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirlər Kabinetinin iclası

Sonuncu dəfə oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident İlham Əliyev iclası giriş nitqi ilə açıb. Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər.

İclasın sonunda prezidenti yekun nitqi söyləyib.

İlham Əliyevin sədrliyi ilə oktyabrın 12-də keçirilən iclas

İclasda İlham Əliyev məmurlara sərt xəbərdarlıq etmişdi. “Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır.”

Yerli icra orqanlarının səbəbsiz yoxlamalarına münasibət bildirən İlham Əliyev bildirib ki, sahibkarlar bu hallarla çox rastlaşır. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Prezident bildirib ki, yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır.

“Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır.”

İlham Əliyev yoxlamaların tənzimlənmə mexanizmi işlənməli olduğunu deyib. “Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol