Menu

«Təhsil nazirinin qərarlarını alqışlayıram» - EKSPERT

12.01.2016, 11:20

etibar-eliyevTanınmış təhsil eksperti Etibar Əliyev Təhsil Nazirliyindəki son struktur dəyişikliklərinə münasibət bildirib.

Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, İqtisadiyyat şöbəsinin bazasında Maliyyə və Audit şöbələri yaradılıb. Eləcə də İlk peşə və orta ixtisas şöbəsi ləğv edilərək, İlk peşə-ixtisas təhsili sektoru yaradılıb.

İnsan resursları şöbəsinin Əlavə təhsil sektorunun adı dəyişdirilərək, Dövlət qulluğu məsələləri sektoru, Məktəbəqədər və ümumi təhsil şöbəsi isə Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsi adlandırılıb.

Elm və ali təhsil şöbəsinin adı dəyişdirilərək, Elm, ali və orta ixtisas təhsil şöbəsi olub. Şöbənin Tələbələrə dəstək və mübadilə proqramları və Ali təhsil sektorlarının bazasında Ali, orta ixtisas və əlavə təhsil sektoru yaradılıb.

Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin adı dəyişdirilərək, Hüquq şöbəsi, həmin şöbənin Lisenziyalaşdırma və akkkreditasiya sektoru Normativ-hüquqi təminat sektoru adlandırılıb.

Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun adı dəyişdirilərək, İctimaiyyətlə əlaqələr sektoru adlandırılıb.

Ekspert bu dəyişiklikləri dəyərləndirərkən, deyib: “Təhsilin çevik və şəffaf idarə olunması üçün ilk növbədə nazirlikdə fəaliyyət göstərən qurumlar təkmil olmalıdır. Təhsil sistemi Sovet dövründən və keçid dövründən qalma idarəetmə ilə çalışa bilməz. Məsələn, İqtisadiyyat şöbəsinin adı sovetlər vaxtından qalmadır. İndiki struktur dəyişikliyində İqtisadiyyat şöbəsinin bazasında maliyyə və audit sektorlarının yaradılması müsbət haldır.

Sovet vaxtı peşə təhsilinə çox böyük diqqət yetirilirdi və bu sabəbdən Texniki – peşə təhsili komitəsi yaradılmışdı. İndi peşə təhsilinin gözdən salınmasına baxmayaraq təhsilin bu pilləsi Orta ixtisas pilləsindən vacibdir. Buna görə də İlk – peşə ixtisas təhsili sektorunun yaradılması da düşünülmüş addımdır. Mən Elm, ali və orta ixtisas təhsilinin bir şöbədə birləşməsinin əleyhinəyəm. Elmə aid olan qurumun sektor kimi yox, ayrıca şöbə kimi yaradılması daha doğru olardı. Çünki son dövrlər “elmdən təhsilə” doğru götürülən istiqamətin özü də bunu diqtə edir. Ali və orta ixtisas təhsilinin bir şöbədə birləşməsi isə mümkündür.

Nazirin əmri ilə Lisenziyalaşdırma və akkreditasiya sektorunun Normativ-hüquqi təminat sektoru adlandırılması da doğrudur. Çünki nazirliyin nəzdində Akkreditasiya adlanan sektorun olması düzgün deyil. Akkreditasiya müstəqil qurumlar tərəfindən həyata keçirilməlidir. Bu Azərbaycan ali məktəblərinin qoşulduğu Boloniya razılaşmasının əsas şərtlərindən biridir.

Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun adının dəyişdirilərək, İctimaiyyətlə əlaqələr sektoru adlandırılması da doğrudur.

Bu qurum QHT və KİV-lərlə normal iş qura bildi və təhsil sistemində uzun illər hökm sürən qapalı mühiti dağıtdı. Məncə adın dəyişməsinə baxmayaraq, bu sektor yenə də işinin öhdəsindən layiqincə gələ biləcək”.

Təhsil eksperti həmçinin Mikayıl Cabbarovun əmri ilə İlham Nağıyevin İnsan resursları şöbəsinə müdir təyin olunmasına da münasibət bildirib. “Mən bu təyinatı müsbət dəyərləndirirəm. Bilirsiniz, indiki dövr qabiliyyətli gənclərin dövrüdür. 50 yaşından yuxarı kadrların çoxunda xətti təfəkkür formalaşıb. Və onların çoxu müxtəlif adamların tabeçiliyində çalışıblar. Artıq dərkənarlara uyğun məktublar hazırlayıb işin öhdəsindən gəlməyi zənn etmək və bunun müqabilində özünü ağıllı göstərmək dövrü bitib. Yaxşı təhsil görmüş və mütəmadi olaraq ideya ortaya qoyan gənclik isə belə deyil. Onlar həmişə axtarışda olurlar. Son 3 ildə nazirliyə xeyli sayda istedadlı gənclər işə cəlb olunub. Mən təhsil eksperti kimi bunu alqışlayıram”.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol