Menu

Jurnalistin QATİLLƏRİNİN məhkəməsi aksiya ilə başladı: İfadələr - FOTOLAR-Yenilənib

12.01.2016, 18:52
Jurnalistin QATİLLƏRİNİN məhkəməsi aksiya ilə başladı: İfadələr -  FOTOLAR-Yenilənib

“Mən Rasim Əliyevlə görüşə söyüşə görə getmişəm. Cavidə də dedim ki, “sən qarışma”. Əgər Cavidi ağsaqqal kimi qəbul eləsəydim, onun sözünə qulaq asıb getməzdim…”. Bunu yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı prosesdə onu ölümcül döyməkdə təqsirləndirilən Elşən İsmayılov dedi.

Təqsirləndirilən şəxslərin ifadəsindən əvvəl prokuror ittiham aktını elan etdi. Müttəhimlərdən üçü – Elşən İsmayılov, Camal Məmmədov və Arif Əliyev özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildi. Digər iki nəfər – Samir Mustafayev və Kənan Mədətov isə, ümumiyyətlə, ittihamı qəbul etmədi.

İttihama görə, adları çəkilən şəxslər əlbir olub, qrup şəklində gedib Rasim Əliyevə onun ölümü ilə nəticələnən ağır bədən xəsarətləri yetirməkdə, Elşən İsmayılov və Arif Əliyev həm də mərhuma məxsus pulqabı və telefonu götürməklə oğurluqda təqsirləndirilir.

Elşən İsmayılov ifadəsində bildirdi ki, “facebook”da təsadüfən dostlarından birinin yazdığı şərhdən sonra Rasim Əliyevin “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov haqda statusunu görüb. Elə mübahisələri də buradan başlanıb. Elşən İsmayılov Cavid Hüseynovun bibisi oğludur.

Rasim Əliyevin atası

Rasim Əliyevin atası

“Bəlkə məni baltalayacaqdı?”

“Cavid haqda “tərbiyəsi, əxlaqsız” sözünü yazmışdı. Mən də heç qohumu yox, azərbaycanlı kimi rəy bildirdim. Yazdım ki, “azərbaycanlı olan şəxs ölkənin bayrağını ucaldan adam barədə belə sözlər deməz”. Mənə cavab yazdı ki, “əgər şübhən varsa, gedib analiz verə bilərik”. Mübahisə elədik, məndən nömrə istədi, özü də nömrəsini yazdı. Konturum yox idi deyə, mağazaya düşüb aldım, elə oradan zəng elədim. Telefonda məni, ailəmi təhqir elədi. Mən də onu söydüm. Ətrafdakılar başa düşdü ki, mübahisə eləyirik. Dedi ki, “səni Bayılda gözləyirəm”. Mənə söyüş pis təsir eləmişdi, özümə sığışdırmırdım, qərara gəlmişdim ki, gedib onunla görüşüm”, – deyə Elşən İsmayılov bildirdi.

Dediyinə görə, onunla birlikdə mühakimə olunan digər şəxslərə Rasim Əliyevlə aralarındakı mübahisə barədə məlumat versə də, onu döyməyi planlaşdırması haqda heç nə bildirməyib:

“Kənan işdə idi, mən zəng elədim ki, məni maşını ilə “Razin”dən Bayıla aparsın. Camalı təsadüfən həyətdə gördüm. Samiri, ümumiyyətlə, tanımırdım. Yolda bibim oğlu Pərvizlə telefonla danışanda ona dedim ki, belə bir söhbətə gedirəm, “Bayıl market”in yerini soruşdum. Samir də onun tanışıdı, dedi ki, “zəng elə bu adama, sənə yerini göstərər, o da Bayılda yaşayır”. Beləcə, onu Bayıldan götürmüşük. Sadəcə, onu tanımadığımdan, çəkindiyimdən yanımda uşaqların da olmasını istədim ki, bəlkə məni baltalayacaqdı?”

Vəkil Ə.Mustafyev

“Cavidə dedim ki, sən qarışma”

Elşən İsmayılov özü də futbolçudur. O deyir ki, Cavid Hüseynovun bu hadisədən xəbəri olmayıb: “Hələ getməmişdən əvvəl Cavidə zəng eləyib dedim ki, “bir jurnalist sənin haqqında belə şeylər yazıb, onunla danışdım, mənə ana-bacı söyüşü söydü, mən də qəbul eləmirəm”. Cavidə nömrəsini də verdim. Bir qədər sonra zəng eləyib dedi ki, “onunla danışdım, səndən üzr istəyəcək söyüş söydüyünə görə”. Bir saat gözlədim, zəng gəlmədi, özüm Rasim Əliyevə bir daha zəng elədim, dedim ki, “üzr istəmirsən?” Dedi ki, “yox”. Cavid zəng elədi, dedi ki, “getmə”. Ona dedim ki, “sən qarışma, mənim anamı söyüb”. Əgər deyildiyi kimi, mən Cavidi ağsaqqal kimi qəbul eləsəydim, onun sözünə qulaq asıb getməzdim. Cavid hadisədən sonra baş verənləri internetdən öyrənib, məni tənbeh elədi”.

Rasim Əliyevin anası, iş üzrə zərərçəkmiş Teyfurə Əliyevanın dindirmə zamanı Elşən İsmayılova belə bir sualı oldu: “Deyirsən, Rasim söyüş söyüb, bəs bundan əvvəl bir adamı niyə bıçaqlamısan?”

Hakim Eldar İsmayılov bu sualın baxılan işə aidiyyəti olmadığını əsas gətirərək, onu çıxardı.

“Peşmanam”

Digər təqsirləndirilən Camal Məmmədov da futbolçudur. O, ifadəsində bildirdi ki, Elşən İsmayılovla müxtəlif klublarda oynayıb, Bakıxanov qəsəbəsində kirayə qaldığı ev də onların qonşuluğundadır. Hadisə baş verən gün yemək almaq üçün həyətə düşəndə təsadüfən Elşən İsmayılovu görüb və onunla Rasim Əliyev arasında olanları bilib. Onun dediyinə görə, Rasim Əliyevin şəklini görüşə gedərkən yolda “facebook” səhifəsində görüblər: “Hətta Bayılda bir çayxanada üç nəfərdən birini Rasim zənn etdik. Yaxınlaşdıq, məlum oldu ki, o deyil”.

İstintaq zamanı ifadəsini müstəntiqin yazdığını və orada bir sıra məqamlarla razılaşmadığını deyən Camal Məmmədov əməlindən də peşman olduğunu bildirdi: “Ağlıma gəlməzdi ki, bir-iki təpiklə adam ölə bilər. Peşmanam…”

Hadisəni qeydə almış təhlükəsizlik kamerasındakı görüntülərdən aydın olur ki, Rasim Əliyev döyüləndən sonra durub qaçarkən Camal Məmmədov da arxasınca gedir. Zərərçəkmiş Teyfurə Əliyevanın bu barədə sualına o, belə cavab verdi: “Qaçırdım deyim ki, “çıx get də…”

Məhkəmə prosesi yanvarın 14-də digər təqsirləndirilənlərin ifadəsilə davam edəcək.

“Biz kütləvi həbslərin tərəfdarı deyilik”

Məhkəmədən sonra zərərçəkmişin nümayəndəsi Əsabəli Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, yeganə tələbləri məhkəmənin obyektiv keçirilməsidir:“Biz nəyinsə xətrinə kütləvi həbslərin aparılmasının, eləcə də, kimlərəsə ağır cəzaların verilməsinin tərəfdarı deyilik. Sadəcə, ədalətin tərəfdarıyıq. İstintaqın ilk günlərindən narazılığımızı bildirmişik. Düşünürdük ki, məhkəmə istintaqı zamanı problemləri aradan qaldıra bilərik. Bunun üçün vəsatətlərimiz oldu. Amma təəssüf ki, qəbul olunmadı. Prokuror ittiham aktında oxuyur ki, “göstərilən tibbi yardıma baxmayaraq, vəfat edib”. Halbuki, Rasimə ümumiyyətlə, lazımi tibbi yardım göstərilməyib. Çox təəssüf ki, buna istintaq qiymət vermədi, görünür məhkəmə də qiymət verməyəcək”.

“Rasim söyüş söyən deyildi”

Mərhum jurnalistin atası Məmmədəli Əliyev isə oğlunun ilk dəfə telefonla danışdığı adamı söyməsinə inanmır:“Övladım olduğu üçün demirəm, Rasim, ümumiyyətlə, söyüş işlədən deyildi. Elşən İsmayılov deyir ki, Rasim onlarla görüşəndə ondan üzr istəməsini tələb edib. Rasim isə “əcəb eləmişəm” cavabını verib. Halbuki, döyülmə anında heç bir söhbət olmayıb. Salamlaşan kimi Rasimə zərbə dəyib. Onların dediklərinin hamısı yalandır. Onların əsas məqsədləri Cavid Hüseynovu qorumaqdır”.

Məhkəmə qarşısında aksiya

Rasim Əliyevin ölümü üzrə məhkəmə iclası keçirilən zaman Bakı Ağır Cinayətlər Məhkəməsi binası qarşısında bir qrup jurnalist aksiya keçirib. Jurnalistlər “Həkimlər məsuliyyətə cəlb edilsin!”, “Jurnalist ölümlərinə son!” şüarları yazılmış plakatlar və Rasim Əliyevin şəkillərini qaldırıblar.

Polis aksiyaya müdaxilə edib və mərhum jurnalistin bəzi portretlərini etirazçıların əllərindən alıb. Rasim Əliyevin şəkillərindən birini zibil qutusuna atıblar.​(azadliq.org)

---------------

rasim_eliyev_EZypK6pfkdLZQCKzWVcBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi işi üzrə həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Virtualaz.org-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əvvəlki məhkəmədə olduğu kimi, media nümayəndələri bu dəfə də prosesdən kənarda qalıblar. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında da qarşıdurma yaranıb. Onlar da zala buraxılmayıblar.

Prosesdə dövlət ittihamcısı ittiham aktını elan edib. Təqsirləndirilən Elşən İsmayılov (“Qəbələ” futbol klubunun hücumçusu Cavid Hüseynovun bibisi oğlu), Arif Əliyev və Camal Məmmədov onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Kənan Mədətov və Samir Mustafayev isə təqsirli bilməyiblər.

Təqsirləndirilən Elşən İsmayılov ifadəsində göstərib ki, mərhum Rasim Əliyevin Cavid Hüseynov barəsində yazdıqı statusu təhqir hesab edib: " Cavidin qohumu kimi yox, bir azərbaycanlı kimi mənə təsir elədi. Dedim bunu yazanın qanında azərbaycanlı qanı yoxdur. O da cavabında yazdı ki, şübhən varsa gedək yoxlatdıraq. Sonra nömrəmi yazmağımı istədi. Nömrəmi verdim. Zəng vurub söyüş söydü. Dedi istəyirsən gəl, “Bayıl market” in qarşısındaa görüşək”.

E.İsmayılov Rasimlə aralarında olan söhbət barədə Cavidə məlumat verib:" Cavid dedi ki, işin yoxdur. Dedim yox, o məni söyüb. Cavid də dedi, zəng vurub üzr istəyəcək. Gözlədim, zəng vurub üzr istəmədi. Əksinə dedi ki, üzr istəniləcək hec nə yoxdur. Tanımadıqım adam idi, cəkinirdim, ona görə uşaqlara Bayıla getmək istədiyimi dedim. Birlikdə getdik. Bu hadisənin belə yerə catacaqı aqlıma da gəlməzdi".

E.İsmayılov hadisədən sonra Bibiheybət məscidinə getdiklərini deyib:" Uşaqlar namaz qıldılar. Sonra Cavid mənə zəng vurub narazılıq etdi, məni danladı. Dedi ki, niyə belə hərəkət etmisən, qanun var, dövlət var. Sonra digər təqsirləndirilən Camal Məmmədov ifadə verib. O, Bayıla dava məqsədilə getmədiklərini, çay icib söhbəti yoluna qoymaq ücün getdiklərini deyib.

C.Məmməfov ittihamlarda yazılanların əksəriyyəti ilə razılaşmadıqını, belə bir hadisənin baş verməsindən peşmancılıq kecirdiyini biıdirib. Məhkəmə prosesi yanvarın 14 - də davam edəcək.

Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.

Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb. Onun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, jurnalistin QATOİLƏRİNİN yalan danışdıqlarını hadisənin videosu təsdiqləyir. Həmin videodan görünür ki, bu "QOÇULAR" söhbətə deyil, Rasim Əliyevi cəzalandırmağa gəliblər. Sifarişi Cavid Hüseynovun verib-vermədiyini isə söyləmək çətindir.

Bu gün Cavid Hüseynovun işi məhkəməyə göndərilib.Əvvəlki proses kimi bu dəfə də media nümayəndələri prosesdən kənarda qaldılar. Musavat.com xəbər verir ki, İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri açıq şəkildə zala buraxmayacağını bildirdi. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında məhkəmə binasının önündə qarşıdurma yaranıb. Onlar da zala buraxılmırlar.

Qeyd edək ki: Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol